Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | TARİX | Nizami Gəncəvi

Nizami Gəncəvi

image

Onun barəsində kitablar yazılmasa da, xalq onu yaşatdı

Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.

(Nizami, “Leyli və Məcnun”)
 
 
 
Səlcuqların Azərbaycanı fəth etməsindən bir əsr ötürdü. Azərbaycan ərazisi müstəqil Şirvanşahlar dövləti ilə Səlcuq imperiyasının tərkibində olan Eldəgiz atabəyliyi arasında bölünmüşdü. Şərqin ən iri elm və mədəniyyət ocaqlarından biri Gəncə də Azərbaycan Atabəylər dövlətinin tərkibində idi. Gəncə Aran vilayətinin paytaxtı sayılırdı.

Təvəllüdü

1141-ci il. Gəncə. Qum şəhərindən Gəncəyə köçmüş Yusif ibni Zəki adlı məmurun (bəzi mənbələrdə sənətçinin) və Gəncənin qədim hökmdarları - Şəddadilərin nəslindən olan Rəisə adlı nəcib bir xanımın ailəsində oğlan uşağı dünyaya gəlir. Uşağın adını İlyas qoyurlar. Uşaq ikən valideyinlərini itirən İlyas dayısının himayəsinə verilir. Gəncənin adlı-sanlı sakinlərindən olan Hacə Ömər bacısı oğluna layiqli təhsil verir. Uzun müddət İlyas Quran təfsiri, fiqh, hədis, hikmət və irfanla yanaşı kimya, astronomiya, astrologiya, riyaziyyat, botanika, tibb, tarix, coğrafiya, əbcəd, musiqi və rəssamlığı öyrənir. İslam dini ilə yanaşı o, zərdüştlük, xrsitianlıq və yəhudilik barədə də dərin biliklərə malik idi. Məhz bu cür elminə görə ona “həkim” deyə müraciət edirdilər. Gənc yaşlarından özündə istedad hiss edən İlyas “Nizami” ləqəbi ilə şer yazmağa başlayır. Eyni zamanda da Nizami zahidanə həyat tərzi sürür, mənəvi məqamı ilə məşhur olur. Ona görə bu dahi şair barədə yazılan ilk bioqrafik əsərdə Cami onu yarıməfsanəvi, fövqəladə bacarıqlara malik olan bir şeyx kimi təsvir edir.

İctimai-siyasi durum

Bu arada Azərbaycan torpaqlarında çox mühüm proseslər baş verirdi. Eldəgiz sülaləsindən olan Azərbaycan atabəyləri öz soyunu türk tayfalarından götürürdü. Lakin onlar Səlcuqlar kimi qədim İran mədəniyyətinin qorunmasının tərəfdarı olduğundan, türk dili nə dövlət işlərində, nə ədəbiyyatda, nə də elmdə istifadə olunmurdu. Kəsrani sülaləsindən olan Şirvanşahlar da özlərini qədim İranın Sasani şahənşahlarının nəslindən saydığından fars dili ölkədə rəsmi statusa malik idi. Lakin Səlcuqların fəthi nəticəsində ölkəyə çoxlu sayda oğuz tayfaları köçürülürdü və əhali tədricən türk dilini mənimsəyirdi. Azərbaycan türkcəsi dil kimi formalaşmağa başlayırdı. Digər cəhətdən də Atabəylər, Şirvanşahlar və Gürcüstan dövlətləri arasında müharibələr gedirdi. Vəziyyəti gərginləşdirən məzhəblərarası ixtilaflar idi. Beləki, Azərbaycan əhalisinin əksəriyyəti şiə təriqətinə mənsub olduğuna görə Səlcuq və Şirvanşah məmurları tərəfindən sıxışdırılırdılar. Şiə əhalisi isə buna dözməyərək tez-tez üsyan edirdi. Hələ sultan Alp-Arslan bu ixtilaflara son qoymaq üçün Məşhəddə imam Rzanın (ə) məqbərəsini ziyarət etmişdi ki, şiələrə olan ehtiramını izhar etsin. Şirvanşahlar isə bu məqsədlə Bakıda Həzrət Fatimeyi-Həkimənin (Bibi-Heybət) məzarı üzərində böyük məqbərə inşa etmişdilər. Vəziyyət nisbətən səngisə də bir sıra nüfuzlu şiə şeyxləri təqiblərə məruz qalırdı, bəzən isə onlar öz əqidələrini gizlətmək məcburiyyətində olurdu (Nizami də bu sıradan olan alimlərdən idi ki, özü şeirlərində buna işarə edirdi). XII əsrin müsəlman aləmi üçün bir əhəmiyyəti də var idi – elmi və mədəni intibah məhz bu əsrdə öz pik nöqtəsinə çatmışdı. Azərbaycan hökmdarları böyük elmi mərkəzlər, kitabxanalar, məktəblər inşa etdirir, Azərbaycan alim və şairləri isə Bağdad, Dəməşq, Qahirə, İsgəndəriyyə kimi ən iri müsəlman şəhərlərində şan-şöhrət qazanırdılar. Nizaminin həməsrləri olan Şəhabəddin Sühraverdi və Əfzələddin Xaqanini qeyd etmək elə kifayətdir.

Hadisələrin mərkəzində

Bütün bu hadisələrin cərəyan etdiyi coğrafi məkanın mərkəzində də yüz minlik əhalisi olan Gəncə dururdu. O zaman inkişafına görə Gəncə ilə rəqabət apara biləcək yeganə şəhər Təbriz idi. Lakin həm gürcülərin hərbi yürüşü, həm zəlzələlər nəticəsində şəhər böyük itkilərə məruz qalmışdı. Buna baxmayaraq, XII əsrin ortalarında Gəncə öz əzəmətini bərpa edə bildi. Nizami də Gəncənin məhz çiçəkləndiyi bir dövrdə yaşayırdı. Gənc yaşlarından Fidovsinin “Şahnamə”sinə vurulan şair dahi fars şairi kimi qəhrəmanları vəsf edən bir əsər yaratmaq niyyətinə düşür. Həmçinin gənc şair Qurqaninin “Vis və Ramin” əsərindəki romantika, Sənainin “Həqiqətlər bağı” poemasındakı irfana valeh olur. Bu məqsədlə o, öz məşhur “İsgəndərnamə”, “Yeddi gözəl” və “Xosrov və Şirin” poemalarını yazır ki, onlar öz nəfisliyi ilə hətta Fordovsinin şah əsərini kölgədə qoyurlar. Öz məşhur “Xəmsə”sinin ilk poeması – “Sirlər xəzinəsi”ni şair 23 yaşında yazır. Bundan əlavə çoxsaylı qəzəl və qəsidələr də Nizamiyə şöhrət qazandırırdı. Dərbənd hakimi Dara Müzəffərəddin şairə öz ehtiramını bildirmək üçün ona Afaq adlı bir kənizi hədiyə edir. . O, qıpçaq şahzadəsinin əsir götürülmüş qızlarından biri idi. Təqribən 30 yaşlı İlyas Afaqı azad edib onunla ailə qurur. Afaqla evlilikdən Nizaminin Məhəmməd adlı oğlu dünyaya gəlir və bundan sonra hörmət əlaməti olaraq şairə künyə ilə, yəni Əbu Məhəmməd deyə müraciət edirlər.

Şirvanşahlar və Eldəgizlər digər müsəlman hakimləri kimi elm və incəsənətə böyük önəm verdiyinə görə ölkənin məşhur alim və şairlərini saraylarına dəvət edirdilər. Nizami də bu cür dəvətlər alırdı, lakin həmişə dəvətlərə rədd cavabı verirdi. O, saray şairi olmaqdan, hakimlərə mədh yazmaqdan, dövlət ideologiyasına xidmət eyməkdən imtina edir və zahidanə, azad həyat sürməyi üstün tuturdu. Bəlkə, ondan rədd cavabı alan hökmdarları qəzəbləndirməmə, bəlkə də nəsihət etmək üçün şair bir sıra əsərlərini dövrünün məşhur şah və sultanlarına ithaf edirdi. Şirvanşah Mənuçöhrün oğlu Ahsitana “Leyli və Məcnun”u yazandan sonra, həkim Nizami şahzadəyə tövsiyə edirdi ki, əsərdəki hikmətli sözləri yadda saxlasın. Öz növbəsində, hökmdarlar da şairə övliya gözü ilə baxdığına görə onun rədd cavablarına səbrlə yanaşırdılar. Hətta atabəy şairi təkidlə sarayına dəvət etdikdən sonra görəndə ki, müsbət cavab almayacaq, şairə beş min dinar və on dörd kənd hədiyyə edir. Şairin həyatından yadda qalan maraqlı məqamlardan biri də, onun xanımlarının vəfatıdır. 38 yaşında ikən “Xosrov və Şirini” başa vurarkən Afaq həyatdan köçür. Ondan sonra Nizami iki dəfə ailə qurur və hər poemasını bitirəndə xanımları vəfat edirdi.

Şeirdə yeni nəfəs

Şairin yaradıcılığına gəldikdə isə, ilk növbədə qeyd olunmalıdır ki, Nizami farsdilli ədəbiyyata böyük yenilik gətirmişdi. Azərbaycan türkcəsi hələ təzə formalaşmağa başladığından bu dildə şeir yazmaq olduqca çətin idi. Amma buna baxmayaraq, bəzi tədqiqatçıların fikrincə, Nizami türk dilində bir neçə şeir yazıb. Hər halda, şair əsasən fars dilində yazıb. Şairin əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdi. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatıb. Həm şifahi xalq ədəbiyyatına, həm tarixi sənədlərə müraciət edən Nizami orta əsr farsdilli ədəbiyyata yenilik gətirdi. Danışıq dilini və realist üslubunu Şərq ədəbiyyatına ilk gətirən məhz bu dahi oldu. Nizaminin şeirlərində yeni metaforalar, idiomlar və neologizmlər də var idi. Şairin aforizmləri tədricən atalar sözünə çevirilirdi. Onun əsərlərinin epik janrda yazılmasına baxmayaraq, irfani mövzularla zəngin idi. İran və Azərbaycan ərazisində yaşayan xalqların İslamdan öncə və sonrakı tarixini məharətlə birləşdirən alim qədim xalqların mədəni irsinin qorunmasında müstəsna xidmət göstərib. Leyli və Məcnun, Xosrov və Şirin kimi xalq qəhrəmanları onun sayəsində ölməzlik əldə etdilər. Odur ki, ondan sonra fars dilində yazan İran, Azərbaycan, Anadolu, Əfqanıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan şairləri uzun əsrlər boyu Nizami dühasından ilham alırdı. Bəziləri onun kimi “Xəmsə” yaratmağa, bəziləri isə onun ləqəbi ilə yazmağa çalışırdı. Onun şeirləri İslam dünyasının bütün Şərqində dillər əzbəri idi. Şeir sənətinin şahı sayılan Hafiz, Cəlaləddin Rumi və Səədi Nizami yaradıcılığından bəhrələnirdilər.

Şairin bütün müsəlman aləmində şöhrət tapmasına baxmayaraq, o bir dəfə də olsa Gəncəni tərk etməmişdi. Burada dünyaya göz açdı, burada da vəfat etdi. 1209-cu ildə, təqribən 68 yaşında ikən Nizami dünyasını dəyişdi və doğma şəhərindəcə torpağa tapşırıldı. Onun həyatı, doğum və vəfat tarixi barədə dəqiq məlumat yoxdur. Bütün tarixlər qeyri-dəqiqdir. Nizaminin bioqrafiyasını yalnız XIX əsrdə avropalılar ciddi araşdırmağa başladırlar. Şair barədə müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə yazılan məqalələri toplayıb, müqayisə edib təxmini tarix yazmaq mümkün olub. Bu səbəbdən, Nizaminin əlyazmaları məşhur Avropa muzeylərində saxlanılır. Müsəlman tarixinin bir rəzaləti də son üç əsrdə öz mədəni irsinə əhəmiyyətsiz yanaşması və tarixi sərvətlərinin başqaları tərəfindən talan edilməsinə göz yummasıdır. Məsələni çətinləşdirən amillərdən biri də, şairin şerlərinin onun ölümündən təqribən bir əsr sonra nəşr olunmasıdır, özüdə bir çox hallarda həmin əsərlər naşirlərin ideoloji süzgəcindən keçirilirdi. Bəlkə də şeyx Nizaminin möcüzəsi elə bundadır ki, onun barəsində kitablar yazılmasa da, xalq onu yaşatdı. 

Hüseyn Abbasov
Salaminfo.az


  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az