Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | MÖVQE | Yüksəlməkdə olan İslam

Yüksəlməkdə olan İslam

Malik olduğu dəyərlərin universallığını təbliğ edən Qərb dünyası uzun tarixi dövr ərzində bütün dünyaya, o cümlədən islam dünyasına bu fikri aşılamağa çalışır ki, tərəqqi və inkişafın yeganə yolu Qərb dəyərlərinə üz tutmaqdan ibarətdir. Bu fikrin tərəfdarları öz baxışlarını bununla əsaslandırmağa çalışırlar ki, Qərbin nail olduğu iqtisadi yüksəlişə, maddi rifaha, hərbi-siyasi qüdrətə yetişmək üçün ilk növbədə bu yüksəlişi doğuran mədəniyyəti mənimsəmək lazımdır. Bu nəzəriyyənin tərəfdarları Qərb intibahını şərtləndirən əsas amil kimi sekulyarizmi - dinin ictimai-siyasi proseslərdən kənarlaşdırılması məsələsini xüsusilə qabardaraq, dini hər cür inkişafın qarşısında tormozlayıcı faktor kimi təqdim edirlər.

Bir çox müsəlman ölkəsində ziyalılar arasında bu nəzəriyyə özünə çox sayda tərəfdar toplaya bilib və bunun nəticəsində dünyəvi müsəlman dövlətləri meydana gəlmişdir. Bu prosesin güclənməsində 1923-cü ildə Osmanlı Sultanlığının ləğv edilməsi və islam dininin gənc Türkiyə Respublikasının dövlət dini statusundan məhrum edilməsinin xüsusi rolu olmuşdur. İslamın yayıldığı ərazidə mövcud olan dövlətlərin böyük əksəriyyəti dekolonizasiya prosesində dünyəvi dövlətlər kimi formalaşmışdır. Bir çoxlarının, o cümlədən Qərb tədqiqatçılarının da fikrincə, islamın siyasi sferadan sıxışdırılıb çıxarılmasında müstəmləkəçi hakimiyyətlərin məqsədyönlü fəaliyyətinin, həmçinin Qərbin siyasi mədəniyyətinin müsəlman dünyasına təsirinin həlledici rolu olub. İslam tədqiqatçılarından biri olan C.Vatikiotisin qeyd etdiyi kimi, “Son 150 il ərzində islamın bir din və qanun kimi dövlət işlərinin, iqtisadiyyatın və beynəlxalq münasibətlərin formalaşmasında rolu ardıcıl olaraq, amansızcasına məhdudlaşdırılıb”.

Bütün bunlara baxmayaraq bəzi islam mütəfəkkirləri islam dininin spesifik xüsusiyyətlərini, bu dinin xristianlıqdan fərqini nəzərə alaraq belə bir iddia irəli sürüblər ki, müsəlman xalqlarının inkişafa nail olması üçün onların heç də Qərb millətlərinin keçdiyi tarixi yolu təkrarlamasına ehtiyac yoxdur. Əgər xristianlıqda ağıl və iman bir-birinə zidd iki kateqoriyadırsa və «Bibliya» ağılı imanın düşməni kimi təqdim edirsə, islam əqidəsi, əksinə, rasional məntiq üzərində qurulmuş, insanları ağıla və təfəkkürə dəvət edən ən kamil bir dini əqidədir. Bu mütəfəkkirlərdən Cəmaləddin əl-Əfqani, Şeyx Məhəmməd Əbdüh, İqbal Lahuri, Mürtəza Mütəhhəri və digərlərinin adlarını çəkmək olar. Bu mütəfəkkirlər hesab edirdilər ki, orta əsrlərdə Avropa xalqları faktiki olaraq dinlərindən imtina etməklə doğru seçim ediblər. Kilsənin elmə qarşı tutduğu amansız mövqe, xristian təliminin məntiqə zidd olması, bu təlimin fəlsəfi baxımdan yetərsizliyi sekulyarizmi doğuran əsas səbəblərdən biridir. Adını çəkdiyimiz alimlərin fikrinə əsasən, xristianlar öz dinlərindən imtina edib islama doğru bir addım atmaqla intibah dövrünə qədəm qoydular. Çünki M.Lyuterin təklif etdiyi islahatların əsasını insan şəxsiyyətinin uca tutulması, kilsənin insanla Allah arasında vasitəçilik missiyasından imtina edilməsi, insanın öz taleyini yaratmaq qüdrətinə malik olması təşkil edirsə, bu görüşlərin hamısı Quran məntiqindən qaynaqlanır. Heç şübhəsiz, bu görüşlərin formalaşmasında Avropanın İslam mədəniyyəti ilə tanış olmasının müstəsna rolu olub. Məhz bu səbəbdən Şeyx Məhəmməd Əbdüh belə bir maraqlı fikir irəli sürüb: “Xristianlar öz dinindən imtina etdiyi gündən inkişaf yoluna qədəm qoyublarsa, müsəlmanlar, əksinə, dinlərindən uzaqlaşdıqları gündən tənəzzül etməyə başlayıblar”. Cəmaləddin əl-Əfqaniyə görə, islamda mövcud olan ictihad (Quran və hədislər əsasında çıxarılan rəy) bu dinə dinamiklik bəxş edir, onu zamanla uyğunlaşdıraraq ictimai və siyasi proseslərdə dolgun bir əqidə halına gətirir.

Bütün bu deyilənlər siyasi islamın nəzəri əsaslarının xülasəsi idi. Bu nəzəriyyələrin yeni İslam intibahının yaranmasında böyük təsiri olub. Yeni İslam intibahı dedikdə ötən əsrin 60-cı illərindən başlayaraq müsəlmanların siyasi fikrində islamın rolunun güclənməsi, müsəlman ölkələrinin siyasi həyatına bu dinin təsirinin artması prosesini nəzərdə tuturam. XX əsrin 70-ci illərinə qədər Qərb elmində islamın müsəlman dövlətlərinin daxili və xarici siyasətində azalan rolu barədə çoxlu tədqiqatlar yer alıb. Belə ki, 1962-ci ildə Böyük Britaniyada çap olunan “İslam fəlsəfəsi və teoloqiya” əsərinin müəllifi V.Mantqomeri Vatt islamın müsəlman cəmiyyətinin ictimai həyatına heç bir təsiri olmadığını vurğulayaraq qeyd edirdi: “Müsəlman aləmində islam dirçəlişini təmin edə biləcək, geniş nüfuza malik olan bir şəxsiyyətin meydana gəlməsinə şübhə ilə yanaşıram”. Yerli analitiklər də beynəlxalq siyasi proseslərə islamın təsirinin olmayacagı barədə proqnozlar irəli sürürdülər. 1963-cü ildə İngiltərədə “İslam və beynəlxalq münasibətlər” mövzusunda keçirilmiş konfransda çıxış edən bir çox müsəlman və Qərb alimləri müsəlman dövlətlərinin siyasətində islamın rolunun sıfıra bərabər olduğunu önə çəkiblər. Bu konfransın məruzəçilərindən biri olan fələstinli Fuad əs-Saiq belə bir nəticə çıxarıb: “Müsəlman siyasətçilərinin qərarına, ziyalılarının fikirlərinə islam dininin heç bir təsiri yoxdur və yaxın gələcəkdə də olmayacaq”.

Lakin zaman göstərdi ki, Qərb və Şərqdə islamın geniş kütlələrin düşüncəsinə, sosial proseslərə təsir baxımından potensial imkanları düzgün qiymətləndirilməyib. Artıq 80-ci illərin əvvəllərində jurnalistlərin, siyasətçilərin, alimlərin islama münasibəti kökündən dəyişdi. Hamı qəbul etməyə başladı ki, müsəlman dini ciddi bir yüksəliş dövrü yaşayır və demək olar ki, bütün müsəlman ölkələrində müstəqil siyasi gücə çevrilib. İslamın dirçəlişini bir çox tədqiqatçılar bir sıra lokal, regional və ümumdünya miqyaslı faktorlarla əlaqələndirirdilər. Bu faktorlardan aşağıdakıları qeyd etmək olar:

- Bir çox müsəlman dövlətlərinin siyasi elitasının istinad etdiyi Qərb və sovet inkişaf modellərinin effekt- sizliyinin aşkar olması, habelə müsəlman ölkələrində Qərb və sovet təcrübələri əsasında sürətləndirilmiş inkişaf proqramlarının uğursuzluğu;

- Ərəb ölkələrinin 1967-ci ilin iyununda İsrailə məğlub olması nəticəsində millətçi (dünyəvi) ideologiyalarının nüfuzdan düşməsi;

- Müsəlman dünyasında milli zəmində, milli birlik əsasında dövlətlərarası birləşmə proyektlərinin Qərbdə inkişaf etməkdə olan inteqrasiya prosesləri qarşısında uğursuzluğu;

- İranda İslam inqilabının qələbə çalması ilə hakimiyyətə ruhanilərin gəlməsi, İslam modeli əsasında dövlət qurulması, yeni İran hakimiyyətinin ABŞ-la qarşıdurması və xarici siyasət kursunun “İslam düzümü” əsasında formalaşması-bütün bunlar bütövlükdə islam dünyasında, xüsusilə gənclər arasında islama marağı artırdı. Ziyalılar və gənclərdən ibarət olan müsəlman kütlələri müasir dövrün aktual məsələlərinə cavab tapmaq üçün islama yönəlməyə başladılar.

Heç şübhəsiz ki, bu proses Qərbi narahat etməyə bilməzdi. Sovet ideologiyasının süqutundan sonra Qərb dünyası islam ideologiyasının ona ciddi rəqib olduğunu anlamağa başladı. Elə bu dövrdən etibarən Qərb-İslam qarşıdurması artıq sivilizasiyalar toqquşması müstəvisinə yönəlməyə başlayıb. Qərb ölkələri bütün güclərini səfərbər edərək İslama qarşı amansız bir savaşa qalxıb. İlk növbədə bu mübarizə ideoloji yöndə aparılır. İslamı müasir dünyanın çərçivələrinə sığmayan, anaxronik ideyalarla dolu bir din kimi tanıtdırmaq üçün böyük işlər görülür. Dindar müsəlmanlar orta əsrlər mentalitetinə məxsus və ən adi insani hisslərdən məhrum irrasional və kütbeyin insanlar kimi təsvir edilirlər.

Bu gün qlobal islam siması öz mahiyyəti etibarilə dünya siyasətinin qeyri-müsəlman “rejissor”ları tərəfindən yazılmlş ssenaridən ibarətdir.

Bu gün Qərb sivilizasiyasının maraqları xoşagəlməz islam imicinin yayılması ilə qorunmaqdadır. Öz yanında islamın getdikcə genişlənən mövcudluğundan Qərb böyük narahatlıq duymaqdadır. ABŞ, İngiltərə, Fransa və digər Avropa dövlətlərində yaşayan milyonlarla insan yeni dünyanın yəhudi-xaçpərəst əsaslar üzərində qurulmasına etiraz edir, eyni zamanda, Qərb plüralizmi, dini dözümlülük, demokratik azadlıqlar baxımından təftiş edilməsi təklifini irəli sürürlər. Xaricdən islama doğru çağıran sədalar Qərb cəmiyyətinin daxilindəki eyni çağırışlarla müşayiət olunur. Keçən bütöv bir əsr ərzində Qərb özünün islama münasibətdə təmamilə əks qütb- də olduğunu nümayiş etdirib. İndi isə artıq bu “mənfur özgələr” bütün dünyada böyük əhəmiyyət və çəkiyə malik olmaqdadırlar. Əsrlər boyu özünün qeyri-islami xüsusiyyətləri ilə öyünən bir mədəniyyət üçün bundan daha artıq narahatlıq doğuran hansı amil ola bilər?

Qərb hakim dairələrinin bəzi nümayəndələri bütün dünyada islamın bu cür birdən-birə əzəmətlə yayılmasını Qərb üçün çox böyük təhlükə hesab edirlər. İslam Qərbi daxildən dağıtdığı kimi, islamın əzəmətli əks-sədası Qərbi xaricdən də dağıtmaqdadır. İslam alternativi təkcə başqa inkişaf variantı demək deyildir, islam qərbin son məqsədlərindən fərqli bir yol təqdim edir. İslam alternativi “Qərb hamıdan yaxşıdır” müddəasını rədd edir və öz variantını irəli sürür. Tamamilə təbiidir ki, təhqir edilmiş Qərb islamın simasını diskreditə etmək məqsədi ilə ona qarşı “səlib döyüşü” nə başlayıb.

Müsəlman tədqiqatçı M.A.Müqtədarın dediyi kimi: “Nə üçün qərbli alimlər, jurnalistlər, vəzifə sahibləri və sıravi vətəndaşlar müsəlmanların demokratik üstünlüklərdən və liberal cəmiyyətin faydalarından bəhrələnmədikləri üçün bu qədər narahatdılar? Cavabı çox sadədir. Əslində bu məsələ heç kəsi narahat etmir; bizə göstərilənlər isə şişirtmə, ətrafdakılara nümayiş etdirmə və şəxsi asudəliyin təmin olunmasından ibarətdir. Həmin insanlar İraqda uşaqların bombardıman edilməsinə tamamilə biganə yanaşırlar; Fələstin faciəsini, kəşmirlilərin müsibətini, digər ölkələrin müsəlmanlarının başına gələn bəlaları soyuqqanlılıqla izləyirlər; halbuki bu bəlalar cüzi demokratik dəyərlərin itirilməsilə müqayisədə daha artıq itkilərə səbəb olur. Qərb müsəlmanların iztirabının azaldılması üçün heç bir təşəbbüs göstərmir. Minlərlə müsəlmanın acından ölməsinə baxmayaraq, Qərbin liberal vətəndaşlarının gözündən bircə damla da olsun yaş çıxmır. Lakin əlbəttə, bir neçə nəfər Təslimə Nəsrinin islam dinini, yaxud müsəlmanları sərbəst şəkildə tənqid və təhqir etməklə həzz ala bilməməsindən kədərlənirlər. Qərb səbirsizliklə gözləyir ki, nəhayət nə vaxtsa İslam dünyasını dəyişmək, ona öz nümunə və ülgüsünə uyğun tərzdə yamaq vurmaq imkanı qazanacaqdır”.

Bütün bunlara baxmayaraq getdikcə müsəlman ziyalıların daha çox hissəsi başa düşür ki, ateizm, dinin dövlətdən ayrılması müsəlman aləmində heç bir perspektivə malik deyil; yeni yaranan müsəlman təsisat və təşkilatlarının parlamentlərini məhz islam müəyyənləşdirir. Bundan əlavə, İslama qarşı aparılan açıq informasiya savaşına baxmayaraq, Qərbin özündə də insanlar İslamın həqiqi mahiyyətini anlamağa başlayıblar. İslamla Qərb arasındakı fərqlər barədə son dövrlər aparılan diskussiyalar nəticəsində artıq bir çox qərbli  alimlər bu qənaətə gəliblər ki, İslam Qərbdən daha dözümlü, daha mütərəqqidir.

Bütün bunlar Qərb siyasətçilərini ciddi narahat edir. Məsələn, bu gün İranın atom proqramının ətrafında süni şəkildə qaldırılan hay-küy heç də ABŞ və Avropa ölkələrinin İran İslam Respublikasının atom silahına yiyələnməsindən yox, bu müsəlman ölkəsinin uranı müstəqil şəkildə zənginləşdirməsi ilə müasir texnologiyalara yiyələnməsindən, alternativ enerjiyə sahib olmasından və iqtisadi yüksəlişə nail olmasından yaranan qorxu və təşvişinin ifadəsidir. Onları qorxudan budur ki, İranın güclənməsi digər müsəlman dövlətlərini Qərbin təqdim etdiyi inkişaf yolundan fərqli bir yola istiqamətləndirə bilər. Bu yol fundamental dini dəyərlərə əsaslanan inkişaf yoludur. Əgər müsəlman dövlətləri Qərb inkişaf yoluna alternativ olan bu yolun daha effektli olmasına əmin olsalar, bu, faktiki olaraq, Qərb ideologiyasının iflası deməkdir. İdeologiyanın süqutu keçmiş Sovetlər Birliyi üçün nə ilə nəticələndisə, Avropa və ABŞ üçün də eyni cür nəticələnəcək. Bu isə onlar üçün ölümə bərabər bir şeydir. Məhz bu səbəbdən İslam dünyasına qarşı ölüm-dirim savaşına qalxıblar.

 

Hacı Şahin Həsənli

Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az