Salaminfo.AZ: "Azərbaycan" qəzeti İrandan yazdı "Azərbaycan" qəzeti İrandan yazdı ================================================================================ salaminfo.az on 24/01/2012/ 11:50 “Azərbaycan dövləti öz ərazisində istənilən dini və etnik təxribat planlarının qarşısını qətiyyətlə alacaq”. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 24 yanvar sayında bu başlıqlı yazı çıxıb. Məqalədə İran mövzusundan bəhs olunur: “Rəsmi Bakının İranla iktərəfli əlaqələrdə mehriban qonşuluq və dostluq prinsiplərini rəhbər tutmasına baxmayaraq bu ölkə Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə göstərib. Bu günlərdə Azərbaycanın dövlət və ictimai saytlarına İran hakerlərinin hücumu da yaxın qonşumuzun ölkəmizə münasibətdə xoşməramlı niyyətinin olmadığını açıq göstərdi. İranın destruktiv dairələri ölkəmizdə qanunvericilik və dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə rəvac verirlər. Azərbaycan İslam Partiyasının üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunması bu bədxah qüvvələrin “kənar əllər” vasitəsilə idarə olunduğunu bir daha təsdiqləyib. Ölkə ərazisində ifşa olunmuş əksər dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə qarşı İran KİV-ində ayrı-ayrı siyasətçilərin, generalların və ayətullahların çıxışlarının da yer alması son dərəcə təəssüf doğurur. Həmin çıxışlarda Azərbaycan xalqı və dövləti haqqında ultimativ tərzdə fikirlərin yer alması, çox zaman isə etik normalara sığmayan açıqlamalara rast gəlinməsi islami dəyərləri önə çəkən bir dövlətin, əslində, islami prinsiplərdən tamamilə uzaq olduğunu göstərir. İslam dəyərlərini daim önə çəkən İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanla sıx münasibətlər qurması da islam prinsipləri ilə bir araya sığmır. Dünyaya bəllidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal edilib və 1 milyondan artıq müsəlman öz doğma yurdlarından didərgin düşüb. İran dövləti isə müsəlman qardaşlığından dəm vurduğu halda işğalçı dövlətlə bütün sahələrdə əməkdaşlıq edir”. Yazıda qeyd olunur ki, İran xüsusi xidmət orqanlarının ölkədə həyata keçirməyə cəhd etdikləri istənilən dini və etnik təxribat planları, ayətullahların sərsəm bəyanatları iflasa məhkumdur: “Azərbaycan güclü dövlətdir. Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə terror aktına hazırlıqda təqsirli bilinən bir qrup şəxs yaxalanıb. İstintaq zamanı müəyyən edilib ki, həmin şəxslər öz cinayət əməllərini məhz İran xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşovdan aldıqları sifariş əsasında həyata keçirməyi nəzərdə tuturlarmış. Bu fakt yazıçı-publisist Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları da artırır. 2007-ci ildə vəfat edən ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı fətva verib. Onun oğlu isə R.Tağının qətlə yetirilməsindən sevindiyini gizlətməmişdi. Amma qonşu dövlət bilməlidir ki, Azərbaycan dövləti öz ərazisində istənilən dini və etnik təxribat planlarının qarşısını qətiyyətlə almağa qadirdir. Bütövlükdə, İranın apardığı uğursuz siyasət bu dövlətin dünyada təklənməsinə gətirib çıxarıb. Yaxın və uzaq ölkələrlə ultimatum dilində danışan və dünyada gedən proseslərdən özünü təcrid edən İran artıq Qərbin iqtisadi və siyasi sanksiyaları məngənəsində sıxılıb qalıb. İran hazırkı şəraitdə Azərbaycanla münasibətləri normal məcrada inkişaf etdirməlidir. Münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi bu gün və gələcək üçün son dərəcə vacibdir. Siyasi analitiklər müsəlman dövlətləri tərəfindən dəstəklənməyən İran barədə nikbin proqnozlar irəli sürmürlər. İran tərəfi yaranmış vəziyyətdən ən qısa zamanda ciddi nəticə çıxarmalıdır”. Media forum