XIX əsrdə Amerikada dini savaşlar
Hələ yüz il öncə katolik və ya mormonun prezidentliyə namizədliyini irəli sürməsi təsəvvürolunmaz idi
Son illər Amerikada baş verən daxili siyasi proseslər hamını təəccübləndirir. Vaxtı ikən hesab olunurdu ki, qaradərili ABŞ prezidenti yalnız fantastik kinolarda ola bilər. Obama bu mifi dağıtdı. İndi isə seçkiqabağı kampaniyada respublikaçı namizədlər arasında liderlik mormon Mitt Romniyə, “katolik missioneri” ləqəbi ilə məşhur Rik Santorum və katolikliyi qəbul edən baptist Nyut Ginqriçdir. Hələ yüz il öncə nəinki mormonun (protestantlar onları xristian saymırlar), hətta katolikin və ya qeyri-anqlosaksonun prezidentliyə namizədliyini irəli sürməsi təsəvvürolunmaz idi. O zamankı anqlosakson-protestant cəmiyyəti İtaliya və İrlandiyadan mühacirət etmiş katolikləri “əsl amerikalı” hesab etmir, bəzən onları linçləyirdilər. ABŞ-da dini zəmində qarşıdurmaların pik nöqtəsi XIX əsrin ortalarına təsadüf edir. O zaman Amerika küçələrində bir təriqətin nümayəndələri başqa təriqətin nümayəndələrini döyür, qovur, onlara məxsus kilsə və monastırları yandırırdı.
Yevangelistlər dövləti
Xristofor Kolumb Yeni Dünyanı kəşf etdikdən sonra, Avropanın ən güclü donanmasına malik dövlətləri yeni torpaqlarda müstəmləkə yaratmağa başladılar. Hazırkı ABŞ ərazisinə ayaq basan ilk avropalı Con Kobat idi. Əslən italiyalı, lakin ingilis taxt-tacına xidmət edən dənizçi və tacir Kobat gələcəkdə Yeni İngiltərə (müasir ABŞ-ın Şimal-Şərqi əraziləri) adlanacaq torpaqları kəşf etdi. Bu zamandan etibarən İngiltərə Şimali Amerikadakı müstəmləkələrini genişləndirməyə başladı. Yerli hinduların öz torpaqlarından qovulması üçün müstəmləkə boyunca hərbi düşərgələr salınır, daha sonra isə yeni şəhərlər tikilirdi. İngilislərlə yanaşı Şimali Amerika ərazilərinə İspaniya, Fransa və Niderland da böyük maraq göstərirdi. Lakin yeni müstəmləkələrin gələcəyində önəmli rolu məhz İngiltərə oynayacaq.
Avropada, ələxüsus İngiltərədə təqiblərə məruz qalan protestant təriqətləri Avropada dinlərini yaya bilməyəcəklərini anladığından onlara yeni imkanlar verəcək Yeni Dünyaya köç etməyə başladılar. Özlərini Firon tərəfindən Misirdən qovulub Allahın yadımı ilə Fələstinə gələn Bəni-İsrailə bənzədən protestantlar qeyri-rəsmi olaraq Şimali Amerika müstəmləkələrinə Yeni İsrail, özlərinə isə Bəni-İsrail deyirdilər. Yeni dünyada nə onlar kiməsə mane olurdu, nə də kimlərsə onlara. Odur ki, İngiltərə müxalifət yönlü protestantların ölkədən müstəmləkəyə köçməsinə şərait yaradırdı. Burada müxtəlif protestant təriqətlərinə məxsus şəhər və qəsəbələr salınırdı ki, həmin təriqətlərin çoxu yevangelist cərəyanına birləşirdi. Yevangelistlərin əsas özəlliyi onların Tanrı tərəfindən həqiqi xristianlığı yaymaq üçün seçilmiş olmalarına etiqadları idi. İki əsr Yeni İngiltərə Britaniya krallarına tabe olsa da, 1773-cü ildən başlayaraq müstəmləkələr metropoliyadan iqtisadi güzəştlər tələb etməyə başladılar. İqtisadi tələblərin siyasi tələblərə çevirilməsi ilə 1775-1783-cü illərdə Amerikada müstəqillik savaşı baş verdi. Öz ilahi müqəddəratına inanan gənc yevangelist dövləti tədricən ətrafındakı fransız, holland, ispan və digər ingilis müstəmləkələri hərb və pulla ələ keçirərək böyük bir dövlətə çevirilirdi. Amerikalılar inanırdılar ki, onları Yeni Dünyaya gətirən İlahi müqəddərat onlardan Allahın qanunları ilə idarə olunan yeni denya yaratmağı tələb edir. Bu dini baxışlar 1823-cü ildə prezident Monro doktrinasının qəbuluna böyük təsir etmişdi. Həmin doktrinaya əsasən, Avropa fövqəldövlətlərinin ABŞ-ın Yeni Dünyadakı hegemonluğuna mane olmaması üçün ABŞ Qoca Qitənin problemlərinə qarışmamalı idi. İkinci dünya müharibəsinə kimi, Monro doktrinası ABŞ xarici siyasətinin ana xəttini təşkil edirdi.
Katolik mühacirlər
Hələ XIX əsrin əvvəllərində Amerika milli və dini baxımdan monolit idi. Cəmiyyət əsasən anqlosakson-protestantlardan ibarət idi. Lakin 1830-cu illərdə vəziyyət dəyişir. Bir tərəfdən ölkədə mormonizm yaranır və yayılır. Beləki, 1830-cu ildə yaranan mormon təriqətinin 1844-cü ildə 20 min, 1857-ci ildə isə - 150 min üzvü var idi. Digər tərəfdən isə, Avropanın katolik ölkələrindən mühacir axını başlamışdı. Əgər 1820-ci ilə kimi Avropadan hər 10 ildən bir 60 min insan gəlirdisə, 30-cu illərdə bu göstərici 600 mini haqlamışdı. Bu zaman kəsimində əhalinin sayı 17 milyon idi. 1841-50-ci illərdə 80 faizi katolik olan mühacirlərin sayı 1,7 milyonu keçmişdi. Artıq 1850-ci ildə ölkənin ən iri təriqəti katolisizm idi.
Ağdərili amerikalılar bu tendensiyanı mənfi qarşılayırdılar. Çünki, onlar XVI-XVII əsrlərdə Avropada katoliklərin təqiblərindən qaçan protestantların nəticələri idi. Hesab olunurdu ki, katoliklərin köç etməsi Roma Papasının əvvəlcədən hazırlanmış planıdır ki, amerikalıların ən müqəddəs saydıqları – azadlığı əllərindən alsın və Avropa kimi öz tabeçiliyinə keçirsin. Axı Roma Papası onlar üçün hələ də Firon misalında idi. O zaman məşhur karikaturist Tomas Nast katolikləri Kapitoli binasına hücum edən qorxunc timsah kimi çəkmişdi. Özüdə timsahların ağzı katolik keşişlərinin taxdığı ikitirəli papaq (mitra) şəkilində çəkilmişdi. Timsah-katoliklərin yanında isə tısbağalar da Kapitoliyə hücum edirdilər. Tısbağalar marmonlar kimi Şərqi Amerikada yaşadığına görə, rəssamın bununla nə demək istədiyini anlamaq olar. Hər halda, vətənpərvər amerikalıları mormonlardan daha çox sayca hamını üstələyən katoliklər narahat edirdi. Hadisədən yüz ildən çox ötməsinə baxmayaraq katoliklər protestanlara karikaturanı bağışlamayıblar. 2011-ci ilin dekabrında Nyu-Cersi ştatında yaşayan katoliklər Tomas Nastın ştatın Şərəf zalında büstünün qoyulmasına etiraz etmişdilər.
İlk qarşıdurma
Qayıdaq XIX əsrə. ABŞ-da dini zəmində baş verən ilk qarşıdurma 1830-cu illərin əvvəllərində baş verdi. Atlantika sahillərindəki liman şəhərlərində protestantlar İrlandiya mühacirlərinə hücum edirdilər. İlk iğtişaşlara səbəb 1834-cü ildə Boston yaxınlığındakı katolik rahibələrinə məxsus monastırın yandırılması oldu. Deyilənə görə, şəhər sakinlərindən birini monastırda məcburən rahibə etmişdilər. Meri bacı adlı həmin qadın monastırdan qaçıb Bostona gəlmiş, orada başına gələnləri anlatmışdı. Guya, monastırın baş rahibəsi və katolik yepiskopu həmin rahibəni Bostonda tutub yenidən monastıra qaytarmışdılar. Bundan sonra Bostondakı protestantlar bütün şəhərə katolikləri yerinə otuzdurmağın gərəkliyini aşılayan plakatlar asdılar. Deyilirdi ki, rahibələr gənc qızları monastıra gətirib zirzəmidə saxlayırlar. Protestan pastoru Liman Biçer (yazıçı Henrietta Biçer-Stounun atası) şəhərin üş kilsəsində xütbə ilə çıxış edərək əhalini ədaləti bərqərar etməyə çağırdı. Gələn günü minlərlə insan özlərini hindular kimi bəzəyərək (“Boston çay qonaqlığı”nda olduğu kimi) monastıra hücum edib yandırdılar. Xoşbəxtlikdən, rahibələr sağ qaldılar.
“Bibliya üsyanı”
Bundan daha qanlı olaylar 1844-cü ildə Filadeldiyada “Bibliya üsyanı” adı altında baş vermişdi. Filadelfiya irlandların ən çox köç etdiyi şəhərlərdən biri idi və 1830-40-cı illərdə Amerika katolisizminin mərkəzinə çevirilmişdi. XIX əsrin ortalarında şəhərdə katolik icmasının sayı 32 mindən 170 minə qədər artmış, katolik kilsələrinin sayı isə 22-dən 92-yə qədər çoxalmışdı. 1842-ci ildə şəhərin yeni katolik yepiskopu Frensis Kenrik şəhər rəhbərliyinə müraciət edərək, katolik uşaqların məktəblərdə protestant Bibliyasını oxutdurmamağı xahiş etmişdi. Məsələ orasındadır ki, protestantlarla katoliklər arasında Bibliyanın bəzi hissələrinin vəhydən qaynaqlanmasına dair ixtilaflar var. Təbii ki, yepiskopun bu müraciəti protestantlar arasında narazılıqla qarşılandı. Onu da nəzərə alsaq ki, Nyu-Yor ştatının şəhərlərinin birində katoliklər protestant Bibliyasını yandırmışdılar, narazılığın hiddətə çevirilməsi qaçılmaz oldu. Beləliklə də, protestantlar “protestant Bibliyası bütün məktəblərdə təhsilin əsasında durmalıdır” və “katolik dini ölkə üçün təhlükəlidir” şüarları ilə küçələrə çıxdılar. 3 gün davam edən atışma və bıçaqlaşmanın qarşısını yalnız ordu ala bildi.
Ardı kəsilməyən faciə
1853-cü ildə Roma Papasının Braziliyadakı nunsisi (səfiri) ABŞ-a səfər edərkən Boston, Baltimor, Vilinq, Sent-Luiz və Sinsinnatidə çoxsaylı nümayişlər təşkil olunmuşdu. Sinsinnati kilsələrinin birində dini ayin icra edən nunsiyə əlində məşəl olan 600 nəfər protestant hücum etdi. Onlar Papa nümayəndəsini asmaq istəsələr də, polis buna mane oldu. Bir ildən sonra Amerikanın müstəqillik günündə Dorçester (massaçusets ştatı) və Sindeydə (Ohayo ştatı) katolik kilsələri partladılmışdı. Həmin gün Mançesterdə (Nyu-Hempşir ştatı) katolik kilsəsinə hücum edilmiş, keşişlə ibadətə gələn insanlar döyülmüş, kilsə isə viran edilmişdi. Bir neçə gün sonra Batda da (Men ştatı) katolik kilsəsinə hücum edilmiş, məbəd yandırılmışdı. Bir ildən sonra yerli keşişlərdən biri kilsənin yenidən inşa etmək istəsə də, protestantlar onu döyüb tikintiyə mane oldular. Men ştatının Elisvort şəhərində isə, katolik keşişi döyüldükdən sonra qırla sürtülmüş, sonra quş tükünə atılmış və bu halda küçələrə dolandırılmışdı. Yeri gəlmişkən, Martin Skorsezenin məşhur “Nyu-York bandaları” filmindəki hadisələr real tarixdən – katolik-protestant qarşıdurmasından qaynaqlanır. Bu siyahının davam etmək olardı, lakin imkanın məhdudluğunu nəzərə alaraq az misalla kifayətlənməli olacağıq.
Fanatiklərin siyasiləşməsi
Artıq 1854-cü ildə mühacirlərə və katoliklərə qarşı olan amerikalılar “Amerika ordeni” adlı hərəkata birləşdilər. Bir milyona yaxın üzvü olan hərəkat 1855-ci ildə “Amerika”, daha sonra isə “Nativist” (latınca native – “yerli”) partiyasına çevirildi. Siyasi qurumun fəaliyyəti elə də zəif deyildi. Beləki, 1855-ci ildə keçirilən Konqres seçkilərində 22 faiz yeri nativistlər qazandılar. Demək olar ki, Antlantika sahilində yerləşən 6 ştatldan bütün konqresmenlər, 6 cənub ştatdan isə konqresmenlərin yarısı bu partiyadan idi. Onlar ölkənin ikinci mühüm partiyası, demokratların əsas rəqibləri idi.
1855-ci ildə nativist kampaniyasının kulminasiyası “qanlı bazar ertəsi” hadisəsi oldu. Avqustun 5-i Luisvildə (Kentuki ştatı) mer seçkiləri öncəsi katolik alman və irlandların yaşadığı kvartalda protestantlara atəş açılmışdı. Buna cavab olaraq nativistlər miqrant katolikləri qanlarına qəltan etdilər. Yeni merin nativistlər sırasından seçilməsindən sonra isə, şəhərdəki olan-qalan katoliklər qaçmalı oldular.
Son
Dini zəmində qanlı olaylara başqa fəzada yaranan qarşıdurmalar son qoydu. 1850-ci illərin sonlarında katolik mühacirlərinin məsələsi gündəmdən düşdü. Artıq amerikalıları maraqlandıran başqa sual var idi: quldarlıq qalsın ya yox? Məsələ orasındadır ki, 1774-cü ildə qəbul olunan Amerika Konstitusiyası elan edirdi ki, Tanrı insanları bərabər və azad yaradıb. Amerika siyasətçiləri qarşısında duran məsələ də, qaradərililərin (hindular kimi) insan olub-olmaması idi. (Maraqlıdır ki, 1960-cı illərə kimi Amerikada “xristian” dedikdə, yalnız ağdərili xristianlar nəzərdə tutulurdu). Bu suala cavab axtaran amerikalılar vətəndaş müharibəsinə qərq oldular. Katoliklərə nifrət qaradərililərə nifrətlə əvəz olundu. Düzdü bir neçə ildən sonra iki məsələni birləşdirdilər. Beləki, 1865-71-ci illərdə zənciləri və quldarlıq əleyhidarlarını qətlə yetirən Ku-Kluks-Klan təşkilatı 1910-1920-ci illərdə mühacir və katolikləri də hədəfə aldı. Buna baxmayaraq, nativistlər siyasi cərəyan kimi aradan getdilər və 1961-ci ildə ABŞ prezidenti katolik Con Kennedi seçildi. Təxminən yarım əsirdən sonra qaradərili Barak Obama dövlət başçısı oldu. İndiki prezident seçkiləri də ABŞ tarixinə yeni imza ata bilər. Mormon Mit Romni mühafizəkar respublikaçıların favoriti hesab olunur.
Hüseyn Abbasov
Salaminfo.az
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi






