Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | MÖVQE | İslam tarixində ilk qiyam

İslam tarixində ilk qiyam

image

Həzrət Fatimənin (s) tarixdəki rolu

Həzrət Fatimənin (s) həyatından aldığımız dərslər günümüzdə aktual olaraq qalır. Adətən bu böyük qadının mübarizəsi barədə danışarkən ona baş vermiş fərdi müsibətləri vurğulanır, mübarizənin ictimai cəhətləri isə diqqətdən kənar saxlanılır. Bunun isə iki əsas səbəbi var. Birincisi, xanım olduqca qısa ömür sürüb, ikincisi qadının siyasi səhnədə fəaliyyəti ciddi qəbul olunmur. Həqiqətdə isə, imam Hüseynin (ə) Kərbəla qiyamı İslamı qoruduğu kimi, onun anası Fatimənin (s) də qiyamı sonuncu dini hifz etdi. Əgər bu mübarizə olmasaydı İslam bir din kimi aradan getmişdi. 

Xanım Zəhra (s) təsadüfi şəxsiyyət deyildi. Onun şəxsiyyəti o qədər əzəmətlidir ki, Cəbrayıl onun evinə nazil olur, onu ziyarət edirdi. Xanım Zəhra (s) o qədər əzəmətli şəxsiyyət idi ki, Peyğəmbər (s) onun dünyaya gəlməsi üçün 40 gün Allahın əmriylə dünyadan uzaqlaşıb ibadətlə məşğul oldu. Onun şəninə “Təthir” ayəsi, “Kövsər” surəsi nazil olmuşdu. Hər zaman həzrət Fatimə (s) otağa daxil olanda Peyğəmbər (s) ayağa qalxıb onu qarşılayırdı. Bu atanın qızına hörmət göstərməsi deyildi, bu Zəhranın (s) əzəmətinə görə idi. Peyğəmbər (s) həm özü ona təzim edirdi, həm də dərs verirdi ki, görün Zəhra (s) kimdir ki, ən üstün insan onun ayağına durur və ona ehtiram edir. Xanım Zəhranın (s) tarixi rolu o qədər mühüm idi ki, bu rolu ifa etmək üçün o, bu cür əzəmətini, şəxsiyyətini xərclədi. 

İslam baxımından tarixin mühərriki Haqqla batilin mübarizəsidir. İslam tarixi prosesin inkişafını bu iki qüvvənin mübarizəsində görür. Haqla batilin savaşında iki cərəyan qarşı-qarşıya olur. Həzrət Fatimənin (s) mübarizəsinə səthi nəzər yetirsək elə təəssürat yaranır ki, 4-5 nəfər təsadüfən mübarizə meydanına girib, Haqla vuruşmaq istədi. Xanım Zəhranın (s) müsibətini 4-5 adam yaratmadı, bu 4-5 zalımlın işinin məhsulu deyildi. Həmin dəstə xalqın təbii numayəndələri, xalqın elçiləri idi. Uzaqdan yalnız dağın zirvəsi görsəndiyi kimi, Haqq-batil davasında da yalnız Hüseynlə (ə) Yezid, Əli (ə) ilə Müaviyə görünür. Lakin dağın ətəkləri də var, Haqq dağının da, batil dağının da. Bu mübarizənin zirvəsində həmin 4-5 nəfər idisə, onun ətəyində Mədinə camaatı dayanmışdı. Biz xanım Zəhranın (s) evinin yandırılmasına əmr edənləri görürük, bunun arxasında dayanan xalqı isə yox. Onlara o meydanı verən həmin xalqdır.

Cəmiyyətdə zülm varsa, günahı ilk növbədə xalqda axtarmaq lazımdır. Xanım Fatimeyi-Zəhranın (s) müqabilində biz kimlərisə yox, Mədinə xalqını görməliyik. Bu mübarizəni fərdlərlə məhdud eləmək olmaz, bu mübarizədə Haqq cəbhəsi ilə batil cəbhəsi üz-üzə dayanıb. İctimai proseslərin qaynağı cəmiyyət özüdür. Ona görə də imam Hüseyn (ə) xalqı günahlandıraraq deyir: “Siz belə etdiniz ki, Yezid sizə mübtəla oldu”. Yezidin müsəlmanlara hakim olmasının kökünü elə müsəlmanlarda axtarmaq lazımdır. Allah insana və cəmiyyətə seçim verib. Gələcəyi seçmək ixtiyarı xalqın özündədir. Bu, Allahın dəyişilməz qanunudur: xalq pis olarsa, Yezid onlara hakim kəsilər və onların əlini imam Hüseynin (s) qanına bulaşdırar. Peyğəmbərin (s) vəfatından sonra xalqın az hissəsi Həzrət Əliyə (ə) dəstək verdi (5-12 nəfər), çoxu isə sakit oturdu, sakit oturmaqlarıyla da zülmə şərait yaratdılar. Cahillik də onları üzürlü etmir, çünki cahilliyin qaynağı qəlbi xəstəlikdir. Mədinə camaatının da əksəriyyəti qəlbi xəstəliyə düçar olmuşdu, cəhaləti qəlblərindən qaynaqlanırdı, bilməməzlikdən yox.

Haqq-batil davası çox vaxt şəffaf olmur. Çox zaman batil haqq söz danışaraq Haqqa qarşı hücuma keçir. Batili yaşamağa vadar edən odur ki, həmişə Haqqın libasına girir. Xanım Fatimeyi-Zəhranın (s) mübarizəsi də bu baxımdan şəffaf deyildi. Hələ Peyğəmbər (s) zamanından bir dəstə insan plan cızmışdı ki, vilayət Allahın seçdiyi adamın - Əlinin (ə) əlinə keçməsin. Peyğəmbər (s) vəfat edir, meydan açılır, onlar da planlarını həyata keçirtmək üçün meydana daxil olur. Əli (ə) Peyğəmbərin (s) dəfni ilə məşğul olur, onlar da tələsik xəlifə seçmək üçün Səqifədə toplaşır. Xəlifə seçkilərinə getməməklə Əli (ə) onlara fürsət verdi, onlar da fürsətdən istifadə etməyə tələsdilər. Tələsməklərinin də səbəbi yalnız Əli (ə) deyildi – xilafət kürsüsünə neçə namizəd iddialı idi. Onların tələsmələrinə səbəb Həzrət Əlidən (ə) çox bir-birindən qorxmaları idi: qabağa düşən xəlifə olacaqdı. Başqalarının xəlifə seçilməsindən qorxmasaydılar, səbr edib Həzrət Əliylə (ə) bir yerdə Peyğəmbəri (s) dəfn edərdilər, xilafəti isə sonra əllərinə keçirərdilər. Lakin Peyğəmbər (s) hələ dəfn olunmamış onlar xilafət məsələsini qaldırıb hakimiyyət davasına başladılar. Əli (ə) onların iç üzünü göstərmək istəyirdi deyə onlara fürsət verdi. Artıq camaatın “bunlar bizi aldatdılar” deməyə bəhanəsi olmasın. Əli (ə) xalqa fürsət vermişdi ki, seçim məqamında kimin kim olduğunu görsün.

İkinci vəzifə isə vəziyyəti sakitləşdirmək idi. Həssas bir dövr başlamışdı: din cəmiyyətdə tam bərqərar olmamış həris insanlar özlərini Peyğəmbərin (s) varisi elan etmək istəyirdilər. Bəni Üməyyə başçısı Əbu Sufyan kimi rəzil bir insan gəlib Həzrət Əliyə (ə) koməkliyini təklif edir. Bildirir ki, Əlinin qəsb olunmuş haqqını qaytarmaq üçün silahlı dəstə toplayıb. Əlinin sükut etməsinin haqq olmasına bircə bu dəlil kifayətdir ki, Əbu Sufyan döyüş tərəfdarı idi. Əməvilər belə hakimiyyətə gəlmək üçün fürsət axtarırdı. Xilafətə iddialı olan hər kəs vətəndaş müharibəsinin tərəfdarı idi. Başqa tərəfdən də Əli (ə) sükut etsəydi, deyəcəkdilər “vəziyyətlə razıdır”. Çətinlik də bundadır - həm etirazını bildirməli, həm də mübarizə aparmamalı idi. Odur ki, Həzrət Əli (ə) öz halını belə təsvir edirdi: “Gözümdə tikan, boğazımda sümük qalmışdı”. Məhz burda meydan keçir xanım Fatimeyi-Zəhranın (s) əlinə - o, həzrət Əlinin (ə) edə bilmədiyini etməli idi.

Əli (ə) qiyam etmir, xanım Zəhra (s) isə edir. Çünki qadının qiyama qalxması müharibəyə zəmin yaratmır. Xanım Zəhra (s) mübarizəyə qalxsa da kütləvi mübarizə yaranmazdı, eyni zamanda da Əlinin (ə) sözü də çatdırılardı. Əli (ə) etiraz edə bilməz, Zəhra (s) isə edə bilər. Əli (ə) məsciddə danışa bilmir, onun əvəzinə həzrət Zəhra (s) danışır və Mədinə məscidində məhşur xütbəsini oxuyur. Əliyə (ə) beyət etməmək üçün vaxtı uzatmaq lazımdır, bu imkanı ona xanım Zəhra (s) yaradır. Xanım Fatimeyi-Zəhranın (s) inqilabının digər əhəmiyyəti onda idi ki, o, zahirpərəstlərin gözünün qarşısındakı pərdələri çəkirdi və düşmənlərin mahiyyətini açıb göstərirdi. Fatimeyi-Zəhra (s) çalışırdı ki, insanlara bu davanın həqiqətini göstərsin, camaatı aldanmağa qoymasın. Onun bütün addımlarını təhlil edəndə mübarizəsinin necə düşünülmüş olduğunu görürük.

Xanım Fatimeyi-Zəhrayla (s) Əlinin (ə) müqabilində dayanan insanların məqsədi ümumiyyətlə dinin aradan getməsi idi. Onlar Peyğəmbər (s) zamanından dinin aradan aparılması barədə fikirləşirdilər. Ona görə də Peyğəmbər (s) ölüm ayağında olarkən, Əlinin (ə) müxaliflərini Üsamənin qoşununa qatılıb şəhəri tərk etmələrini istəyirdi. Bunu başa düşəndən sonra xanım Zəhranın (s) necə bir selin qarşısında dayandığını təsəvvür etmək olar. Xanım Zəhra (s) Əliyə (ə) yardım etdi, müxaliflər isə bunu gözləmədiklərindən çətin vəziyyətə düşdülər. Daha öncə qeyd olunmuşdu ki, Peyğəmbər (s) hər dəfə qızı Fatiməni (s) görəndə ayağa qalxırd. Bu davranış atanın övlada məhəbbəti deyildi, bu xanm Zəhranın (s) ictimai mövqeyini möhkəmləndirmək üçün atılan addım idi. Qızlarını diri-diri basdırmağa alışan, qızın doğulmasını ayib bilən ərəblər üçün bu cür davranış olduqca qəribə idi. Ona görə Peyğəmbərin (s) qızına təzim etməsi ərəblərdə dillər əzbəri olmuşdu. Fatimənin (s) Peyğəmbər (s) yanındalı ehtiramı mədinəlilərin yadında idi. Ona görə, əmr olunanda ki, Əlinin (ə) qapısı yandırılsın, camaat demədi ki, bu “Əlinin evidir”, dedilər “Fatimənin evidir”. Peyğəmbər (s) sağlığında Fatiməni (s) tanıtdırmışdı ki, o öz vücudu ilə Haqqı qoruya bilsin.

Odur ki, Həzrət Fatimə (s) mübarizəyə qalxanda müxaliflər çaşqınlığa düşdülər. Əgər Fatiməyə (s) bir şey etsələr, nüfuzdan düşə bilərlər, etməsələr Əli (ə) beyətdən yayınacaq.Onlar Əlini (ə) çətin duruma salmaq istədilər, Fatimə (s) isə onları çətin vəziyyətə saldı. Onlardan biri küçədə xanım Zəhranın (s) üzünə zərbə vururarkən qəzəbini tökürdü, çünki Fatimənin (s) onların planlarını puça çıxaracağını anlayırdı. Xanımın evinə hücum edərkən bilirdi ki, xanım qapının arxasındadır və qapını elə sıxdı ki, həzrət Zəhranın (s) naləsi ucaldı. O məqamdə həzrət Fatimənin müqəddəsliyini aradan aparmaq istəyirdilər. İslam tarixində əvvəllər də buna oxşar hadisə baş vermişdi. Peyğəmbər (s) son nəfəsində deyəndə ki, kağız-qələm gətirin, onlar Peyğəmbər (s) üçün “sayıqlayır” dedilər. Allahın rəsulu (s) Həzrət Əliyə (ə) buyurdu ki, onları otaqdan çıxartsın, qoy onların bu sözü yayılmasın və İslam Peyğəmbərinin (s) əzəmətinə xələl dəyməsin. Söz yayılmasın ki, ümmət öz Peyğəmbərinin (s) sağlığında ikən ona hörmətsizlik edib. Odur ki, Peyğəmbərə (s) vura bilmədikləri zərbəni Həzrət Zəhraya (s) vurdular. Xanım Fatimeyi-Zəhra (s) Əlinin (s) həm canını, həm imamətini qorudu. On iki imamımızın hamısı imamət elədiklərinə görə həzrət Zəhraya (s) borcludur. Onların anaları fəda olmasaydı, imamətləri mümkün olmazdı. İmam Zaman (ə) gələcəkdə öz inqilabına görə xanım Fatimeyi Zəhranın (s) bu inqilabına borcludur.

Həzrət Zəhra (s) Peyğəmbərdən sonra 75-90 gün yaşadı. Həmin müddətdə din qorundu. Həmin zaman kəsimini Əli (ə) üçün Fatimə (s) uddu, əks təqdirdə Həzrət Əlini (ə) ölüm və beyət arasında seçim etməyə məcbur edəcəkdilər. 75-90 gün kifayət idi ki, insanlar Əhli-Beytin (ə) xəlifəyə müxalif olduğunu, ona etiraz etdiyini başa düşsün. Neçə il sonra Muaviyə Həzrət Əliyə (ə) məktubunda yazırdı: “Beyət eləmək üçün səni dəvə kimi çəkə-çəkə apardılar, sənə heç kəs dəstək vermədi.” Həqiqətən də, Həzrət Əlinin (ə) dəstəyi yox idi və xanım Fatimə (s) öz mövqeyindən istifadə etdi. Bu xanım Zəhranın mübarizəsinin nəticəsi idi ki, Əli (ə) əlinə silah götürmədən beyətdən yayındı.

Xanım Zəhra (s) qiyamının iki əsas istiqaməti var idi. Onlardan biri Əlinin (ə) vilayəti uğrunda, digəri Fədək bağı uğrunda mübarizə olub. Fədək Peyğəbərə (s) hədiyyə edilmiş bağ idi. Allahın əmrilə də Peyğəmbər (s) onu özünə götürmüşdü, yəni Allah bu bağın onun əmlakına keçməsini və beytül-mala qarışmamasını istəmişdi. Peyğəmbərimiz də (s) diriliyində onu xanım Fatimeyi-Zəhraya (s) hədiyyə etmişdi. Məqsəd də Əhli-Beytin (ə) o bağın gəlirlərindən istifadə etməsi və iqtisadi cəhətdən zəifləməməsi olub. Bu, Peyğəmbər (s) tərəfindən düşünülmüş bir addım idi. Xəlifə xilafətin ilk vaxtında bu bağı xanım Fatimeyi-Zəhranın (s) əlindən alır. Xanım Fatimeyi-Zəhra da (s) Fədək uğrunda mübarizə aparmağa başlayır. Xanım Fatimeyi-Zəhra (s) nəyə görə bir bağ üçün bu qədər mübarizə aparır? Məgər xanım Zəhra (s) üçün dünya malının bu qədər əhəmiyyəti var? Xeyr. Xanım əvvəlcədən bilirdi ki, Fədəyə görə onu çox ittiham edəcəklər və dünyapərəst adlandıracaqlar. Yuxarıda qeyd olunduğu kimi, xanım Zəhra (s) Əlinin (ə) vilayəti yolunda şəxsiyyətini xərclədi və Fədək mübarizəsi bunun bir nümunəsidir. Xanım Fatimeyi-Zəhra (s) Əlinin (ə) vilayəti yolunda heysiyyətini xərcləyir. Ona yağdırılacaq ittihamlardan xəbəri ola-ola xanım Zəhra (s) mübarizəyə başlayır, çünki Fədək məsələsində haqqı sübut və düşməni ifşa etmək daha rahat və asan idi. 

Xanım Zəhra (s) məscidə gedir və Fədəyi tələb edir. Bu bağın Peyğəmbərin (s) ona verdiyi hədiyyə olduğunu, xəlifənin isə həmin bağı onun əlindən aldığını bildirir. Onlar da bir hiylə işlədir və bağın beytul-mala qatıldığını, fəqirlərin də ondan faydalanacağını deyirlər. Düşmənin bu addımı düşünülmüş idi: onlar bununla xanım Zəhranın (s) rüsvay etməyə çalışırlar. Bu sözlərdən elə çıxırdı ki, onlar bağın gəlirlərini müsəlmanların mənafeyi üçün xərcləmək istəyir, həzrət Zəhra (s) isə öz mənafeyini güdərək buna razı olmur. Halbuki, xanım Zəhra (s) Fədək mövzusuna başqa səbəbdən müraciət etmişdi. Açıqca imamət mövzusuna müraciət olunardısa düşmən üçün mübarizəni siyasi hakimiyyət uğrunda dava kimi təqdim etmək asan olardı. Bugünkü şəraitdə vilayətin Əliyə (ə) məxsus olduğunu əqli və nəqli dəlillərlə sübut etmək asandır, lakin o zaman camaatın düşüncə səviyyəsi buna imkan vermirdi. Bəhanələr gətirirdilər ki, xəlifə Əlidən (ə) yaşlıdır, təcrübəlidir, idarəçiliyi daha yaxşı bacarır, Əli (ə) isə cavandır, bu işlərdən anlayışı azdır. Xilafəti bu bəhanələrlə qəsb etmişdilər. Fədək mübarizəsində isə bu bəhanlərə yer yox idi. Odur ki, xanım Fatimeyi-Zəhra (s) bu sadə mövzu ilə böyük mətləbləri çatdıra bilərdi. Ancaq bu yolda Həzrət Zəhra (s) üçün heysiyyət itirmək təhlükəsi çox idi ki, xanım Zəhra (s) da öz şəxsiyyətini təhlükəyə saldı. Lakin camaata bir şey anlatdı ki, vilayətin qəsbi bir yana, onlar Fatimənin (s) şəxsi əmlakını qəsb etdilər. Onlar bunun cavabında Peyğəmbərdən (s) saxta hədis nəğıl etdilər: “Peyğəmbərlər özlərindən sonra miras qoymurlar”. Xanım Fatimeyi-Zəhra (s) Qurandan bunun əksini sübut edən ayələr gətirdi. Quranda ayələr var ki, Süleyman atası Davuddan, Yəhya atası Zəkəriyyədən irs apardı. Bunu deməklə xanım Zəhra (s) camaata çatdırır ki, özlərinə xəlifə seçdiyi adamlar Qurandan xəbərsizdilər. Bu birinci addım idi. Daha sonra xanım Zəhra (s) sual qoyur: “Necə ola bilər ki, Peyğəmbər Qurana zidd söz desin?” Bununla da xanım sübut edir ki, mədinəlilərin özlərinə rəhbər seçdiyi şəxslər Peyğəmbərin (s) adına yalan bağlamağa belə hazırdılar. Bu da ikinci addım idi. Xanım Zəhra (s) Fədəyi bəhanə edib onları ifşa edir və tədricən vilayət və rəhbərlik mövzusuna keçir.

Həzrət Fatimə (s) iddia qaldırır ki, onun malını əlindən almaq istəyirlər və öz haqqlığını sübut etmək üçün onlar sübut gətirməlidi. Onlar da imtina etdilər və onun dəlil gətirməsini istədilər. Xanım Zəhra soruşdu: “Eşitmisiz ki, Peyğəmbər buyurub : Fatimə Siddiqeyi-Kubradır (yəni doğru danışandır)?”. Dedilər: “Bəli!” Xanım Zəhra buyurudu: “Peyğəmbər mənim barəmdə bu sözü deyibsə, deməli mən yalan danışmaram. Amma siz mənə də yalan nisbəti verdiz”. Özünə şahid qismində Əli (ə) ilə Ummül-Əyməni çağırır. Ümmül-Əymən də Peyğəmbərin (s) və xanım Zəhranın (s) evində xidmətçi olub. Ümmul-Əymən deyir: “Eşitmişik ki, Peyğəmbər (s) buyurub: “Fatimə cənnət xanımlarının xanımıdır”. Onlar da bu hədisi təsdiqlədilər. Necə ola bilər, cənnət xanımlarının xanımı özünə məxsus olmayan bir şeyi tələb eləsin? Xəlifə dedi: “O sözləri qoy qırağa mövzu üzrə danış”. Dedi: “Bəli, mən şahidəm! Peyğəmbər mənim barəmdə də buyurub ki, Ummul-Əymən cənnət xanımlarındandır. Mən şahidəm ki, Peyğəmbər bu bağı Zəhraya hədiyyə etmişdi”. Bu birinci şahid idi. İkinci şahid də Əli (ə) idi. Həmin Əli (ə) ki, Peyğəmbər (s) onun barəsində buyurub: “Əli Haqq ilə, Haqq Əliylədir.” Əli (ə) də şəhadət gətirəndən sonra, dedilər bir qadın və bir kişi şahidlik üçün kifayət deyil. Xanım Zəhra (s) bu addımı ilə də bunu göstərdi ki, bunlar Əlini (s) də yalançı sayırlar. Fatimənin (s) şahidləri müqabilində xəlifə iki nəfər şahid gətirdi. Onlar da, Peyğəbbərdən (s) irs qoymamaq barədə hədisi eşitdiklərini təsdiqlədilər. Bu iki nəfərin şahidliyi Əli (ə) ilə Ümmül-Əymənin şahidliyindən üstün tutuldu. Xanım Zəhra (s) bildirdi ki, İslam tarixində ilk yalan şəhadəti onlar verdilər, yalan şəhadətin əsasını onlar qoydular. 

Vəziyyət bu yerə çatanda, xəlifə və tərəfdarları Fədəyin beytul-mala qatılacağını və müsəlmanların ixtiyarına buraxacağını dedilər. Yəni niyyətlərinin pis olmadığını göstərmək istədilər, camaat isə onlara inandı və aldandı. Camaat aldandığına görə məsuliyyət daşıyır. Çünki, xanım Zəhranın (s) bu qədər dəlili müqabilində, onlar bir hiyləyə aldandılar. Xanım Fatimənin (s) onlara vəziyyəti başa salırdı, onlar isə etina etmirdi. Aldanmaqda mənfəət varsa bəzən camaat özünü aldatmağa meyilli olur. Batil heç zaman mömini aldada bilməz, batilə aldanan özü aldanmaq istəyir. Xanım Zəhra (s) mədinəlilərə özlərini tanıtdırır, eyblərini göstərir, onlar isə göz yumurlar və xanım Zəhranı (s) nəsihət edirlər: madam ki, bu bağ xeyriyyə işləri üçün istifadə olunacaq, fərqi nədir kimə məxsus olacaq. Camaat istəsə idi Haqqın müdafiəsinə qalxardı, ancaq onlar rahat yol seçdilər – aldanmaq yolunu. Odur ki, xanım Zəhraya (s) zülm edən 4-5 nəfər deyildi, həmin 4-5 nəfərin təmsil etdiyi cəmiyyət idi. 

Xanım Zəhra da (s) vilayət mövzusunda, Fədəyi bəhanə etdi ki, üzr yeri qoymasın. Xanım Zəhra diqqəti vilayət mövzusundan yayındırdı ki, Fədək bəhsindən keçsin vilayət bəhsinə. O, mədinəlilərin gözündən pərdələri çəkməyə müvəffəq oldu. Bu günə qədər Əlinin (ə) xəlifələrdən razı olduğunu deməyə bəhanə varsa, Həzrət Zəhra barədə bunu demək mümkün deyil. Zəhra (s) etiraz etdi və axıra qədər onlarla danışmadı və onlardan incik halda dünyadan köçdü.

Xanım Zəhra (s) o qədər açıq mübarizə ortaya qoydu ki, bu günə qədər bəhanə yeri qoymayıb. Lakin bu yolda öz şəxsiyyətini xərclədi. Abrı vermək canı verməkdən daha çətindir. İnsan abrının qorunması üçün ölməyə də razıdır. Xanım Zəhra (s) Peyğəmbərdən (s) sonra ən əziz insan idi. Bizə dərs verir ki, zülmlə mübarizənin ilk qurbanı olmağa onun kimi şəxsiyyət layiqdir. Amma camaat nə qədər rəzil idi ki, aldanmağı üstün tutdular. Günah camaatda idi, onlar bu işə zəmin yaratmışdı. Bu gün də deyəndə ki, Müaviyə filan işi gördü, deyirlər Müaviyə ilə işiniz olmasın. Niyə? Çünki Müaviyə Peyğəmbərin (s) səhabəsi idi, yəni Peyğəmbəri (s) görmüşdü. Yüz əks dəlil müqabilində, bircə bəhanə gətirirlər - Müaviyə Peyğəmbəri (s) görmüşdü. Bir insanın yalnız Peyğəmbəri (s) görməsi onun yüzlərlə cinayətinə bəraət qazandıra bilməz. Bunu anlamaq istəməyənlər o zaman da var idi.

Xanım Fatimeyi-Zəhra (s) məsciddə pərdə arxasında çıxış edərkən xəlifə minbərdə oturmuşdu. Xanımın çıxışından təsirlənib ağlayanlar da var idi. Vəziyyətin gərginləşdiyini görən xəlifə dedi: “Ey Fatimə! Allah və Peyğəmbəri (s) düz deyir, sən doğru danışan adamsan. Sən bizdən fəzilətlisən, biz gərək elmləri səndən öyrənək, and ola Allaha səni qızımdan çox istəyirəm! Ancaq məni xəlifəliyə seçən bu camaatdır, qoy onlar aramızda qəzavət etsin.” Xəlifə Haqqın sözü müqabilində camaatın qəzavətini qoydu. Xanım Fatimə də (s) xalqa üz tutub soruşdu: “Nə deyirsiz? Mən sübut etdim ki, haqqam, onlar isə mənim haqqımı qəsb ediblər. Siz nə deyirsiz?” Gördü camaat hamısı başını aşağı salıb danışmır. “Haqqı müdafiə eləməyə hazırsız?” Gördü ki, səs çıxmır. Camaatın sükutunu görən xanım Fatimeyi-Zəhra (s) döndü evinə, baxdı Əliyə (ə) dedi : “Ya Əli! Bu gün məni xar etilər!” Heç üzünə zərbə dəyəndə, qoluna qamçı vurulanda xanım Zəhra (s) “məni xar etdilər”deməmişdi, ancaq bu hadisədən sonra dedi. Əli (ə) cavab verdi: “Denən : “Allah bizə kifayətdir”. Ondan sonra xanım Zəhra (s) daha danışmadı. O zamandan insanlar yalnız onun nalə səslərini eşidirdi: bəlkə sözlə ayılmayanlar Zəhranın (s) göz yaşları ilə ayılsınlar. O Fatimə (s) ki, Peyğəmbər (s) hamının qarşısında demişdi: “Kim Zəhranı incitsə, məni incidib, məni incidən Allahı qəzəbləndirib”. Həmin Fatimənin (s) naləsi Peyğəmbər (s) şəhərində ucalırdı və bütün müsəlmanlar o naləni eşidirdi. Amma ürəkləri o qədər daşlaşmışdı ki, o nalələr qəlblərinə heç bir təsir qoymurdu. Onlar yuxuya getməmişdilər, özlərini yuxuluğa vurmuşdular. Cəmiyyət yuxuda olarsa, oyanmasına ümidi var. Vay o gündən ki, cəmiyyət özünü yuxuluğa vursun. Onu nə qədər oyatsan da, ayılmaq istəməyəcək. Mədinə camaatı da belə idi. Onlar gəlib Əliyə (ə) şikayət etdilər ki, Fatiməyə (s) desin ya gecələr ağlasın, ya gündüzlər, çünki nalə səslərindən rahat yata bilmirlər. Xanım Zəhra (s) da cavab verdi ki, onlar tezliklə dincələcəklər: “Mənim ömrümdən az qalıb”. Peyğəmbərin (s) vəfatından çox keçməmişdi ki, xanım Zəhra (s) dünyasını dəyişdi.

Xanım Zəhranın (s) gecələr Mədinənin qapılarına düşüb camaatdan kömək istəməsi, İmam Hüseynin (s) meydanda “bir nəfər yoxdurmu mənə kömək edə?!” çağırışına bənzəyir. Alimlərdən biri deyir: “Əslində İmam Hüseyn (ə): “Bir nəfər yoxdurmu mən ona kömək edim?” – demək istəyir, yəni kim istəyir İmam (ə) onu Haqqa qarşı mübarizə aparmaq rəzilliyindən qurtarsın?” Xanım Zəhra da (s) mədinəlilərə bunu təklif edirdi: qalxın durun Haqqın müdafiəsinə və qurtulun! Bu gün də həmin fəryad ucalır və Qiyamətə kimi ucalacaq. Odur ki, məhşərin ən çox şəfaət edənlərindən biri xanım Fatimeyi-Zəhradır (s).

Haqqın müdafisəinə qalxan həzrət Fatimə (s) bu yolda Əhli-Beytin (ə) ilk şəhidi olur. Elə ki, xanım Zəhra (s) missiyasını başa çatdırdığını və bu yolda bütün şəxsiyyətini xərclədiyini görür Allahdan ölüm istəməyə başlayır. Xanım Fatimə (s) ölümü ilə də mübarizə nümayiş etdirdi. Əliyə (ə) vəsiyyət etdi ki, onu gecə qüsl etsin, gecə kəfənləsin və gecə dəfn etsin. Müsəlman dəfn olunarkən yaxşıdır ki, çox adam yığışsın, ancaq Peyğəmbər (s) gözünün nuru Fatiməni (s) yeddi nəfərlə gecə gizli dəfn etdilər. Peyğəmbər (s) qızının gizli dəfn olunması, mübarək məzarının bugünədək gizli qalmasının məqsədi insanları düşündürməkdir. Bu addımla xanım Zəhra (s) öz etirazını tarixə yazdı. Bəzi rəvayətlərdə var ki, həzrət Əli (ə) xanım Zəhra (s) şəhid olandan sonra beyət etdi.

Mətn Hacı Şahin Həsənlinin çıxışı əsasında hazırlanıb

Salaminfo.az


  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az