Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | TARİX | Elmin zirvələrini fəth edən quşçu oğlu Əli

Elmin zirvələrini fəth edən quşçu oğlu Əli

image Əli Quşçu II Məhmədin hüzurunda, orta əsr osmanlı miniatürü

Uluqbəyin vəfalı dostu, Uzun Həsənin səfiri, Fateh Məhmədin münəccimi

XV əsr. Şərqin ən qüdrətli dövləti – Teymurilər imperiyası parçalanır. Paytaxt Səmərqənd Məvarənnəhr vilayəti ilə birlikdə  müstəqil dövlətə çevirilir. Yeni dövlətin hakimi teymur Ləngin nəəsi Uluqbəy olur. Teymurilər sülaləsinin rəsmi adı Qurqanilər idi. “Quraqan” monqol sözü olan “xureqen”in farslaşmış formasıdır. Bizim dildə də bu söz “kürəkən” kimi qalıb.Teymur Ləngin qoyduğu ənənəyə görə bütün Teymuri hökmdarları Çingizxanın nəslindən qız alardılar, beləliklə də Çingizxanın kürəkənləri hesb olunurdular. Səmərqənd hələ əmir Teymurun paytaxtı olarkən dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdi. Bu şəhəri demək olar ki, İranın ən məşhur ustaları inşa etmişdi. Özü böyük alim olan Uluqbəy Səmərqəndin hakimi olduqdan sonra isə, şəhər müsəlman şərqinin ən iri elmi mərkəzlərindən birinə çevirildi. O zamanlar elmi mərkəzlər rəsətxanalr ətrafında yaranardı. Uluqbəy də məşhur Səmərqən rəsətxanasını inşa etdirdikdən sonra Şərqin ən görkəmli alimlərini şəhərinə dəvət etməyə başaldı. Əmirlər öz qüdrətlərini nümayiş etdirmək üçün alim və sənətkarları himayə edir, elm və incəsənəti inkişaf etdirirdilər. 

Uluqbəyin yanında 

Uluqbəyin yanında Məhəmməd adlı bir quşcu çalışırdı. Onun vəzifəsi hökmdarın ov quşlarına baxmaq idi. Quşçunun Əli adında istedadlı bir oğlu var idi ki, zirəngliyi ilə Uluqbəyin diqqətini cəlb edir. Hakim və alim olan Uluqbəy şəxsən Əlinin təlim-tərbiyəsi ilə məşğul olmağı qərara alır. Riyaziyyat və astronomiyaya maraq göstərən gənc Əli zəmanənin məşhur alimlərindən - Səmərqənd rəsətxanasının rəisi Qazizadə Ruminin  və Qiyasəddin Kaşinin yanında biliklərini təkmilləşdirir. Elm teşnəsi hakimdən icazəsiz Kermana yola düşür ki, buradakı alimlərdən dərs alsın. Burada o, Oman dənizində fırtınaların təbiətini öyrənir. Daha sonra Herata Molla Camidən dərs almağa yollanır.  Uluqbəy onun icazəsiz Kerman və Herata getməsindən çox qəzəblənir. Lakin vətənə dönər-dönməz Əli Kermanda yazdığı ilk elmi əsərini – “Risalətun fi Həll əl-Əşkəl-Muəddil-Qəmər lil-Məsir”, ayın fazaları barədə risaləsini hökmdara təqdim edir. Əsəri oxuyan hökmdar Əlini əfv edir və onunla birgə Zici-Uluqbəy və ya Zici-Sultani adlı ulduz kataloqu üzrə çalışmağa başlayır. Demək olar ki, ömrünü 30 ilini bu işə sərf edən gənc alim Yerlə digər göy cismləri arasında məsafəni hesablayır.  Bu dönəmdə Əli Uluqbəyin köməkçisi təyin olunur. Atasının vəzifəsinə görə ona Əli Quşçu deyə müraciət etməyə başlayırlar. Bir müddət Əli Çində səfir çalışır və müxtəlif xalqların dilini arşdıraraq dilçilik barədə əsərlər yazır. Orta Asiyada türk, fars, ərəb, çin və monqol dilləri yayıldığına görə alimin filoloji təhqiqatları üçün yaxşı şəraiti var idi.  Köməkçisinin fəaliyyətindən razı qalan Uluqbəy Qazizadə Rumi vəfat etdikdən sonra onu rəsətxanaya yeni rəis seçir.

Uluqbəy Əli üçün sadəcə bir hökmdar deyildi. Sadə aildən çıxan Əli Uluqbəydən yalnız riyaziyyat və astronomiya öyrənməmişdi - əmir quşçu oğlunu bir şəxsiyyət kimi yetişdirmişdi. Bu, ata-oğul münasibəti idi. Quşçu oğlu Uluqbəyə doğma atası kimi yanaşsa da, əmirin öz övladı hakimiyyət naminə 1449-cu ildə atasına sui-qəsd edir. Görkəmli alim və siyasətçinin itkisinə tab gətirməyən Əli Quşçu artıq Səmərqənddə qala bilmir. O, Səmərqənddən Həcc ziyarətinə yola düşür və bir daha vətəninə dönmür. Alim üzünü tutur Ağqoyunlu dövlətinin paytaxtı, Şərqin incisi olan Təbrizə.

Uzun Həsənin səfiri

Daha dəqiq desək həmin dönəmdə Ağqoyunlu tam müstəqil dövlət deyildi. Vaxtı ilə teymur Ləng İran, İraq və Anadolunu fəth etdikdən sonra Ağqoyunlu tayfa ittifaqına Diyarbəkir vilayətini hədiyə etdi. Rəsmən Teymurilər dövlətinin tabeçiliyində olan ağqoyunlular Teymurun ölümündən sonra müstəqil siyasət yürütməyə çalışırdılar. Lakin onların əsas rəqibi Qaraqoyunlu və Osmanlı dövlətləri idi ki, Ağqoyunlunun yeni əraziləri tutmağa və dövlətçiliyini möhkəmləndirməyə imkan vermirdilər. 1452-ci ildə Ağqoyunlu Cahanşah Qaraqoyunlu Cahangir şaha təslim olmaq qərarına gəlir və müvafiq müqavilənin imzalanması üçün qardaşı Uzun Həsəni vəkil təyin edir. Lakin uzun Həsən qardaşının bu addımını xəynət kimi dəyərləndirərək böyük ordu toplayır. Əvvəlcə qardaşını taxtan salıb özü Ağqoyunlunun başına keçir, sonra isə Qaraqoyunlu dövləti ilə müharibə edib qələbə çalır. Bu işdə Uzun Həsənə teymurilər yardım göstərir. Qaraqoyunlu dövlətinin əksər ərazilərini ələ keçirən Uzun Həsən 1468-ci ildə Təbrizi paytaxt elan edir və ikinci düşməni – Osmanlı dövləti tərəfindən hücuma hazırlaşır.  O zaman Osmanlı dövləti imperiya qurmaq istəyində idi. II Məhməd Qənstəntiniyyəni (İstanbulu) fəth etdikdən sonra müsəlman ölkələrinin işğalına hazırlaşırdı. Növbədə ilk duran Ağqoyunlu idi. 

Əli Quşçu elə bu zaman Təbrizə gəlir. Burada alimin yazdığı məşhur kitablardan “Risaleyi-Həyə”ni qeyd etmək olar. 1457-ci ildə nücum elmi barədə olan bu risalə tamamlanır və Quşçuya Təbrizdə böyük şöhrət gətirir. Uzun Həsən tərəfindən ehtiramla qəbul olunan alim qısa müddətdə yeni təklif alır – ona Ağqoyunlu dövlətini Osmanlı sarayında təmsil etmək həvalə edilir. Təklifi qəbul edən Əli Quşçu İstanbula, II Məhmədin sarayına yola düşür. Alimi səfir kimi qəbul edən sultan ona elə təriflər yağdırır ki, Əli özünü itirir. Sultan alimə təklif edir ki, İstanbul mədrəsələrinin birində tədrislə məşğul olsun. Osmanlı dövlətində mədrəsələr müasir universitetləri xatırladırdı. XV-XVI əsrlərdə mədrəsələr Osmanlı dövlətində elm və mədəniyyətin əsas dayağı sayılırdı. Bu elm ocaqları ölkədəki siyasi-iqtisadi sabitliyi təmin edirdi. Mədrəsələrdə kəlam və təfsirlə yanaşı cəbr, həndəsə, arifmetika, astronomiya, kimya, fizika, biologiya, fəlsəfə də tədris olunurdu. II Məhməd şəxsən nüfuzlu alimləri İstanbula dəvət edir, elmi mübahisələrdə iştirak edirdi. 

Sultandan İstanbul mədrəsəsində dərs demək təklifi alan Quşçu dedi: “Əgər icazə versəniz mən Təbrizə qayıtmaq istərdim. Mən bura Ağqoyunlu hökmdarı Sultan Həsənin səfiri olaraq bura gəlmişəm. Sizin təklifinizi qəbul etməmişdən öncə mən məni bura göndərən şəxsin yanına dönməli, vəzifəmi yerinə yetirdiyimə əmin olmalıyam...” 

Alimin bu cavabını məntiqli sayan sultan ona Təbrizə dönməy icazə verdi. Quşçu da vədinə əməl etdi. 2 ildən sonra, 1472-ci ildə Əli Quşçu Osmanlı sərhədlərini keçir. Sultan fateh Məhməd onu qarşılamaq üçün 200 nəfərlik dəstəni sərhədə yollayır və alim böyük ehtiramla İstanbula daxil olur. Lakin bu iki ərzində Ağqoyunlu ilə Osmanlı arasında müharibə baş verir. Osmanlı ərazilərini zəbt etmək istəyən Uzun Həsən məğlub olur. Elə həmin müharibə başa çatan zaman Əli Quşçu ərəbcə yazdığı elmi əsəri başa vurur və II Məhmədin qələbəsinə ithaf olaraq onun adını “Əl-Fəthiyyə” qoyur. Bu kitabda Quşçu günəş sistemi, planetlərin öz orbitlərində ulduz ətrafında dövr etməsindən yazır. Həmçinin bu kitabda ekleptik təmyyüllə bağlı aparılan hesablanmalar müasir astronomların hesablamaları ilə uyğundur. İstanbula gələn alim elə bu kitabı sultana hədiyyə edir. Alim riyaziyyat və astronomiya sahəsində yazdığı digər kitabı da sultan II Məhmədə ithaf edib “Risalətul-Muhəmmədiyyə” adlandırır (Məhməd – Məhəmməd adının təhrif edilmiş formasıdır).

Osmanlı elminin banisi

Osmanlı paytaxtında məskunlaşan Əli Quşçu Aya Sofya məscidinin tərkibində öz mədrəsəsini təsis edir. Molla Sarı Lütfi, Qivaməddin Qasim, Sinanəddin Yusif, Hafiz Məhəmməd ibn Əli kimi zəmanənin görkəmli alimləri buradan təhsil alırlar. Bu mədrəsə ilə birlikdə Osmanlı tarixində yeni elmi dövr başladı. Onun yaratdığı təməllər əsasında XVI əsrdə Osmanlı dövlətində elm çiçəkləndi. Alimin qələmə aldığı “Risalətul-Hisab” arifmetika barədə risaləsi və “Risalətul-Fəthiyyə” astronomiya barədə risaləsi Orta və Yaxın Şərqdə iki əsr ərzində dərslik kimi istifadə olunurdu. Maraqlıdır ki, Quşçu Yer kürəsinin öz oxu ətrafında dövr etməsini və bu dövrlərin sutka olmasını deyirdi, hərçən o zamanın alimləri belə bir fərziyə ilə tanış deyildilər. Həmçinin o, İstanbulun koordinatlarını hesablamışdı – 41 u.d. və 59 e.d. Müasir hesablamalar Quşçunun əldə etdiyi nəticələrdən az fərqlənir – 41.01 u.d. və 58 e.d. Sultanın tapşırığı ilə Quşçu oğlu Əli İstanbulda günəş saatı düzəltdi. Səmərqənd elmi mərkəzlərinin nəaliyyətlərini özü ilə İstanbula gətirən alim buradakı həmkarlarını onluq kəsrlə tanış etdi.  Lakin Əli Quşçuya  İstanbulda ilk rəsətxana tikmək nəsib olmadı. O, yalnız iki il II Məhmədin xidmətində ola bildi, 1474-ci ildə 71 yaşında ikən alim vəfat etdi. İstanbulda ilk rəsətxana isə onun ölümündən bir əsr sonra – 1571-ci ildə inşa edildi. Fəzilət sahibi kimi tanındığına örə "Fazil Quşçu" təxəllüsü alan Əli  ibni Məhəmməd Quşçu Səmərqəndinin övladları XVIII əsrə qədər Osmanlı imperiyasında şeyxülislam, müdərris və hərbi qazi (qazi-əskər) vəzifələrində çalışıblar. 

Əli Quşçu özündən sonra ərəb və fars dillərində riyaziyyat, nücum, dilçilik, fiqh, təfsir və fəlsəfə sahələrində yazdığı onlarla əsər qoydu. Onun əsərlərini beş kateqoriyaya bölmək olar: nücum (7 risalə), riyaziyyat (2 risalə), fiqh və ilahiyyat (2 risalə), mexaniki alətlər (1 risalə), dilçilik və fəsahət. (13 risalə). Bundan əlavə bəzi tarixçilər Əli Quşçunun “Tarixi-Aya-Sofya”, “Təfsirəl-Zəhrəveyn”, “Məhbubəl-Humayil”, “Ər-Risalə fi Mauduatəl-ulum”, “Məsərrətəl-Qulub fi Dəfil-Qurub” əsərlərini yazdığı bildirsələr də, qeyd olunan kitablar günümüzə kimi qalmayıb.

 

Hüseyn Abbasov

Salaminfo.az

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az