Salaminfo.AZ: Rusiyanın tarixi seçimi: Şərq ya Qərb? Rusiyanın tarixi seçimi: Şərq ya Qərb? ================================================================================ salaminfo.az on 26/01/2012/ 12:28 Hər bir xalq özü öz tarixinin müəllifidir. Hər bir xalqın müqəddəratı öz əlindədir. Müasir dünyada hansısa millətlər qüdrətli, hansıları isə zəif dövlət qurublarsa, bu onların keçmişdəki seçimləri ilə bağlıdır. Müasir dünyanın ən qüdrətli dövlətlərindən biri şübhəsiz ki, Rusiyadır. Qədim zamanlar və erkən orta əsrlərdə dünyanın ən geridə qalmış xalqlarından biri olan ruslar necə oldu ki, birdən birə böyük imperiya qurdular? Sivilizasiyalar nəzəriyyəsinin banisi Arnold Toynbi yazırdı: “Tarix – bir birindən nisbətən müstəqil, ayrı sivilizasiyaların törəməsi, təşəkkülü və ölümündən ibarət bir prosesdir... Sivilizasiyanın taleyi bu və ya digər tarixi anda qarşıya çıxan çağırışlara verilən cavablardan asılıdır”. Ruslar üçün də bu çağırış XIII əsrdə parallel baş verən monqol və səlib yürüşü oldu. Ruslar 862-ci ildə dövlətçilik tarixi olmayan şərqi slavyan tayfaları vahid dövlətə birləşirlər. Yunanlar həmin ərazilərdə yaşayan qəbilələrə “ros” dediyindən, paytaxt isə Kiyev şəhəri olduğundan bu dövlət Kiyev Rosiyası adlandırıldı. Müsəlmanlar “ros” sözünü ərəb dilinə uyğunlaşdırıb “rus” kimi tələffüz edirdilər. Ona görə də Azərbaycan dilində bu dövlətin adı “Kiyev Rusiyası” kimi tələffüz olunur. Qədim rus dövlətinin və onun əhalisinin mənşəyi barədə müxtəlif fərziyələr irəli sürülüb. Lakin məsələnin mövzuya aidiyyatı olmadığından, rusların mənşəyi üzərindən keçirik. Onunla kifayətlənəcəyik ki, 862-ci ildə Baltikyanı qəbilələrindən (varyaqlar) olan Rürik Kiyevi ələ keçirərək ruslar üzərində hökmranlıq edir. Rürik özünə “böyük knyaz” titulu götürərək yeni hakim sülalənin – Rürikoviçlərin əsasını qoyur. Knyazlıq adlanan inzibati əraziləri isə Rürikin təyin etdiyi varyaq knyazları idarə edirdilər. Təxminən yüz il sonra Rürikin nəvəsi Svyatoslav böyük knyaz olur. Lakin onun yaşı az olduğundan real hakimiyyət anası Olqaya keçir. Olqa yunansayağı xristianlığı (pravoslavlığı) qəbul etdikdən sonra onun yayılması üçün xristian təbliğatçılarını ölkəsinə dəvət edir. Olqanın nəvəsi, Svyatoslavın oğlu Vladimir 988-ci ildə pravoslavlığı rəsmi dövlət dini elan edir. Beləliklə də Rusiya xristian dövləti olur. Xristian dini ilə birlikdə Rusiya Bizansın dövlətçilik ənənəsini də mənimsəyir. Artıq bütün knyazlar Rürikoviç sülaləsindən təyin olunur, knyazlıqların dini rəhbərləri – yepiskoplar isə Kiyev mitropolitinin tabeçiliyinə keçir. Öz növbəsində Kiyev mitropoliti Bizans patriarxı tərəfindən təyin olunurdu. Rusiya artıq dini və mədəni baxımdam Bizansdan asılılığa düşür. Vladimir öldükdən sonra Kiyev Rusiyasında mərkəzi hakimiyyət zəifləməyə başlayır. XII əsrdən etibarən knyazlıqlar müstəqil siyasət yürüdürdür və Kiyevin tabeçiliyindən tamamilə çıxırlar. Elə bu zaman ruslar iki təhlükə ilə üzləşirlər – bir yandan səlibçilər, digər yandan isə monqollar rus knyazlıqlarına hücum etməyə başlayırlar. Monqollar XII əsrin sonlarında Monqolustanda hakimiyyətini bərqərar edən Çingizxan yeni ərazilərin işğalına başlayır. Çin, Orta Asiya, İran, İraq, Suriya, Qafqaz və Rusiyaya hücum edən monqollar böyük imperiya qururlar. 1236-1242-ci illərdə qərb istiqamətində yürüşlər Çingizxanın nəvəsi Batı xan tərəfindən Subedey adlı sərkərdəyə həvalə edilmişdi. Nəticədə bütün Şərqi Avropa monqolların tabeçiliyinə keçir. Hətta Müqəddəs Roma İmperiyasının imperatoru II Fridrix bildirmişdi ki, xan tələb edərsə onun quşçusu olmağa hazırdır. Lakin monqollar Mərkəzi və Qərbi Avropaya getmədilər, Volqa çayı ətrafında Saray-Batı yaxud sadəcə Saray şəhəri salıb burada oturuşurlar. Rus knayzları monqol xanının təbəəsi elan olunaraq ona bac verirlər. Səlibçilər XI əsrin əvvəllərində Roma papaları bütün Avropa katoliklərini müsəlmanlara qarşı müharibəyə çağırırdııar. Bu çağırışların səbəbi xristianların Məkkəsi sayılan Qüds şəhərinin müsəlman hakimiyyəti altında olması idi. Bütün Avropada Qüdsdə xristianlara edilən zülm barədə xütbələr oxunur, katoliklər Tanrının qəbrini (xristian etiqadına əsasən, Həzrət İsanın çarmıxa çəkildikdən sonra və qeybə çəkilməmişdən öncə saxlanıldığı yer) azad etməyə təşfiq edilirdi. Kilsə vəd edirdi ki, hər kim bu işdə yardım etsə günahlardan azad ediləcək. Bundan əlavə, Bizans imperatoru Səlcuqların hücumundan qorxraq Roma papasından yardım istəyir. Papa Bizansın pravoslav olmasına baxmayaraq, müsəlmanlarla katolik Avropa arasında bufer zonası rolunu oynadığını anlayır və yardım etməyə razılıq verir. Nəhayət, 1095-ci ildə papa II Urban Klermon şəhərində oxuduğu təsirli xütbədən sonra, bizim dildə desək, müsəlmanlara qarşı cihad elan edir. Xristian döyüşçülərin paltarlarında xaç işarəsi olduğundan onlara “səlibçi” (ərəbcə “səlib” – xaç), müharibəyə isə “səlib yürüşü” deyilirdi. Tədricən papalar səlibçilərin əli ilə katoliklərin bütün düşmənlərini, o cümlədən pravoslavları da Roma Katolik Kilsəsinə tabe etmək istəyirlər. 1230-cu illərdə papa bullalarında (fətvalarında) “sarasinlər, ruslar və katolik dininin digər düşmənləri” ifadəsinə rast gəlmək olardı. Beləliklə də, XIII əsrin ortalarında əsasən almanlardan ibarət səlibçi dəstələr (Tevton ordeni) rus torpaqlarına yürüş etməyə başlayırlar. Buz üzərində döyüş 1242-ci ilin yazında buz bağlamış Çud gölü üzərində rus ordusu knyaz Aleksandr Nevskinin başçılığı altında alman “köpək-rıtsarları” üzərində qələb çaldı. Rus salnaməçilərinin “köpək-rıtsar” adlandırdıqları Tevton ordeninin səlibçiləri idi. Savaş da buz bağlamış Çud gölü üzərində baş tutduğundan “Buz üzərində döyüş” adlandırıldı. Rus əraziləri şərqdən monqol yürüşlərinə məruz qaldığına görə səlibçilər hesab edirdilər ki, zəifləmiş rus ordusuna qalib gələcəklər və asanlıqla katolik dinini bu ərazilərdə bərqərar edəcəklər. Lakin rus knyazları bütün var gücünü toplayıb, monqollarla mübarizədən əl çəkib səlibçilərə qarşı Aleksandr Nevskinin başçılığı altında birləşirlər. Roma papasının ordusu bu cür cavaba hazır deyildi. Yarıməfsanəvi məlumatlara görə, Çud gölü üzərindəki buz Tevton ordeni döyüşçülərinin ağırlığına tab gətirməyib parçalandı və səlibçilər suda boğuldular. Hadisələrin həqiqətdə necə cərəyan etdiyini dəqiq bilməsək də, ruslar qalib gəldilər. Tarixi seçim Tarixçilərin qənaətincə, rus dövlətçiliyi tarixində mühüm hadisə 1380-cı ildə knyaz Dmitri Donskoyun başçılığı ilə monqolların məğlub edildiyi Kulik savaşı idi. Bu müharibədən sonra ruslar xarici düşmən qarşısında birləşməyin və vahid dövlət yaratmağın zəruriliyini anladılar. Lakin, Kulik savaşından daha mühümü Çud döyüşü idi. Buz üzərində döyüşdəki qələbə rus dövlətçiliyinə daha fundamental töhfə verdi. Beləki, ruslar monqol istilasının uzun çəkməyəcəyini anlayırdılar. Həm də köçəri tayfalar onlara qarşı nə qədər zülm etsələr də ən əsas dəyəri – pravoslav dinini (o zamanlar “mədəniyyət” adlandırılırdı) rusların əlindən ala bilməzdilər. Lakin, səlibçilərə məğlub olmaq bu dinin yenisi ilə əvəz olunması, Rusiyanın digər orta əsir katolik dövlətləri kimi papanın tabeçiliyinə keçməsi demək idi. Monqollar müqabilində sükut edib Çud savaşını təşkil etmək Aleksandr Nevskinin şüurlu seçimi idi. Ruslar bütpərəst monqol istilasını quraqlıq ya tufan kimi Tanrı tərəfindən göndərilmiş cəza sayırdılar. Odur ki, təbii fəlakətlər mübarizə aparmaq mənasız olduğu kimi, monqollarla da savaşmaq əvəzinə dualar edilirdi. Bu baxımdan monqol istilası bir qədər təbii və müvəqqəti hal, səlibçi yürüşü isə ölüm-dirim məsələsi sayılırdı. Aleksandr Nevski bu hərəkəti ilə əsrlər boyu sürəcək Rusiyanın Avropadan təcridinin əsasını qoydu. Həmin zamandan etibarən Rusiya nə Avropa, nə Asiya, lakin Avrasiya dövləti kimi formalaşmağa başladı. 1453-cü ildə Bizansın çökməsi ilə pravoslav dünyasının bayraqdarına çevirilən Rusiyanın qarşısında imperiyaçılıq qapısı açıldı. Moskva – Üçüncü Roma Aleksandr Nevskidən sonra Rusiya tarixində bir neçə mühüm hadisə baş verdi. Monqollar rus torpaqlarından qovuldu, Moskva knyazlığı digər rus dövlətlərini öz ətrafında birləşdirdi. 1547-ci ildə Moskva knyazı IV İvan (İvan Qrozu yaxud Yavuz İvan) 17 yaşında ikən özünü çar (Bizans imperatorlarının titulu sayılan “sezar”, “qeysər” sözündən) elan etdi. Bütün Rusiyanın hakimi olan İvan Qroznu artıq hansısa sıradan bir knyaz və ya hersoq yox, dünya imperatorları, xüsusən Müqəddəs Roma imperatoru ilə rəqabət aparan bir hökmdar olduğunu vurğulayırdı. Lakin Çud savaşından üç əsr ötməsinə baxmayaraq Rus dövləti qarşısında cavabsız qalan bir sual dururdu: Şərq ya Qərb? Elə bu zamanlar Moskvanın Üçüncü Roma (yəni Roma və Yeni Roma - Qənstəntiniyyədən sonra xristian aləminin mərkəzi) olması barədə ideyalar rus dövlətçiliyinin əsasına oturuşmağa başladı. Rus çarları özlərini sadəcə qüdrətli hökmdar deyil, Həzrət İsa dininin - pravoslavlığın dayağı və bayraqdarı sayırdılar. Bu ideya dünya tarixçünaslığına rus messianlığı kimi düşdü. Rus messianlığına əsasən, Rusiya pravoslavlığı dünyaya yaymalı olan, Həzrət İsanın zühuruna zəminə yaradan yeganə dövlətdir. Bibliya təfsirçiləri bildirirdilər ki, Əhdi-Ətiqdə dünyaya hakim kəsiləcək qövm kimi tanıdılan Bəni-İsrail, əslində rusların məcazi adıdır. Artıq Rusiya dövlətinin siyasəti ilə pravoslav kilsəsinin maraqları eyniləşir. Təsadüfi deyil ki, 17 yaşlı İvanı çar titulunu qəbul etməyə vadar edən Moskva mitropoliti Makari idi. 1558-ci ildə İstanbul (Qənstəntiniyyə) patriarxı çara yazdığı məktubunda bildirirdi ki, dünyanın hər yanında pravoslav kilsələrində bazar günləri xütbələrdə onun adı Bizans imperatorlarının adı ilə birgə yad edilir. İsgəndəriyyə (Aleksandriya) patriarxı isə yazdığı məktubda çara belə müraciət edirdi: “İndiki zəmanədə bizə çörək verən və təqdir hazırlayan ol... Mömin və həvari kimi olan Konstantin ol”. Beləliklə də, “Şərq ya Qərb?” sualı avtomatik olaraq gündəmdən düşür və Rusiya müqəddəs amallı bir imperiya qurucusu kimi tarixi meydana girir. 1550-ci ildə 20 yaşlı çar İvan Qroznu qarşısında durduğu “müqəddəs” məqsədlərə çatmaq üçün imperiya quruculuğuna başladı. Rus knyazlıqları Moskvaya tabe olsalar da, mərkəzi hakimiyyət bir o qədər də möhkəm və güclü deyildi. Bəzi knyazlar Moskvadan ayrılmaq üçün qonşu ölkələrlə, xüsusən Krım xanlığı və Litva knyazlığı ilə əməkdaşlıq edirdilər. Gənc çar anlayırdı ki, ətraf əraziləri zəbt etməmişdən öncə daxili düşmənləri məğlub edib siyasi elitanı öz rəhbərliyi altında birləşdirmək gərəkdir. Bu siyasəti sərt şəkildə (vəhşicəsinə demək daha uyğun olardı) apardığına görə ona Qroznu, yəni Yavuz ləqəbi verilir. Hamının dəstəyini almaq və daxili çaxnaşmalara son qoymaq üçün ona kafirlər (müsəlmanlar) üzərində möhtəşəm bir qələbə lazım idi. Odur ki, 1552-ci ildə Qazan xanlığına hücum edib onu fəth edir. Hadisə elə böyük rezonansa səbəb olur ki, Moskva kremlində bu qələbə münasibəti ilə Pokrov kilsəsi inşa edilir. Hazırda bu məbəd Rusiyanın rəmzi sayılır. Qazan qələbəsindən sonra yeni imperiyanın iştahının qarşısını almaq mükün deyildi. İğtişaşlar dövrü Bütün qələbələri ilə yanaşı İvan Qroznu bilmədən yaratdığı çarlığı böyük bir təhlükəyə atdı. Fransızlar demişkən “şarşe lə fam”. O, Romanov nəslindən olan Anastasiya adlı bir zadəganla ailə qurur. İvan Qroznu öldükdən sonra taxta çıxan oğlu Fyodor hökmranlıq edə bilmir. Zəif çar daha çox zahidliklə məşğul idi və atası kimi əzazil hökmdar deyildi. Onun zamanında Rusiyada patriarx rütbəsi təsis edilir ki, bu da rus ruhaniyyətinin yunan ruhanilərinin təsirindən çıxması və pravoslav aləmində lider mövqe tutmasına səbəb olmalı idi. 1598-ci ildə varissiz çar dünyasını dəyişir və zadəganlar arasında taxt uğrunda savaş başlayır. Bu dönəm rus tarixinə “smutnoye vremya”, yəni iğtişaş dövrü kimi düşür. Romanovlar ailəsi çara qohum olduqları üçün taxta iddia etməyə başlayır. 1613-cü ildə Romanov sülaləsindən olan Mixail Fyodoroviç (çariça Anastasiyanın qardaşı nəvəsi) çar elan olunduqdan sonra ölkədə sabitlik nisbətən bərpa olunur. Rusiya vəhdətini qoruya bilir, lakin Rürikoviç sülaləsinin yox, Romanovların hakimiyyəti altında. Rürikoviçlər rus hakimiyyətindən uzaqlaşdırılsalar da, dünyanın görkəmli şəxsləri bu nəsildəndirlər. Avropanın bütün müasir monarxları, bir sıra ABŞ prezidenti (Vaşınqton, Ruzvelt Buş), məşhur siyasi xadimlər (Çörçil, Simon Bolivar, kardinal Rişelye, Otto fon Bismark), incəsənət xadimləri (Rubens, Bayron, Düma, Sent-Ekzüperi) və s. ana tərəfdən knyaz Rürikin nəslindəndirlər. Avropaya pəncərə Beləliklə, Rusiyada 1917-ci ilə kimi hökm sürəcək Romanov xanədanı hakimiyyətə gəlir. Bu sülalə Rusiya tarixini kökündən dəyişəcək. Beləki, Böyük Pyotr kimi tanınan I Pyotr 1682-ci ildə 10 yaşında ikən Rusiya çarı elan olunur. Avropasayağı həyatın aşiqi olan Pyotr elmə həvəsi ilə yanaşı səyahət etməyi ilə məşhur idi. O, Ruisya tarixində Qərbi Avropanı gəzən ilk çardır. 1698-ci ildə Avropa səyahətindən vətənə dönən Pyotr islahatlar aparmaq qərarına gəlir. Daha doğrusu Rusiyanın zorla avropalaşmasını istəyir. Avropaya pəncərə açan çar dövlət idarəçiliyinə xarici vətəndaşları cəlb edir. Rus Pravoslav Kilsəsinin müstəqilliyi və patriarx rütbəsi ləğv edilir, kilsə isə tamamilə dövlət tabeçiliyinə keçir. 1721-ci ildə İsveç üzərində qələbə çalan Pyotr bütün Rusiya hökmdarı və çar titullarından imtina edərək özünü Rusiya imperiyasının imperatoru elan edir. Yerli əhali tərəfindən bu addım katoliklərə bənzəmə kimi dəyərləndirilir, çünki imperator titulunu katolik Müqəddəs Roma İmperiyasının başçısı daşıyırdı. Pyotr geyim tərzinə belə müdaxilə edərək ənənəvi geyimlərin məcburən avropasayağı əlbisələrlə əvəz edilməsini və saqqalların qırxılmasını tələb edir. Dövlət idarəçiliyi də islahatlara məruz qaldı. Artıq boyarlarla məşvərət aparılmırdı, nazirliklər təsis edilir, dünyavi təhsil ocaqları açılır, rus dilinə kitablar tərcümə edilir, qəzetlər nəşr olunur, ordu quruculuğu Avropa standartlarına uyğunlaşdırılır, Elmlər Akademiayası yaradılır, pravoslavlıqla yanaşı digər dinlər də legitimlik qazanır və s. Nəticədə, xalq arasında çarın Antixrist (Dəccal) olması barədə şaiyələr yayılmağa başlayır. Çarın siyasətinə etiraz edənlər rəsmi ruhaniyyət tərəfindən küfrdə ittiham olunaraq uzaq əyalətlərə sürgün edilir. Hazırda Azərbaycanda yaşayan malokanlar o zaman sürgün edilən rusların nəticələridir. I Pyotrun radikal addımlarını anlamaq olardı. Rusiya o qədər geridə qalmışdı ki, sürətlə inkişaf edən Avropa ilə rəqabət apara bilmirdi. Lakin bir sıra müsəlman islahatçıları kimi, Pyotr bütün ənənələri kökündən baltalayırdı. Bunun üçün o, mütləq hakimiyyətindən məharətlə istifadə edir, hətta gələcəkdə mühafizəkar övladlarının hakimiyyətə gəlməməsi üçün taxta çıxma qaydasını dəyişir. Beləki, o, imperatorluğun atadan oğula keçməsini ləğv etmişdi. Beləki, sağ ikən hər imperator istədiyi şəxsi özündən sonra vəli-əhd təyin edə bilərdi. Yeni əsrin başlanğıcını vurğulamaq üçün, Pyotr köhnə rus memarlıq ənənsi ilə tikilmiş Moskvanı tərk edib, tamamilə Avropa üsulunda tikilmiş yeni paytaxta – Sankt-Peterburqa köçür. Lakin, imperatorun bütün səylərinə rəğmən Rusiyanın Avropanın hissəsi olmasını yalnız paytaxta hiss etmək mümkün idi. Qalan Rusiya necə var elə də qalmışdı – istehkamçılıq üzərində qurulan mütləq feodal monarxiya. Dəyişən bircə o oldu ki, feodallar savadlandı, Avropa dəbi ilə ayaqlaşmağa və öz aralarında alman və fransız dillərində danışmağa başladı. Bu isə, xalqla siyasi elita arasında dərin uçurum yaradırdı. Rusiyanı Avropaya daha da yaxın edən Romanov sülaləsində qan qarışığı oldu. Pyotrun qızı Anna Şlezviq hersoqu və İsveç kralının qardaşı oğlu Karl Fridrixlə evlənir. Bu nikahdan dünyaya gələn Karl Peter Ulrix 1762-ci ildə III Pyotr adı altında Rusiya taxtına çıxır. Ondan sonra 1917-ci ilə kimi Rusiya hakim sülaləsinin rəsmi adı Holşteyn-Qottorp-Romanov adlandırılırdı. Lakin, qeyd olunduğu kimi rus çarlarının modernləşməsi saray divarları ilə məhdudlaşırdı. XIX əsrdə sənayenin inkişafı ilə Rusiyada kapitalizm cücərtiləri hiss olunmağa başlayır. Lakin kapitalizmlə birgə ölkəyə gələn liberal düşüncələr boğulur, istehkam qanunu qüvvədə qalır, siyasi azadlıqlar məhdudlaşdırılır, çarlar mütləq hakimiyyətinə davam edirlər. Bu səbəbdən, avropalılar feodal Rusiyanı öz xəritəsində bir ləkə kimi görürdülər. Moskva erasının dirçəlişi XIX əsr demokratiya nəzəriyyəçiləri hesab edirdilər ki, bəzi xalqlar mədəniyyətinə görə demokratik dövlət qurmaq iqtidarında deyil. Əvvəlcə hesab edirdilər ki, katolisizm və pravoslavlıq mahiyyət etibarı ilə diktatura dinləridir və protestantlardan başqa heç bir xalq azad cəmiyyət qura bilməz. Ona görə də, Rusiyanın feodal quruluşa malik olması təbii qarşılanırdı. XX əsrdə katoliklərin və pravoslavların demokratik dövlət qurmaları bu fərziyyəni puça çıxardı. Lakin, Rusiyanın müasir reallığının orta əsrlərdən fərqlənməməsinə bir izah tapılmadı. Rusiya fenomenini anlamaq üçün tarixdən misal çəkmək olar. I Pyotr öz təbəələrinə əmr etmişdi ki, çar olan bina qarşısından keçərək papağı çıxarıb əyilmək lazım deyil. Həmçinin çarı görərkən səcdəyə düşmək də gərəksizdir. Xalq məhz belə şeylərin müqabilində xalq çarı küfrdə ittiham edirdi, I Pyotrun istehkamçılığı sərtləşdirməsinə isə ciddi etirazlar səslənmirdi. 1861-ci ildə istehkamçılıq hüququ ləğv edilərkən kəndlilər az qala yasa bürünsünlər və azad olmalarını heç də sevinc hissi ilə qarşılamırdılar. Ona görə də, 1917-ci il inqilabı ilə Moskvanın yenidən paytaxt elan olunması, Pokrov kilsəsinin isə yenidən Rusiya rəmzinə çevirilməsi qaçılmaz idi. İvan Qroznu erası Rusiya üçün qızıl əsrin rəmzidir. Samir Pənahov Salaminfo.az