Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ŞƏRH | Qərbin “soyqırım” oyunu

Qərbin “soyqırım” oyunu

image

ABŞ və Avropa “soyqırım” oyunu ilə bir əldə iki qarpız tutmuş olur

ABŞ Konqresinin  xarici əlaqələr üzrə komitəsi qəbul etdiyi qətnaməsi ilə 1915-ci ildə Osmanlı İmperiyası ərazisində ermənilərin kütləvi qırğınını soyqırım kimi tanıyıb. Son anda Obamanın administrasiyası buna mane olmağa cəhd göstərsə də, konqresmenlər güzəştə getmədilər. Nəticədə isə ABŞ-Türkiyə münasibətlərində soyuqluq başaldı. ABŞ-dan sonra İsveç parlamenti “soyqırım”ı tanıdı, İspaniya isə məsələni müzakirəyə çıxaracağını elan etdi.

Səsvermənin təsiri

Komitədə qətnamə 23 leyhinə və 22 əlyhinə səslə qəbul olundu, Konqresin özündə isə məsələnin sonu müəmmalı olaraq qalır. Hər halda bu qətnamə ABŞ-ın Yaxın Şərq və Orta Asiyada əsas müttəfiqi Türkiyə ilə münasibətlərinə xələl gətirə bilər. Səsvermədən bir neçə dəqiqə sonra rəsmi Ankara Vaşınqtondakı səfirini məsləhətləşmələr üçün geri çağırdı. Xatırladaq ki, 2007-ci ildə də Konqresin komitəsi oxşar layihə qəbul edərkən Türkiyə anoloji addım atmışdı.

Bu problem yalnız türkləri və Türkiyəni itirməkdən qorxan amerikalı siyasətçiləri deyil, Amerika ağır sənaye nəhənglərini də narahat edir. Səsvermənin nəticələri Amerikanın müdafiə sənayesinin “Lockheed Martin”, “Boeing”, “Raytheon”, “United Technologies” və “Northrop Grumman” kimi iri şirkətlərinin biznes maraqlarına birbaşa təsir göstərə bilər. Onların Türkiyəyə vertolyot, raket və F-35 qırıcılarının satılması ilə bağlı layihələri var, indi isə bu razılşamalar pozula bilərlər. Bundan əlavə, ABŞ-ın Türkiyə-Ermənistan yaxınlaşması planı da zərbə altına düşür.

Obama administrasiyası komitə üzvlərini qətnaməyə qarşı yönəltmək istəyirdi.  Ağ evin sözçüsü Mayk Hammer martın 4-ü bildirdiyinə görə, dövlət katibi Hillari Klinton xarici əlaqələr üzrə komitənin sədri Kaliforniyalı konqresmen-demokrat Hovard Bermana zəng edərək, başa salmışdı ki,  komitənin hərəkəti Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına xələl gətirə bilər. Qeyd etmək yerinə düşərdi ki, 2008-ci ildə hələ senator olarkən Barak Obama seçki kampaniyasında prezident olacağı təqdirdə “erməni soyqırımı”nı tanıyacağını bəyan etmişdi. Mayk Hammer buna da münasibət bildirərək, prezidentin tarixə baxışlarının dəyişmədiyini söylədi.

Klinton və Buş administrasiyasından fərqli olaraq Obama hökuməti səsverməyə qədər etirazını açıq elan etməmişdi, əksinə sükuta qərq olmuşdu. Ağ evin rəsmi məlumatına əsasən, martın 3-ü Türkiyə prezidenti Abdulla Güllə telefon danışığı zamanı Barak Obama yalnız Türkiyə-Ermənistan münasibətləri barədə danışmışdı.

Tarix

Ermənilərin iddiasına əsasən, 1915-ci ildə Osmanlı İmperiyası birinci dünya müharibəsində iştirak etdiyi zaman ölkədə 1,5 milyon etnik erməni qətlə yetirilmişdi. Elə həmin dövrdə Britaniya mətbuatı ilk dəfə “holokost” sözünü “erməni soyqırımı”nı ifadə etmək üçün istifadə etmişdi. Ermənilərin fikrincə, məhz bu “soyqırım” yəhudilərin iddia etdikləri Holokosta zəmin yaratmışdı (?). Tarixçilər arasında bu məsələ ilə bağlı fikir ayrılığı var. Bəziləri hesab edirlər ki, Osmanlı İmperiyasında ermənilər türk hökuməti tərəfindən həqiqətən öz evlərindən kütləvi surətdə köçürülüb və qətlə yetirliblər, bu da soyqırım anlayışı ilə üst-üstə düşür. Bəziləri isə, bu hadisələri Osmanlı hökumətinin siyasəti yox, Rusiyanın qızışdırdığı vətəndaş müharibəsi zamanı yerli əhali arasında baş vermiş qarşıdurmanın nəticəsi kimi  dəyərləndirirlər. Bu isə hüquqi cəhətdən soyqırım tərifinə uyğun deyil.

Məsələnin Ermənistanın müstəqillik əldə etdikdən sonra gündəmə gəlməsi barədə düşünmək düzgün deyil. 1975 və 1984-cü illərdə Konqresin Nümayəndələr Palatası 1915-ci il hadisələrinin soyqırım kimi tanınmasını səs qoymuşdu. 2007-ci ildə isə Buş administrasiyası Konqresin “soyqırım”a dair plenar səsverməsinin qarşısını almışdı. Erməni lobbisi on illərdir ki, bu qərarın qəbul olunmasına çalışırlar, ancaq hər dəfə Türkiyəni qıcıqlandırmaq istəməyən Ağ Evin müqaviməti ilə rastlaşırlar.  Ümumiyyətlə qeyd olunmalıdır ki, “soyqırım”ın baş verməsi ABŞ-da müzakirə obyekti deyil. Problemlə bağlı müzakirələrdə iştirak edən siyasətçilər “soyqırımı” fakt kimi qəbul edirlər, mübahisələrə səbəb Türkiyə kimi müttəfiqin itirilməsi təhlükəsidir.

Yanaşmalar

Səsvermənin nəticəsi ermənilərin sevincinə səbəb oldu. ABŞ-da fəaliyyət göstərən Erməni Milli Komitəsinin müşaviri Viken Papazyan mətbuata açıqlamasında bildirib: “Bu məsələ istənilən halda hər bir erməninin duyğuları ilə bağlıdır. Zaman ötür, həmin hadisələrin təsiri isə qalır”. Onun sözlərinə görə, Konqresin atdığı addım erməni icmasını sevindirdi.

“Biz ermənilərlə yaxınlaşma ideyalarına dəfn edə bilərik, hazırkı durumda sərhədləri açmaq olmaz”, - Yaxın Şərq Texniki Universitetinin beynəlxalq münasibətlər üzrə müəllimi Hüseyn Bağçı söyləyir. Onun fikrincə, Türkiyədə antiamerika ruhiyəsi daha da güclənməlidir, “soyqırım” tanındığı halda isə türklər bunu hökumətin xarici siyasətinin iflasa uğraması kimi qəbul edəcəklər.

Türkiyənin erməni icması isə məsələyə emosional yanaşmamağa çalışır. Türk və erməni dillərində dərc olunan “Agos” qəzetinin baş redaktoru Etyen Maxçupyan deyir: “Biz türklərin arasında yaşayırıq və Türkiyə 100 il ərzində ilk dəfə dəyişir. Əlbəttə, 1915-ci il bizim üçün çox mühümdür, ancaq o hadisələrin Konqres tərəfindən necə adlandırılacağı bizim üçün əhəmiyyət kəsb etmir”.

Vəfa Quluzadənin fikrincə, bu qərardan sonra Türkiyə ilə ABŞ arasında münasibətlər gərginləşəcək: “Türkiyə düşünəcək ki, özünü Amerika və ermənilərdən qorumaq üçün nə etməlidir. Mən hesab edirəm ki, ABŞ-ın Əfqanıstanda və İraqda işləri çətinləşəcək, Türkiyə öz əsgərlərini Əfqanıstandan çıxaracaq. Türkiyə İranla əlaqələri gücləndirməli, İranın embarqosuna hərtərəfli maneçilik törətməlidir. İranla, bütün digər ölkələrlə işbirliyi yaratmalıdır. Azərbaycan da Türkiyənin yanında olmalıdır”.

Rasim Musabəyov 2007-ci ildə olduğu kimi, bu dəfə də qətnamənin Nümayəndələr Palatasında qəbul edilməyəcəyini və gündəlikdən çıxarılacağını düşünür. Onun sözlərinə görə, ABŞ-ın Türkiyədən bəzi istəkləri var və bu istəklər heç də ermənilərlə əlaqəli deyil. Bu, Əfqanıstan, İran, İraq məsələləri, Türkiyə ərazisində raket əleyhinə sistemlərin yerləşdirilməsi ilə bağlıdır. Ona görə də bu cür müzakirələr imkan yaradır ki, Türkiyəyə müəyyən təzyiq göstərilsin.

Corc Meyson Universitetinin siyasət üzrə professoru Mark Kats Nümayəndələr Palatası ilə Senatın qətnaməyə səs verib-verməməsini şübhə altına qoyur: “Fikrimcə, buna az ehtimal vermək olar, çünki Senat belə bir mübahisəli sənədin qəbul olunmasında çətinlik çəkəcək.” Eyni zamanda amerikalı professor həlledici rolun Türkiyəyə məxsus olduğunu iddia edir. Onun sözlərinə görə, əgər Türkiyə komitənin səsverməsinə mənfi reaksiya verib Vaşınqtonla münasibətlərini korlasa, sənədin Nümayəndələr Palatası ilə Senat tərəfindən qəbul olunması  şansı çoxalacaq.

Nə faydası?

Türkiyə ilə Ermənistanın bu məsələdə bu qədər canfəşanlıq göstərmələri müəyyən qədər anlaşılmazdır. Birincisi, erməni “qətliamı”nın Osmanlı dövlətində törədilməsi ABŞ tərəfindən tanınarsa, sadəcə olaraq bu “soyqırım”ı tanımış ölkələr siyahısına bir ölkə də əlavə olunacaq. İkincisi, bu baş tutduqda belə Türkiyə heç bir məsuliyyətə cəlb oluna bilməz, çünki BMT Baş Assambleyasının müvafiq konvensiyasına əsasən, soyqırımda təqsirli olan hökuməti ya cinayətin baş verdiyi ölkənin məhkəməsi və ya həmin dövlət tərəfindən mühakimə hüququ tanınan beynəlxalq məhkəmə məsuliyyətə cəlb edə bilər. Bir sözlə ya Türkiyə məhkəməsi ya da Haaqa məhkəməsi bununla məşğul olmalıdır. Osmanlı hakimiyyəti isə fiziki cəhətdən mövcud olmadığından heç bir məsuliyyətə cəlb oluna bilməz. Osmanlının varisi Türkiyə ən pis halda “soyqırım”da əziyyət çəkənlərə (əgər onlar sağdırlarsa) və onların ailələrinə simvolik təzminat ödəyəcək və Türkiyə vətəndaşlığını təklif edəcək. Bu da nə Türkiyə üçün böyük bir itki, nə Ermənistan üçün böyük qələbədir.

Deməli məsələ problemin maddi cəhətində deyil. Ermənilər öz soyqırımları ilə yəhudilərin öz Holokostu arasında paralel çəkmələri təsadüfi deyil. Ərəblərin mühasirəsində yaşayan kiçik bir İsrail dünyada ən nüfuzlu diapora malikdir, onlar dünyanın istənilən ölkəsində qarşısında yaşıl işıq görürlər. Holokostun da bu işdə rolu olduqca mühümdür. Məzlum bir xalq fiksiyası yaratmış yəhudilər sanki dünyadan intiqam alırlar, “kövrək” qəlbli qərb dünyası da bunu sakitcə müşahidə edir. Ancaq unutmaq lazım deyil ki, ermənilər yəhudi deyillər, türklər isə ərəb. Ermənilər öz “məzlumluğ”u ilə nə Böyük Ermənistan yarada biləcək, nə də qlobal siyasətə təsir göstərəcəklər. Ən yaxşı halda aprelin 24-ü ABŞ və Avropa yas elan edəcək, ermənilər də buna sevinəcəklər. Türkiyə isə...

Bir əldə iki qarpız

Türkiyənin bu məsələ ilə təlaşını iki səbəbə bağlamaq olar. Birincisi, “soyqırım”ın tanınması qərbdə vüsət tapsa Türkiyənin, daha doğrusu müsəlman türklərin “vəhşi qatil” obrazı hüquqi təsdiqini tapmış olacaq. İslam xilafəti sayılan Osmanlı dövləti XX əsrin ilk “dəhşətli soyqırımı”nı törədən “qaniçən” dövlətə çeviriləcək. ABŞ İraq və Əfqanıstanda müsəlmanların qətlinə, Avropa isə öz ərazisində ərəb və türk immiqrantların məcburi assimilyasiyasına mənəvi cəhətdən bəraət qazandırmış olacaqlar. Xristianlara qarşı “nifrət”in qanına hopmuş türklərə Avropa Birliyində yer tapılmayacaq. Bir sözlə “erməni soyqırımı” ilə qərbin yaratdığı vəhşi İslam aləmi əsərində atom bombası yaradan iranlılar və xarınlamış ərəblərə sonuncu ştrix – qatil türklər də əlavə olunacaq.

İkinci səbəb isə, Türkiyənin İslam aləmindəki mövqeyi ilə əlaqəlidir. Türkiyənin qərblə münasibətlərinin soyması ABŞ-ın maraqlarına uyğundur. Bu gün müsəlman aləmində Türkiyə kimi ABŞ-a müttəfiq ölkənin lider olması üçün Ankara ilə qərb arasında ciddi narazılığın mövcud olması illüziyası yaratmaq lazımdır. İndiyədək Türkiyə ABŞ Konqresində yəhudi lobbisinin dəstəyini alırdı, hazırda yəhudilərlə türklərin arasının dəyməsi təbliğ olunur. İndiyədək Türkiyə Avropa Birliyinə can atırdısa, hazırda Türkiyənin müsəlman olduğundan Avropa ailəsinə qəbul edilməməsi açıqca söylənilir. Bir sözlə, belə təəssürat yaranır ki, ABŞ Türkiyə kimi müttəfiqini bir ovuc xristian erməninin maraqlarına qurban verir. Ancaq ABŞ-ın xarici siyasəti həmişə öz praqmatikliyi və əvvəlcədən düşünülməsi ilə seçilib. Vaşınqton Türkiyəni belə asanlıqla əldən verə bilməz və verməyəcək də, çünki Yaxın Şərq və Orta Asiyaya çıxış yalnız Türkiyə vasitəsilə mümkündür. ABŞ əksinə Türkiyənin güclənməsində maraqlıdır və müsəlman xalqlarının dini dirçəlişi fonunda öz müttəfiqini irəli aparmalıdır. Bu da yalnız müsəlmanları Türkiyənin xristianlar tərəfindən aldadılmış, qərbdən küsmüş və islamlaşmış bir ölkə olduğuna inandırmaqla  mümkündür. Beləliklə də qərb “soyqırım” oyunu ilə bir əldə iki qarpız tutmuş olur – həm vəhşi müsəlman düyası obrazını tamamlayır, həm də öz müttəfiqini İslam dünyasının liderinə çevirir.

Samir Pənahov

Məlumatdan istifadə edərkən “salaminfo.az”a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az