Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | REPORTAJ | Bağdad koloriti

Bağdad koloriti

image

“Min bir gecə”nin vətənindən əsər-əlamət qalmayıb

Hazırda İraqa səfər etmək elə də asan iş deyil. Düzdü, bu o qədər də böyük maliyyə tələb etmir – 600-700 manatla kifayətlənmək olar (təbii ki, əgərə avtobusla səyahət etsəz).  Lakin, İraqa gələnlər həyatları ilə oynayırlar.  Hətta müqəddəs yerləri ziyarət edənlər belə terrorçuların hücumndan amanda deyillər. Daha doğrusu, elə ən çox hücuma məruz qalan elə zəvvarlardır.  Azərbaycandan İraqa gələnlərin də, demək olar ki, hamısı zəvvardır. Karvan başçısı zəvvarları yalnız ən əmin Kərbəla və Nəcəf şəhərlərinə aparır. Bəzən vəziyyət sakit olarsa, Bağdadın Kazimeyn qəsəbəsinə də getmək nəsib ola bilər. Lakin Samirə şəhərinə heç kəs zəvvar aparmağı risk eləmir. Samirəyə ziyarətə getmək istəsəz, heç kəsin sizin taleyinizə görə məsuliyyət daşımadığı barədə sənəd imzalayıb fərdi qaydada yola düşə bilərsiz. Bütün bu təhlükələrə rəğmən İraqa zəvvar axını azalmır ki, çoxalır. İmamların müqəddəs hərəmləri bu cür qəribə cazibəyə malikdir. 

Ziyarət təqribən iki həftə çəkir. Həmin müddət ərzində zəvvarlar Bakıdan İran vasitəsilə İraqa, burada Kərbəla, Nəcəf və Kazimeyn şəhərlərini ziyarət etdikdən sonra yenidən İrana dönüb Məşhədi ziyarət edib vətənə qayıdırlar. Səfərin ən çox hissəsi avtobusda keçir. İraqda təhlükəsizlik baxımından avtbuslar yolda dayanmadığından səfərin əziyyətinə qatlaşmaq bir o qədər də asan deyil. 

Fürsət 

Kazimeyin. Cümə günü. İraq paytaxtının mərkəzinə getmək üçün karvandan ayrılıb ayrıca avtobusa minməli olduq. Daha doğrusu bir neçə ölkədən olan xarici jurnalist və turistlərin Bağdadı səyahət etdiyini eşitdikdə, fürsəti əldən buraxmayaraq onlara qoşulub yola düşdük. Avtobusumuz silahlılarla dolu cipinin arxasıca gedirdi. Həmin silahlıların vəzifəsi sərnişinlərin təhlükəsizliyini təmin etməkdir – istənilən vaxt yol kənarında gizlənmiş terrorçular avtobusu atəşə tuta bilərlər. Şəhər barədə ilk təəssürat – başdan ayağı beton divarlar. Onlar sakinləri partlayışdan qoruyurlar. Divarların arxasındakı binaların fasadları demək olar ki, görsənmirlər. Sanki uzun tunel içindən keçirik. Bu azmış kimi hər addım başı blokpostdan keçməliyik. Əgər hansısa məbədə yaxınlaşırdıqsa, fotoaparatla telefonlarımızı təhvil verirdik. 

Min bir sifətli şəhər 

Əslində Bağdada gedərkən dağınıq bir şəhər görəcəyimi bilirdim. Lakin, nə qədər də dağılsa bu tarixin ən möhtəşəm şəhərlərinin birində insanı valeh edə biləcək hansısa mənzərənin qaldığına ümidim itmirdi. Bağdad qədim Babil yaxınlığında inşa edilmişdi (uzun əsrlər boyu avropalılar şəhəri elə Babil adlandırırdılar). Əfsuslar olsun, hazırda Babil xarabalığına getmək mümkün deyil. Elə Qədim Bağdadı da doyunca dolaşmaq alınmadı. Kazimeyn Bağdadın qərb hissəsində, şəhərin mərkəzi isə şərq hissəsindədir. Düzdü, hazırda ölkənin ən təhlükəsiz yeri – Yaşıl zona Kazimeyinlə eyni sahildədir. Elə zəvvarların qaynıyıb-qarışdığı hərəmləri tərk edər-etməz ölü şəhərə girdik. Yaşıl zonanı marşrutda olmadığından, onun yanından – Cümeyrə körpüsündən keçdik. Bir qədər sonra partladılmış Əbdülqədir Gilani türbəsinin yaxınlığından keçdik. Qədiriyyə sufi təriqətinin banisinin məqbərəsi bir neçə il öncə terrorçuların hücuma məruz qalmışdı. Vaxtı ilə dünyada ən geniş yayılmış sufi təriqəti şeyxinin ziyarətinə böyük zəvvar axını gəlirdi. İndisə türbə yaxınlığında bir adam da yox idi. Sarı kərpiclərlə tikilmiş hərəmin üzərində uzun göy münalı künbəz ucalır. Şeyxin qəbri məhz həmin künbəzin altındadır. Türbə böyük məscidin içindədir. Kompleksin namaz qılınan hissəsi üzərində böyük yumru ağ künbəz durur. Minarələrlə yanaşı, məscidi saat qülləsi də bəzəyir. Sarı divarların üzərində ərəbcə yazılar olan göy minalı xətt gedir. Məscidin girişindəki tağlar üzərinə yapışdırılan elanlar, partlayışın izyəli binanı bir qədər görkəmsiz göstərir. 

Bağdad qəribə şəhərdir. Küçələrin adından buranın milli və dini koloritini görmək olur. Tarixçilərin İraqı “min bir sifətli insanlar diyarı” adlandırmasının səbəbini əyani olaraq Bağdadda görmək mümkündür. İmamlar küçəsi, xəlifələr küçəsi ilə, İmam Museyi-Kazim küçəsi - Harun ər-Rəşid küçəsi ilə əvəz olunur. Sünnü-şiə bölgüsü, bəlkə də dünyanın heç bir yerində bu qədər hiss olunmur. Elə Xüləfa (Xəlifələr – red.) prospekti ilə yolumuzu davam etdik. 

Tarixi mərkəzi 

Dəclənin sahilində Bağdadın içərişəhəri başlayır. İçərişəhərin özünə də, ondan bir qədər kənarda yerləşən Abbasilərin “Qəsrul-xəlifə” sarayına da, amerikalıların talan etdiyi Milli Kitabxanaya (orta əsrlərin ən məşhur və böyük kitabxanası) da  yalnız avtobusun pəncərələrindən tamaşa edə bildik. Sarımtıl divarları mavi mina ilə işlənmiş və kubizm üsulunu xatırladan xəlifə sarayı kompleksi Bağdad arxitekturasının ana xəttini müəyyən edir. Məscidləri yalnız böyük qübbələr fərqləndirir ki, bu da nağılları xatırladır. Əgər Osmanlı üslübunda tikilmiş İstanbulu hündür minarələr bəzəyirsə, Abbasi üsulunda tikilmiş Bağdadı – nəhəng künbəzlər. Şəhərin nisbətən müasir tikililəri,  belə xəlifə qəsrinə uyğunlaşır. Bağdadın sarı-mavi ahəngini pozan Zübeydə məqbərəsidir. Bu altıkünçlü və üzüm salxımına bənzəyən künbəzli məqbərədə Xarun-ər-Rəşidin sevimli xatunu, “Min bir gecə” nağıllarını danışan Zübeydə dəfn olunub. Belə olduqda, məqbərənin niyə Səlcuq üsulunda tikildiyini anlamadım. Buradakı muzeylər vaxtı ilə dünya tarixinin sirlərini qoruyurdu, lakin müharibə zamanı bir çox dəyərli eksponatlar oğurlanmışdı. Onların bir çoxunun ABŞ və İsrailə aparıldığı da söylənilir. Muzeylərdəki olan-qalan artefaktlara baxmaq istəsək də, alınmadı. Demək olar ki, bütün muzeylər qapalıdır.  

Xristian rayonu 

Altı milyonluq Bağdadda 300 minlik xristian icması yaşayır. Kəradə küçəsində yerləşən ən iri katolik kilsəsi “Tanrının anası”, yəni Həzrət Məryəmin adını daşıyır. Bina Bağdadın ümumi arxitekturasına uyğun olmasa da, olduqca gözəldir. Ağ divarlar və tünd qırmızı dam örütyü, saatlı zəng qülləsi və incə məhəccərlər şəhərə xüsusi bəzək verir. Digər ibadətgahlar kimi ciddi nəzarət olunan kilsədə adam yox idi. Xidmətçilərin dediyinə görə, bura əsasən amerikalı əsgərlər gəlirdilər. Bura nisbətən xaldeylərə məxsus kilsə daha canlı görsənirdi. Xaldeylər assuriyalılar kimi də tanınırlar. Onların dini təlimləri pravoslavlıqla eyni olsa da,  Roma papasının dini rəhbərliyini qəbul edirlər. Kilsənin həyətindəki portağal ağacları, yaşıllıq xoş təəssürat bağışlayırdı. Birdən qarşımıza tarixi film qəhrəmanına bənzəyən qırmızı geyimli ruhani çıxdı. Heç demə bu, xaldeylərin rəhbəri patriarx və kardinal III Emmanil Delli idi. Onun rütbəsinin “patriarx və kardinal” olmasını sonradan internetdə öyrənmişdim,çünki gid onu bizə “İraq xristianlarının baş müftisi” kimi tanıtdırmışdı. Elə patriarxın başındakı papaq da bizim mollaların taxdığı buxaraya bənzəyirdi, bircə fərqlə ki, onun buxarasının üstündə bir xaç da var idi. 

Əbu Hənifə məqbərəsi 

Yarım saat keçmədi ki, Hənəfi məzhəbinin banisi İmami-Əzəm Əbu Hənifənin dəfn edildiyi məscidə gəldik. Qarşısında blokpost duran məscidə yalnız polis maşını yaxınlaşa bilər. Turist avtobusları bir qədər uzaqda dayanır, ciddi yoxlanılır. Dəmir şüvülə birləşdirilmiş güzgü ilə maşınların altını yoxlayırlar. Avtobusun yanından keçən göy satan belə terrorçu ola bilər. Odur ki, hər şey yoxlanılır. Qadınlarla kişilər məscidə girməmişdən öncə ayırılır və yoxlanılır. Məscid çox böyük və möhtəşəmdir, formaca İraqın digər ziyarətgahlarına bənzəyir. Bura əsasən sünnülərin gəlməsinə baxmayaraq, qəbir ziyarətini haram bilən radikal sələfilər onlara qarşı sui-qəsd edə bilərlər. Vaxtı ilə Abbasi xəlifələrinə xidmətdən imtina edən böyük alim zindana salınmış və zəhərləndirilərək qətlə yetirilmişdi. Abbasilər bunu ona bağışlaya bilmirdilər deyə, alimin qəbri uzun müddət adi türbədən ibarət idi. Səlcuq daha sonra isə Osmanlı dönəmində kiçik türbə möhtəşəm bir ziyarətgaha çevirildi. Qəbir böyük künbəzin altında incə işlənilmiş zərihin içindədir. Müxtəlif ölkələrdən gələn zəvvarlar zərihin ətrafına dolaşır, namaz qılıb dua edirlər. 

Yarımçıq səfər 

Avtobusumuzun gedəcəyi növbəti məntəqə Sədr-siti idi. Lakin, Kazimeyindəki karvanımızın artıq qayıtmalı olduğunu nəzərə alıb, taksi ilə qayıtdıq. Elə İmami-Əzəm məqəbərəsinin yerləşdiyi eyni adlı küçə və körpü ilə 20 dəqiqəyə çatdlq Kazimeynə. 

Bağdad Qədim İraq torpağında yerləşsə də, Yaxın Şərq meyarları ilə nisbətən gəncdir. Miladi 762-ci ildə xəlifə Abu Cəfər Mənsurun əmri ilə Abbasi xilafətinin paytaxtı kimi Dəclə çayının şərq sahilində inşa edilməyə başlamışdı. Plana görə şəhər dairəvi formada olmalı idi. Ona görə, əvvəlcə ona “Mədinətul-Müdəvvərə” yədi “Dairəvi şəhər” deyilirdi. Lakin tikinti başa çatdıqdan sonra, xəlifə paytaxtı “Mədinətus-Salam”, yəni “Sülh şəhəri” adlandırdı. Bu ad da şəhərin üstündə çox qalmadı. Tədricən şəhər qədim fars dilində “Allahın verdiyi” anlamına gələn “Bağdad” adı ilə məşhurlaşdı. Uzun əsrlər boyu Bağdad Yaxın Şərq və bütün müsəlman aləminin elmi-mədəni mərkəzi olaraq qalırdı. Şəhər bu statusunu hətta Səddam Hüseynin dövründə qorumağa çalışırdı. Lakin, 2003-cü ildə ABŞ və NATO işğalından sonra Bağdad viran edildi. Müharibənin dağıda bilmədiyini isə, terroçular məhv etdilər. “Min bir gecə”nin vətənindən əsər-əlamət qalmayıb.

 

Anar

Salaminfo.az

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az