Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | TARİX | Elm aləminin şahı

Elm aləminin şahı

image Tusinin fəaliyyətini əks etdirən miniatür

«Dinin və xalqın köməyi, elm aləminin şahı. Zəmanə anası hələ belə bir oğul dünyaya gətirməyib».

Elm və mədəniyyət tarixinə adı qızıl hərflərlə qeyd olunmuş əslən Həmədandan olan bu alimin adını eşitməmiş bir azərbaycanlı tapılmaz. Onun qəbri İraqın Kazimeyn şəhərindədir, İslam peyğəmbərinin nəvəsi İmam Musa Əl-Kazımın (ə) qəbrinin yanında dəfn edilib. Ömrünün son ilində, 73 yaşında müqəddəs ziyarətgahları ziyarət etmək üçün yola düşür və səfər zamanı dünyasını dəyişir. Başdaşının üzərində bu sözlər yazılmışdır: «Dinin və xalqın köməyi, elm aləminin şahı. Zəmanə anası hələ belə bir oğul dünyaya gətirməyib».

Bu başdaşının sahibi riyaziyyat, astronomiya, triqonometriya, fizika, kosmologiya, minerologiya, fəlsəfə, teologiya, məntiq, tarix, coğrafiya, sosiologiya, hüquq, etika, biologiya, tibb, musiqi nəzəriyyəsi, ədəbiyyatşünaslıq, poeziya, elmşünaslıq sahələri üzrə elm və mədəniyyət tarixində silinməz izlər buraxan universal zəkalı alim və dərin etiqadlı mömin Nəsirəddin Tusidir.

Xacə Nəsirəddin Tusi kimi məşhurlaşmış Əbu Cəfər Muhəmməd ibn Muhəmməd ibn Həsən Tusi 1201-ci ildə  İranın Tus vilayətində anadan olmuşdur. Atası Muhəmməd ibn Həsən Tusun görkəmli fəqihlərindən olub. Mənbələrdə  görkəmli tarixçi Rəşidəddinin tədqiqatlarına əsaslanıb, alimin əslən həmədanlı olduğunu söyləmişlər.

Tusinin həyatı, xüsusilə cavanlıq dövrü böyük məşəqqətlər içində keçmişdir. Onun sosial görüşləri; ideal cəmiyyət və dövlətçilik haqqında baxışları dövrün zülmkar hakimlərinin xoşuna gəlmirdi. «Təcrid» adlı əsərində qeyd etdiyi fikirlərə görə alim abbasi xəlifəsi Müstəsimin qəzəbinə gələrək, 1246-cı ildə həbs edilir və dövrün ən dəhşətli qalalarından sayılan Ələmut qalasına salınır. Burada alim 12 il əzab içində yaşayır və yalnız 1258-ci ildə monqol sərkərdəsi Hülaku xanın hücumu ilə qala alındıqdan sonra azadlığa çıxır. Çox qəribədir ki, Tusi «Şərhul-İşarat»,  «Meyarul-Əşar», «Təhriril- Öqlidis» kimi dahi əsərlərini məhz həbsxana şəraitində yazmışdır. Sonralar əsrlərlə Qərb və Şərq universitetlərində tədris olunan və hələ də orijinallığını itirməyən bu qiymətli əsərlərin zindanlarda yazılması ağlasığmayan dərəcədə təəc- cüblüdür. «Şərhul-İşarat» kitabının sonluğunda alim belə bir qeyd yazmışdır: «Mən bu kitabı elə bir şəraitdə tərtib etdim ki, zəbaniyyələr üstümdə cəhənnəm odunu yandırır və üzərindən də qaynar su tökürdülər».

N. Tusinin yaradıcılığı  çox böyük sahəni əhatə edir. Elə bir elm sahəsi yoxdur ki, alim o sahəyə baş vurmasın və o elmin tarixində dəyərli izlər buraxmasın. Onun təbiət elmləri sahəsində etdiyi kəşflər 400 il sonra avropalılar tərəfindən yenidən kəşf olunmuş və çox təəssüflər olsun ki, bu kəşflər elm tarixinə əsl müəllifinin adı ilə deyil, onların adı ilə yazılmışdır. Alman alimi Lambertin, italyan alimi Sakkerinin və fransız alimi Leyandrın adına yazılan paralellər nəzəriyyəsinin kəşfi əslində N. Tusiyə məxsusdur. Bu gün «həndəsənin nüvəsi» adlandırılan «Lobaçevski kəşfi»nin əsasında isə Tusinin «Təhriril- Öqlidis» əsəri dayanır. Lobaçevski Qeyri-Evklid həndəsəsini Mirzə Kazım bəyin məhz onun özünün (Lobaçevskinin) xahişi ilə rus dilinə çevirdiyi Tusinin əsərini oxuduqdan sonra yaratdı. Belə ki, dahi riyaziyyatçı alim bu əsərində Evklidin 5-ci postulatını, yəni iki paralel xəttin fəzada kəsişməsini sübut etmişdir.   

Bu gün Həndəsə dərsliklərində həndəsənin əsası sayılan triqonometriyanın banisi- nin alman alim Reqiomontan olduğu yazılır. Halbuki, həndəsəyə tangens, kotangens, sekans, kosekans kimi anlayışların gətirilməsi Reqiomontandan 450 il əvvəl Əbdülvəfa Buzcaninin əmə- yi olmuşdur. «Sinuslar teoremi»nin və «tangenslər teoreminin» isbatını isə ilk dəfə Nəsirəddin Tusi vermişdir. Bu teoremlər haqda məlumat alimin «Şəklül-Qita» əsərində təfsilatilə verilmişdir. Məsələnin həqiqət olması o qədər aydındır ki, Qərbin bir sıra elm tarixinin tədqiqi ilə məşğul olan alimləri belə bunu etiraf etmişlər. Şərqdə riyaziyyatın və astronomiyanın tarixinin tədqiqi ilə məşğul olan alman alim Henri Züter Reqiomontanın Tusinin tarixi haqqını oğurlayan bir adam olmasını yazır. Araşdırmalar nəticəsində məlum olub ki, 1453-cü ildə türklərin əlinə keçmiş Konstantinopoldan Venesiyaya gətirilmiş əlyazmalar Reqiomontanın əlinə keçmişdir. Braunmühl isə «N. Tusi və Reqiomontan» əsərində triqonometriyanın banisinin məhz N. Tusi olduğunu etiraf edir. Amma bununla belə, tədqiqatçı dünyada qəbul olunmuş informasiyanın dəyişdirilməsinə ehtiyac olmadığını bildirir.

Bundan daha böyük faciə isə Amerikanın kəşfi məsələsi üzərindədir. Bu gün Qərbdə, yaxud Şərqdə dərc olunmasına baxmayaraq bütün elmi ədəbiyyatlarda Amerikanın kəşf olunması XV əsrin sonlarına aid edilir. Amma həqiqət budur ki, coğrafiya elmində inqilab sayılan bu kəşfin imzasını məhz Nəsirəddin Tusi 1270-ci ildə qoyub. Nəsirəddin Tusi riyazi hesablamalar yolu ilə materikin koordinatlarını müasir hesablamalarla müqayisədə 1 dərəcə xətaya yol verməklə müəyyənləşdirmişdi. Düzdür, Tusinin əsərlərində bu materik müəyyən bir adla qeyd olunmayıb. Amma bu, danılmaz faktdır ki, o, başlanğıc meridianını hal-hazırda sıfır meridianı sayılan Qrinviçdən deyil, ondan 36-37 dərəcə qərbdə yerləşən «Səadət adaları»ndan hesablamışdır. Bu isə, Cənubi Amerikanın şərq sahilində yerləşən San-Roke burnuna təsadüf edir. Bu tarixi faktın meydana çıxması onu sübut edir ki, Amerikanı hansısa Kolumb qənimət dalınca Hindistan axtarışında olarkən təsadüf nəticəsində yox, Nəsirəddin Tusi elmi tədqiqatlar yolu ilə kəşf etmişdir. Necə acınacaqlı haldır ki, bu gün dünyanın heç bir yerində, hətta Tusinin öz vətəni olan müsəlman ölkələrində belə bu həqiqət nə tədris vasitələrində, nə də elmi ədəbiyyatlarda qeyd olunmur.

Əlbəttə ki, N. Tusinin elmin inkişafında göstərdiyi xidmətlər qeyd olunanlarla bitmir. N. Tusi elm aləminə orta əsrlərdə analoqu olmayan daha bir misilsiz töhfə vermişdir. Bu,  1259-cu ildə dahi alimin təşəbbüsü ilə astronomiyanın inkişafında çox böyük xidmətləri olan Marağa rəsədxanasını təsis etməsidir. Bu rəsədxananın tikilməsi barədə maraqlı bir əhvalat söylənilib. Rəsədxana yaradılması 20 min dinar miqdarında pul tələb edirdi ki, Hülaku xan belə böyük məbləğdə pulun bu məqsədlə qoyuluşuna razılıq vermirdi və deyirdi: Məgər ulduzlar haqqında elm elə faydalıdır ki, bu qədər pul xərcləyək? Tusi dedi: Hökmdar, izn verin, bir nəfər dağa qalxıb, oradan boş bir tası yerə atsın, amma bunu elə eləsin ki, heç kəs xəbərdar olmasın. Elə də edirlər. Tas daş-qayadan aşağı yuvarlananda qorxulu səslər çıxarır. Camaat hamısı vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birgə sakitcə oturub, camaat içində yaranan çaxnaşmanı izləyirlər. O, xana deyir: Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən narahat deyilik, camaat isə bunu bilmədiyindən həyəcan içindədir. Əgər biz göydə baş verən hadisələrin mahiyyətini qabaqcadan bilsək, beləcə asudə oturub yaşaya bilərik. Bu sözlər Hülaku xana elə təsir edir ki, dərhal rəsədxananın tikilməsi əmrini verir. Beləcə astronomiya tarixində böyük inqilabi kəşf- lərin edildiyi Marağa rəsədxanası təsis olundu.

Rəsədxananın nəzdində 400 000 kitab saxlanan kitabxana və bu mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlıdır ki, rəsədxanada müsəlmanlarla birgə xristian, buddist, nestorian və iudaist alimlər də çalışırdılar. Tusi rəsədxanadakı müşahidələrinə əsaslanaraq, planetlərin orta sutkalıq hərəkətini müasir hesablamalarla müqayisədə 0,002 saniyə xəta ilə, astronomik hesablamalarda istifadə olunan digər bir parametrin – presessiyanın qiymətini isə cəmi 0,14 saniyə xəta ilə vermişdir. Tusinin yaradıcılığında mühüm yer tutan əsərlərdən biri onun tərtib etdiyi coğrafi kataloqdur ki, orada Şərq yarımkürəsində yerləşən 256 məntəqənin koordinatları əks olunmuşdu. Amerikanın kəşfini gös- tərən dəlillər də məhz bu kataloqda yerləşdirilmişdir. Bundan başqa Tusinin rəhbərliyi ilə alimlər müəyyən ediblər ki, okeanlarda və dənizlərdə fırtınalar, qasırğalar, sunamilər Ay dövriyyəsinin fəsadlarıdır. Bu fakt sonralar dəniz səyyahlarının çox karına gəlib və səyahətlərin vaxtını müəyyənləşdirdikdə məhz buna əsaslanıblar.

Marağa rəsədxanası Şərqdə ilk akademiya hesab oluna bilər. Çünki o zamana qədər alimlərin bu şəkildə kollektiv çalışmaları olmamışdı. Rəsədxanada 100-ə yaxın alim çalışırdı ki, onlar alimin səyi nəticəsində xəzinədən maaş alırdılar və bütün fəaliyyətlərini elmi istiqamətdə cəmləşdirmişdilər. Bu rəsədxana öz həcminə görə orta əsrlərdə Şərqdə tikilmiş bütün digər rəsədxanaları geridə qoyur. Orada çalışan alimlərin elmi fəaliyyətləri və astronomik müşahidələri «Zic-Elxani» adlı 4 cildli kollektiv əsərdə cəmləşdirilib. Bu kitablarda müxtəlif xalqların təqvimləri və onların bir-birinə çevrilmələri qaydaları, ulduzların hərəkəti və onların ekliptik koordinatları, sferik triqonometriyanın əsasları, sinus və tangenslərin cədvəlləri, Yerdə məntəqələrin koordinatları və astrologiya məsələləri şərh olunmuşdur. Böyük alim vəfat etdikdən sonra uzun müddət rəsədxanaya oğlu Sədrəddin Əli rəhbərlik etdi və bu dövrdə rəsədxana alimləri Tusinin astronomik tədqiqatlarını davam etdirdilər.

Marağada olmuş XIII əsr Suriya tarixçisi Bar-Ebreyn böyük alim barəsində belə yazır: «Elmin bütün sahələrində gözəl bilici, əsl riyaziyyat xəzinəsi olan Nəsir Tusini mənə təqdim etdilər. O, müşahidələr aparmaq üçün astronomik alətlər kəşf etmiş, misdən hazırlanmış böyük pərgarlar düzəltmişdi. O, planetlərin hərəkətini müşahidə edib, qeydə almaqdan ötrü İsgəndəriyyəyə getmişdi. Marağada müxtəlif ölkələrin alimləri onun başına toplaşmışdılar. Bağdadın və Suriyanın sayılan ailələrinin və məscidlərinin əksəriyyəti onun nüfuzuna tabe idi və o, rəsədxanada işləyən alimlərin maaşını onlardan alırdı».

Bu kiçik yazımız Tusi yaradıcılığını əhatə etmək üçün çox zəif olsa da, bu dahi Azərbaycan aliminin nə qədər böyük şəxsiyyət olduğunu başa düşmək üçün kifayət edər. Bəlkə də bütün müsəlman aləmində Tusi qədər elmin inkişafına xidmət göstərmiş ikinci şəxs yoxdur. Amma Tusi qədər tarixi haqqı tapdanmış olan ikinci alim də yoxdur. Çox böyük zəhmətlər bahasına, həbsxanalarda, sürgünlərdə min bir zəhmətlə tapıb meydana çıxartdığı elmi kəşflər bu gün başqalarının adına çıxılır. Amma nə yaxşı ki, heç olmazsa alimin qəbri üzərində onun həqiqi qiymətini verən  sözlər tarixin  yaddaşın- dan silinməmişdir: «Elm aləminin şahı. Zamanın anası hələ belə bir övlad doğmayıb».

 

Hüseyn Abbasov

 

Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az