Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | TARİX | Şeyxur-rəis, Böyük həkim

Şeyxur-rəis, Böyük həkim

image Əbu Əli İbn Sina

Şərqdə onu «dahilərin ağası» adı ilə adlandırırdılar. Xristian Avropasında isə onu Avisenna kimi tanıyırdılar

Şərqdə onu Şeyxur-Rəis, yəni «dahilərin ağası» adı ilə adlandırırdılar. Xristian Avropasında isə onu Avisenna kimi tanıyırdılar. Hələ sağlığında müasirləri ona «Haqqın dəlili», «Böyük Həkim», «Ölkənin şərəfi» və s. adlar vermişdilər.

 

Onun əsl adı Əbu Əli Hüseyn ibn Abdullah ibn Sinadır. Müxtəlif elmlər sahəsində 300-dən artıq kitab yazmışdır. Bunlardan 30-u təbabət, qalanları isə fəlsəfə, fizika, kimya, astronomiya, musiqi və s. sahələri əhatə edir. Müasirləri onun barəsində çox qəribə sözlər danışırlar. Deyilənlərə görə o, hər şeyi bilirmiş. Çox iti ağıla və heyrətamiz parlaq zəkaya malik olduğundan, ona verilən bütün sualları çox müdrikcəsinə cavablandırırmış. Təbabət sahəsində göstərdiyi parlaq müvəffəqiyyətlər çoxlarını bu qənaətə gətirmişdi ki, onun aciz qalmadığı bir xəstəlik yoxdur və hətta avam camaat canü-dildən inanırdı ki, o, ölünü də sağalda bilər. Camaat arasında o qədər ad-san, şan-şöhrət qazanmış və insanların o qədər hörmətini qazanmışdı ki, şagirdləri deyirdilər, əgər ustad özünü peyğəmbər elan etsə, Şərqdə ona iman gətirməmiş bir nəfər də qalmaz.

Hələ də Buxarada İbn Sina barəsində nağılabənzər rəvayətlər az dolaşmır. Bunlardan birində deyilir ki, İbn Sina ölümünə az qalmış ölünü dirildən və qocaları cavanlaşdıran dərmanlar hazırlayır və şagirdindən söz alır ki, əgər ölsə, bu dərmanları onun qeyd etdiyi ardıcıllıqla tətbiq etməklə onu dirildəcək. İbn Sina öldükdə şagirdi işə başlayır və onun tapşırdığı ardıcıllıqla dərmanları onun bədəninə sürtməyə başlayır. Hər dərmanı sürtdükcə o, ustadının bədəninin necə təravətləndiyini və gəncləşdiyini görür. İşin sonuna yaxın bu işin təsirindən həyəcana gəlmiş şagirdin əlləri titrəyir və  sonuncu dərman şüşəsi yerə düşüb sınır. Beləcə böyük həkim ikinci dəfə həyata qayıda bilmir və  əbədiyyətə qovuşur.

Əlbəttə ki, əfsanədə deyilənlər doğru deyildir. Ancaq bu və buna oxşar çoxsaylı əfsanələr onu göstərir ki, İbn Sina xalq arasında necə böyük həkim kimi tanınıbsa, xalq onun hətta ölümün də çarəsini tapdığına inanırdılar. Bu inamın yaranması əsassız deyildir; İbn Sina - Qərbdə latınlaşmış adının Avisenna olduğu bu məşhur həkim-şair, filosof-mütəfəkkir, öz dövrünün və özündən sonra da 600 illik dövrün təbabət elminə hökmdarlıq edərək fövqəladə əhəmiyyətli əsərləri ilə bütün dünyada şöhrət tapmış Şərq dahisidir.

İbn Sina 980-cı ildə, indiki Tacikistan ərazisində yerləşən Buxara şəhəri yaxınlığındakı Afşan kəndində, dövlət məmuru ailəsində anadan olub. Uşaq yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında ikən Quranı sərbəst oxumağı bacarır və ərəb klassiklərinin əsərlərindən yaxşı xəbərdar olur. Əvvəlcə o, Buxarada adı məşhur olmayan bir alimin yanında təhsil alır. Sonra isə müəlliminin öyrətdikləri ilə kifayətlənməyərək müstəqil şəkildə fəlsəfə, lirika və digər elmləri dərindən öyrənir. Fövqəladə fəaliyyət qabiliyyəti və qeyqi-adi istedadının köməyi ilə İbn Sina 16 yaşında ikən dövrünün bütün  elmlərini, xüsusilə tibb və fəlsəfə elmlərini kamil səviyyədə mənimsəmişdi. Sonralar böyük həkim yeniyetməlik çağlarını belə xatırlamışdı: «O zamanlar mən gecələr bir saat belə yatmırdım, gecə də, gündüz də yeganə məşğuliyyətim elm oxumaq idi. Gündüzlər axşama kimi kitabxanada mütaliə edərdim, gecələr də evdə lampa işığında səhərə kimi oxuyub-yazırdım. Bəzən olurdu ki, yuxu mənə güc gəlir və mən azacıq yatırdım, ancaq fikrim yuxuda da həllini bilmək istədiyim məsələlərlə məşğul olurdu. Beləcə, o qədər oxudum ki, bilmək istədiyim hər şeyi bildim. 16 yaşımda ikən insan üçün öyrənilməsi mümkün olan bütün elmləri mən artıq öyrənmişdim».

İbn Sina riyaziyyat, fizika, kimya, astronomiya və fəlsəfə sahəsində universal biliyə sahib olmuşdur. O, elm və biliyi dəyərlər içində hər şeydən üstün sayır və insanın xoşbəxtliyini elmli olmaqda, kainatın sirlərinə vaqif olmaqda görürdü. Şerlərinin birində özü barədə belə yazır:

Kiçik zərrələrdən böyük kainata kimi.

Hər şeyin sirrini və Müdrik Kəlamı dərk etdim.

Hiylədən uzaq olub, bütün düyünləri açdım

Yalnız ölüm düyününü açmağa gücüm yetmədi.

Yazırlar ki, dövrünün böyük ariflərindən (arif – qəlb gözü ilə həqiqətləri müşahidə edən adamlar belə adlandırılır) biri ilə görüşdükdən sonra, həmin arifdən İbn Sina barədə nə fikirdə olduğunu soruşurlar. Arif cavab verir: «O mənim gördüklərimin hamısını bilir».

İbn Sina dövrünün bütün elmləri sahəsində kamil biliyə malik olmasına baxmayaraq, ən böyük xidmətlərini təbabət sahəsində göstərdiyi üçün Böyük həkim kimi tarixin yaddaşında qalmışdır. Mənbələrdə onun 450 adda əsəri sadalanır ki, onlardan 240-ı dövrümüzə gəlib çatmışdır. Bu əsərlərdən əlliyə qədəri tibbi əsərlərdir. Onların isə 30-u zamanımıza gəlib çatıb. Onun barəsində deyirlər ki, İbn Sina  dövrünün bütün xəstəliklərinin şəfası yollarını tapmışdı. Ölümə məhkum olunmuş çarəsizlərdən başqa, o, yanına gələn bütün xəstələri müalicə edərək sağaldırmış. Hələ 16 yaşında ikən, Buxaradakı Samanoğulları sülaləsindən II Nuhu sağaltmış və bununla da hökmdarın şəxsi həkiminə çevrilərək böyük şöhrət qazanmışdı. Onun xəstəliklər və onların müalicəsi barəsində tədqiqatları orta əsrlər dünyasının ən böyük tibbi nailiyyətləri sayılır. İbn Sina qədim yunan, Roma, hind və Orta Asiya xalqlarının tibbi görüşlərini cəmləşdirərək onlara öz əlavələrini etmiş və böyük «Tibb elmlərinin Qanunu» əsərini yaratmışdır. Bu tibb ensiklopediyası beş cilddən ibarətdir; Birinci cild anatomiyaya, ikinci və beşinci cildlər dərman tərkiblərinə, üçüncü cild patalogiyaya, dördüncü cild isə terapiya və cərrahiyyə məsələlərinə həsr olunmuşdur. Bütün Şərq və Qərb təbabətini özündə cəm edən və Qərbdə «Təbabətin Bibliyası» adını almış bu nəfis kitab 600 ildən artıq bir müddət ərzində Şərqin və Qərbin tibb universitetlərində təbabət elmi üzrə ən qiymətli tədris vəsaiti sayılıb. İlk əvvəl XII əsrdə «Tərcüməçilərin atası» adı ilə məşhur olan Kremonalı Herard tərəfindən latın dilinə tərcümə olunmuş əsər müxtəlif dövrlərdə dəfələrlə Avropa dillərinə tərcümə olunmuşdur. Yalnız latın dilində kitab 30 dəfə təkrar nəşr olunmuşdur. Tibb tarixini tədqiq edən alimlərin fikrincə, «Qanun» kitabı qədər təbabətin inkişafında xidmətii olmuş ikinci əsər tapmaq mümkün deyil.

İbn Sinanın başqa bir kitabı isə 11 cilddə yazdığı «Kitabuş-Şəfa»dır ki, burada məntiq, riyaziyyat, ilahiyyat və fizika sahələrinə aid biliklərini toplamışdır. Bu əsər əsrlər boyu filosof və mütəfəkkirlər üçün iqtibas mənbəyi olub, dünyanın müxtəlif guşələrində, xüsusilə Avropada məntiq və fəlsəfə elmlərinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.

Təbabətin sirlərindən bəhs etdiyi 2600 misradan ibarət «Urcuza fittibb» poeması da İbn Sinanın təbabət sahəsində yazdığı qiymətli əsərlərindəndir.

İbn Sina o dərəcədə mahir həkim olubdur ki, deyirlər o, xəstənin rənginə baxmaqla, yaxud da nəbzini yoxlamaqla xəstəliyin diaqnozunu qoyurmuş. Onun müalicə metodları əsasən aşağıdakı prinsiplərə əsaslanırdı:

1. Ruhi müvazinəti qoruyub saxlama.

2. Keyfiyyətli qida.

3. Bədəni şlaklardan təmizləmək.

4. Təmiz hava.

5. Münasib paltar.

6. Fiziki və ruhi təmrinlər.  İbn Sina o zamana qədər həkimlərə məlum olmayan, orqanizmdə gedən daxili proseslərdən xəbərdar idi və məhz bu səbəbdən o dövrdə əlacsız sayılan bir sıra xəstəlikləri müalicə edib sağalda bilirdi. O, kimyəvi yolla aldığı çeşidli dərmanlarla müalicə üsulunu genişləndirib inkişaf etdirdi. İbn Sina çoxlu sayda bitki və mineral mənşəli dərmanlar kəşf etmişdi ki, onun dövründə bunların heç biri məlum deyildi. İbn Sinanın ən böyük xidmətlərindən biri də bu olmuşdu ki, o, öz dövründə təbabətdə hökm sürən cəhalət qalıqlarını məhv edib aradan apara bilmişdi. «Şəfaverici» daşlara, astrologiyaya, «iksir» daşlarının mövcudluğuna olan inam o zamanlar təbabətin inkişafı yolunda ciddi əngəllər yaradırdı ki, İbn Sina özünün parlaq fəaliyyəti ilə  bu fikirlərin aradan getməsində mühüm rol oynayıb.

İbn Sinanın fikirləri görkəmli tibb alimlərinin, xüsusilə   İ.P.Pavlovun çox karına gəlmiş və o, insanın ali sinir fəaliyyətinin və qida mexanizminin öyrənilməsində onun fikirlərindən çox yararlanmışdır. Təəssüf ki, İbn Sinanın əsərlərinin mühüm bir hissəsi dövrünün cahil ruhanilərinin fətvası ilə yandırıldığı üçün  dövrümüzə qədər gəlib çatmamışdır. «Kitabuş-şəfa» alimin belə əsərlərindəndir. Kitab 1160-cı ildə möhtəviyyatındakı, dövrün ruhanilərinin fikrincə, küfran fəlsəfi fikirlərə görə Bağdadda yandırılmışdır.

İbn Sinanın islamın ədalət prinsipləri əsasında qurulmasına söykənən ideal cəmiyyət barəsində fikirləri dövrünün hakimlərinə və onların hakimiyyətini müdafiə edən mürtəce ruhanilərə xoş olmadığından ömrünün bir hissəsini təqiblər altında və həbsxanalarda keçirmişdir. Ağır həyat tərzinə baxmayaraq İbn Sina bir insanın müqtədir olduğu qədər əsər yazmış, kəşflər etmiş, ictimai fəaliyyətlə məşğul olmuşdur. Onun insanlığa göstərdiyi ən böyük xidmətlərindən biri də azərbaycanlı Bəhmənyar kimi böyük bir alimi yetişdirməsi olmuşdur.

İbn Sina ömrünün son illərində vaxtilə müalicəsi haqqında əsər yazdığı mədə yarası ilə xəstələnir. Özü-özünü müalicə edən böyük həkim sürətlə sağalmaqda ikən bir dəfə dərmanı hazırlamağı başqasına tapşırır. O da dərmanın tərkibinə qatılmalı olan selderey toxumunu lazım olduğundan xeyli artıq edir. Bu isə alimin mədəsində bitişməkdə olan yaraların yenidən açılıb genişlənməsinə səbəb olur. İnsan bədənini incəliklərinə qədər tanıyan bu böyük həkim öz bədəninin bu xəstəlikdən sağalmayacağını söyləyir və belə də olur. 1037-ci ilin 18 iyununda uzun sürən xəstəlikdən sonra 57 yaşında İbn Sina vəfat edərək haqq dünyasına qovuşur.

İbn Sinanın yaradıcılığından,  dövrümüzə gəlib çatan kitabların siyahısı təəssüf ki, çox azdır. Hal-hazırda onun  əlimizdə olan ən məşhur əsərləri  aşağıdakılardır:

1. “Əl-Qanun fit-tibb” - tibbin əsaslarını külli şəkildə əhatə etmişdir.

2. “Kitabun-Nəcat” - ilahiyyat məsələlərini şərh edir.

3. “Risalə fi İlmil Əxlaq” - əxlaq fəlsəfəsinə həsr olunub.

4. “İşarat vət-tənbihat” - fəlsəfə və onun qolu olan metafizikanın əsaslarını qeyd etmişdir.

5. “Kitabuş-Şəfa” - məntiq, fəlsəfə, riyaziyyat, musiqi, fizika və s. sahələrdə fikirlərini toplamışdır.

İbn Sinanın adları qeyd olunmuş bütün əsərləri çox dəyərli olmasına baxmayaraq, onun  adını tarixdə əbədiləşdirən məhz “Əl-Qanun” olmuşdur. Qeyd edək ki, əsər tibb tarixində tibbi biliklərin ən məşhur ensiklopediyası sayılır.  Hal-hazırda bu əsərin təqribən XII əsrin ortalarında köçürülmüş ən   etibarlı  əlyazmalarından biri Əlyazmalar İnstitutunda saxlanılır.

 

Hüseyn Abbasov

Məlumatdan istifadə edərkən “salaminfo.az”a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az