Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ŞƏRH | Keçmiş imperiyanı xatırladan soyadlarımız

Keçmiş imperiyanı xatırladan soyadlarımız

image

Sovetlərdən qalan soyadlar niyə dəyişdirilmir?

Elə ad və soyadlar var ki, həmin adın sahibinin bizim millətə məxsus olduğunu aydınlaşdırmaqda çətinlik çəkirik. Xalqın  kimliyini müəyyən edən amillərdən biri də soyadlardır. Heç təsadüfi deyil ki, bir insanın hansı millətə mənsub olduğunu bilməyəndə, həmin şəxsin soyadı bu məsələdə yardımçımız olur.

Heç uzağa getməyib qonşumuz və bir zamanlar bizimlə birlikdə Sovet İttifaqının tərkibində olmuş Gürcüstana nəzər salmaq kifayətdir ki, dediklərimiz sübut olunsun. Çünki bu millətin soyadını eşidən kimi həmin şəxsin gürcü olduğu açıq-aydın bilinir. Hər zaman özümüzdən zəif adlandırdığımız qatı düşmənlərimiz, ermənilər də özlərinə məxsus «yan» soyad sonluğu ilə bütün dünyada tanınmaqdadırlar. Amma çox təəssüf ki, bu sözləri özümüz haqqında deyə bilmirik. Hələ lap əvvəllərdən müxtəlif soyadlardan istifadə olunan Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, demək olar ki,  bütünlükdə ov, yev soyad sonluğundan istifadə edilməyə başlanılıb. Bu isə, təbii ki, rusların soyad sonluğu ilə eynidir. Daha acınacaqlı məqam isə sovet imperiyası dağıldıqdan sonra da  əhalinin əksər hissəsinin yenə də köhnə soyad sonluğundan istifadə etməsidir. Hətta bəzən elə adlara, soyadlara rast gəlirik ki, bu adın sahibinin azərbaycanlı və yaxud başqa bir millət olduğunu aydınlaşdırmaqda çətinlik çəkirik.

Bu millət nə üçün ruslara məxsus soyad sonluğu ilə eyni adı paylaşmalıdır? Buna səbəb bizim tariximizdə yaradılan uzunmüddətli ziddiyyətlərdən, sadəcə olaraq, birinin nəticəsidir. Amma bu gün biz müstəqil bir ölkəyik və istədiyimiz (soykökümüzə uyğun olan) soyadı seçə və dəyişə bilərik. Bəs görəsən, niyə dəyişmirik? Bu suala cəmiyyət arasında necə cavabın veriləcəyi bizi daha çox maraqlandırdığından kiçik bir sorğu apardıq. Bu məqsədlə ilk respondentlərlə şəhərin istirahət yerlərindən biri olan Milli parkda söhbətləşdik. Müxtəlif yaşlı iki xanımın başı söhbətə qarışdığından yanlarında əyləşməyimizdən xəbəri olmasa da, onları söhbətə cəlb etmək çətin olmadı. İlk sualımızın cavabında məlum oldu ki, birinin adı Mehriban, digərininki isə Fatma olan bu xanımlar da əksər insanlarımız kimi köhnə soyad sonluğundan istifadə edirlər. “Heç bunu dəyişdirmək haqqında düşünürsünüzmü?” - deyə sual verdikdə Mehriban xanım bildirdi ki, familiyasının hansı sonluqla bitməsinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Fatma xanım isə bildirdi ki, düzünə qalsa, o da bu günə kimi bu barədə düşünməyib. Respondent əlavə olaraq etiraf etdi ki, artıq yaşa dolub və buna görə soyad sonluğunu dəyişib-dəyişməməyin onun üçün elə bir fərqi yoxdur. Digər bir tərəfdən xanım onu da dedi ki, bu məsələlərə baş qoşsa, yaxşı bilir ki, süründürməçiliklə üzləşəcək: «Əgər bu sevdaya düşsəm, bilirəm ki, idarələrə get-gəllər başlayacaq. Nəyimə lazımdır? Yaşlı arvadam. Belə soyadın mənim üçün heç bir ziyanı yoxdur ki». Əvvəldən «bizi o maraqlandırır ki, bir tikə çörəyimiz olsun», deyən Mehriban xanım isə diqqətə çatdırdı ki, əgər bu məsələlər asan başa gəlsəydi, o da çox istərdi ki, soyadının sonluğu ulu babasının soyadı ilə eyni olsun. Mehriban xanımın dediyinə görə, onun babasının familiyası -li sonluğu ilə bitib.

Söhbətə qulaq asan bir tələbənin dediyinə görə, o da vaxtilə soyadını dəyişmək istəyib, amma qarşısına çıxan bir sıra əngəllər buna mane olub. Bu səbəblərdən də o, artıq fikrindən daşınıb. Azərbaycan Beynəlxalq Universitetinin II kurs tələbəsi Fəxrəddin Tağıyev isə bildirdi ki, ov soyad sonluğu onun xoşuna gəlir və bunu dəyişməyi də düşünmür. Eyni sualla başqa xanımlara da müraciət etdikdə onlardan adı Elnarə olanı bildirdi ki, çox istəyib ki, soyadının sonu milli olsun. İndi nişanlanıb və toy edəndə soyadını da dəyişəcək. Övladı ilə gəzintiyə çıxan ana isə deyir ki, heç indiyə kimi bir dəfə də olsun ağlına gəlməyib ki, familyasının sonunu dəyişsin. Sorğumuzu davam etdirərək Binəqədi rayon Biləcəri qəsəbəsinin sakinlərinə də müraciət etdik. Burada yaşayan insanların cavabları məndə onların soyadlarının sonluğunu dəyişdirmək istəyinin mərkəzdə yaşayan xanımlara nisbətən daha çox olması kimi bir hiss oyatdı. Mağazada satıcı işləyən Məlahət xanıma bu barədə sual verəndə bir növ utanc və peşmançılıq hissi keçirdik. Üz-gözündən fikirli görünən bu xanımın «keçi can hayında, qəssab piy axtarır» deməsindən isə bir az qorxsaq da, sonradan bu fikirlərimizin yanlış olduğunu anladıq. Laçın qaçqını olduğunu bildirən xanım elə bil ki, illərdir heç kimlə kəlmə kəsməmişdi. “Mən də çox istəyirəm ki, soyadımın sonluğu milli olsun. Amma bu istəyimi reallaşdırmaq istəyəndə xəyalımda şəxsiyyət vəsiqəsi çıxardığımız zaman başımıza gələn ”sərgüzəştlər" canlanır. Bu proses düz dörd ay çəkdi. Qanuni ödəməli olduğumuzdan da dəfələrlə artıq pulumuz çıxdı. Bu da Rusiyada çörək pulu qazanan qardaşımın gəlişindən sonra düzəldi. Tutaq ki, mən soyad sonluğunu dəyişdirmək qərarına gəldim. Kim bilir vəsiqədən ötrü bu qədər xərc çıxan yerdə bu işdən ötrü nələr tələb olunar? Bir sözlə, şəxsən mən idarə qapılarında sürünmək istəmirəm". Çiçək xanım isə ona ünvanlanan suala sualla cavab verdi: “Bunun mənə nə xeyri var?” Xanım nə vaxtsa bu barədə fikirləşdiyini yadına sala bilmədi. Sevinc Məmmədova isə oğlunun soyadını milli soyad kimi yazdıranda özünün də familiyasını dəyişdirmək arzusunda olduğunu dedi. Amma bu arzu «sənədlər hamısı dəyişilməlidir» fikrindən sonra baş tutmayıb. Yəni valideynlə övladın soyadı fərqlidir (Məmmədova və Məmmədli).

İndi artıq bir çox ailələrdə uşaqların soyad sonluğu yeni qaydada yazıldığı üçün onun sonluğunda məlum fərqlər yaranır. Soyadını dəyişmək istəyən insanlara “bütün sənədləriniz dəyişməlidir” deyilir. Bəlkə sabahdan familiyaları fərqli olduğu üçün “bu uşaqlar da sizə aid deyil” deyiləcək. Sadə insanlar arasında apardığımız sorğu- sualdan aydın oldu ki, insanları bu işdən daha çox çəkindirən qarşılarına çıxan süründürməçilik və digər əngəllərdir. Baxmayaraq ki, aralarında milli soyadlarını bəyənməyən və dəyişdirməyi ağlına belə gətirməyənlər də tapıldı.

Məhərrəm Zülfüqarlı

"İctimai Problemlərin Tədqiqi” Assosiasiyasının  sədri, t.e.n.

Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az