Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | MÖVQE | Bəşər seçim qarşısında

Bəşər seçim qarşısında

Mənəviyyat - sivilizasiyaların ictimai reformasiyasının əsas mühərrikidir. Ötən əsrdə yaşayan rus filosofu Nikolay Berdyayev yazırdı: «Həqiqi azadlıq - ruhun azadlığıdır. Tam azadlığı əldə etmək üçün mənəvi aləmə qədəm qoymaq lazımdır, bunun üçün isə insandan böyük şücaət və qəhrəmanlıq tələb olunur». Berdyayevə görə, «hər hansı bir xalq özünü idarə  etməyi bacarmırsa, vətəndaş yetkinliyinə layiq ola bilməz. Azadlıq isə özünü idarəetmə qabiliyyətindən başqa bir şey deyil. Yalnız özünü idarə edə bilən, öz hisslərinə hakim olmağı bacaran insanlar digərlərini idarə edə bilərlər. Öz daxilində qayda-qanun yaradan, güclü iradə vasitəsilə uca hədəflərə doğru hərəkət edən insanlar hər hansı bir ölkədə qayda-qanun yarada bilərlər». Filosof Merab Mamardaşvili isə öz fikrini daha lakonik şəkildə ifadə edir: «Yalnız  özünə hakim ola bilənlər hüquqlara malik ola bilərlər».

XX əsrdə dünya əhalisinin sayının sürətlə artması, texnogen cəmiyyətin tərəqqisi mənəvi tərəqqiyə adekvat olmadı. Əgər İntibah dövrünün insanının dünyagörüşündə insan şəxsiyyəti önəmli yer tuturdusa, reformasiya dövründən bu yana insan özünü, öz maraqlarını dünya nizamının mərkəzi hesab etməyə başladı. Avropada antik dövrdən Məsihə qədər davam edən mənəvi yüksəliş, mənəviyyatsızlıq uçurumuna doğru yönələn sürətli tənəzzüllə əvəz olundu. Bu tənəzzül günü-gündən dərinləşərək, dövrümüzdə öz kulminasiya həddinə çatdı. Təəssüflər olsun ki, XX əsrdə dünyaya mənəvi dəyərlərə deyil, güc və zora əsaslanan Şopenhauer və Nitsşe etikası hakim oldu. “Güclü olan haqlıdır” prinsipinə əsaslanan bu etika insani dəyərləri  arxa plana keçirərək, zorun ədaləti əzməsinə fəlsəfi əsas yaratdı.

Müasir dünyanın əsas problemi budur ki, bir yandan insanın ali insanlıq məqamını inkar edir, onu mənfəəttələb, eqoist bir varlıq olmağa təşviq edir, digər tərəfdən  insani dəyərlərdən, insan azadlığından danışır.

Bu məntiqsizlik və mənəviyyatsızlıq özünü siyasi sferada daha qabarıq şəkildə göstərir. «Məqsəd vasitəyə bəraət qazandırır» prinsipi günümüzdə siyasətin əsas şüarına çevrilib. Xəyanət, ikiüzlülük, riyakarlıq bu gün siyasət məhfumu ilə tam eyniləşib. Bu isə insanlıq şərəfini cılız maddi hədəflərə qurban verməyə bəraət qazandıran “fəlsəfi təlimlərin” məntiqi nəticəsidir. II Dünya müharibəsi haqqında öz xatirələrində Çörçil müttəfiqlərin İrana hücumu barədə yazırdı: «…İranlılarla bağladığımız müqaviləyə əsasən biz bu addımı atmamalıydıq. Lakin bu dəyər və ölçülər siyasi məsələlərdə öz əhəmiyyətini itirir. İki nəfər bir-birinə söz verdikdə ona əməl edə bilər. Siyasətdə isə, bütöv bir millətin mənafeyi tələb etdiyi zaman istənilən müqavilənin ayaq altına atılmasında qəbahət ola bilməz. Mən Böyük Britaniyanın mənafeyini «bu iş əxlaqa ziddir», - deyə nəzərə almaya bilməzdim». Bu fikirlər müasir dünyamızda siyasətin həqiqi mahiyyətinin nədən ibarət olduğunu açıq şəkildə ifadə edir.

Bundan daha təhlükəlisi isə odur ki, mənəviyyatın əsas mənbəyi olan din və inancın özü də inkişaf etmiş ölkələrdə ağır böhran keçirir. Belə demək mümkünsə, Avropa postxristianlıq dövrünə qədəm qoyub və artıq çoxdan xristian cəmiyyəti deyil. Bu, onunla ifadə olunur ki, Avropada dinə olan maraq günbəgün azalır. Almaniya, İtaliya kimi ölkələrdə kilsəyə gedənlərin sayı ildən-ilə kəskin şəkildə azalmaqda davam edir. Fransada isə kilsəyə getmək əsasən kəbin mərasimlərində yada düşür. Bir sıra Qərb ölkələrində keçirilən sorğular bunu göstərir ki, insanlar əsasən kilsəyə sadəcə vaxt keçirmək üçün gedir, dini mərasimlərə isə əyləncə kimi baxırlar. Avropalıların dini artıq çoxdan onların iddia etdiyi kimi «Avramın, İshaqın, İsusun» dini deyil. Bu din xristianlıq adlansa da, faktiki olaraq xristian libasına bürünmüş yeni bütpərəstlikdir. Avropalının tanrısı həqiqətdə onun özü, öz maddi istək və maraqlarıdır. Bir keşişin sözləri ilə desək, Qərbi Avropada kilsələr get-gedə poçt şöbələrini daha çox xatırladır: «İnsan gəlir, növbədə dayanır, Tanrıya məktub yazır və qaçıb gedir öz biznesinin arxasınca». Nə qədər qorxulu olsa da, biz bu gün Qərbdə dini dəyərlərin aşınması prosesinin şahidiyik və zənnimcə, bu, düşünülmüş siyasətin tərkib hissəsidir. İnsanlar üzərində qlobal hakimiyyəti həyata keçirmək üçün öncə cəmiyyətlərdə mövcud olan ənənəvi münasibətlər sistemini, əxlaq normalarını, mənəvi dəyərlərin əsas qaynağı olan dini sıradan çıxarmaq lazımdır. Cəmiyyətlə bütün bağları qırılmış insanı kütləvi informasiya vasitələri çox rahat şəkildə idarə edə bilir.

KİV-in təsirində olan insan get-gedə onların quluna çevrilir, medianın təsiri ilə hətta öz istəklərinə qarşı belə gedə bilir. Bu insanın başı individualizm, «insan haqları» barədə nağıllarla doldurulur. Bu təbliğatın həqiqi mahiyyəti isə yalnız əsas hədəfi şəxsi maraqları təmin etməkdən ibarət olan həyat tərzinin təbliğ olunmasıdır. Belə bir həyat tərzinə malik olan insana qanunla qadağan olunmayan hər bir şeyi etməyə icazə verilir. Mənəvi dəyərlərdən tam uzaq düşən bu insan məntiqi mühakimədən məhrum olub, real aləmi tərk edərək virtual aləmdə yaşayır. Liberal dəyərlərə əsaslanan, özünü azad adlandıran  bir çox ölkələrdə insan faktiki olaraq media vasitəsilə həyata keçirilən totalitarizm şəraitində yaşayır. Müasir informasiya texnologiyaları sayəsində bu ölkələrdə keçirilən seçkilər daha çox virtual xarakter daşıyır. Konkret bir insan KİV-də onun yaratmaq istədiyi obrazı, imici ilə əvəz olunur. Özü də ki, bir çox hallarda  formalaşdırılan bu imicin orijinalla çox az əlaqəsi olur. Beləliklə, vətəndaş faktiki olaraq həqiqi yox, virtual şəxsiyyətlərə səs verir. Müasir dövrdə dünyanın aparıcı KİV-nin funksiyası informasiyanı çatdırmaqdan daha çox onu təsirində olduqları dövlətlərin maraqlarına uyğun şəkildə təhrif etməkdən ibarətdir. Bütün bu hallardan ən çox ziyan çəkən isə insan mənəviyyatıdır. Bu gün «insanlığın əsas problemi nədən ibarətdir?» sualına bir sözlə cavab vermək olar: mənəviyyatsızlıqdan. Bu mənəviyyatsızlıq özünü həyatın bütün sahələrində; siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə açıq şəkildə göstərir.

Təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim proseslər Azərbaycandan da  yan keçməyib. Azərbaycan teleməkanını işğal etmiş bayağı şou-proqramlar, informasiya fəsadı, ictimai-siyasi elitanın böyük bir qisminə hakim olan əxlaqsızlıq və mənəviyyatsızlıq, korrupsiya, məmur özbaşınalığı və s. buna açıq-aşkar sübutdur. Xalqın siyasi qüvvələrə inamsızlığının kökündə də, zənnimcə, məhz bu səbəb dayanır. Azərbaycan siyasətində mövcud olan siyasi əxlaq problemi - siyasətçilərin bir- biri ilə münasibətdə heç bir mənəvi norma və prinsiplərə riayət etməməsi, maraqların ideyaları üstələməsi, hətta Qarabağ problemi kimi ümummilli məsələnin siyasi spekulyasiya predmetinə çevrilməsi bu inamsızlığı dərinləşdirən əsas amillərdir. Yuxarıda sadalanan amillərin hər birinə onlarla misal gətirmək olar, amma bu məsələlərdən, demək olar ki, hamının xəbərdar olması səbəbindən onları yenidən qeyd etməyə lüzum görmürük.

XXl əsrin başlanğıcında bəşəriyyət ciddi seçim qarşısındadır və onun gələcəyi bu gün hansı yolu seçəcəyindən asılıdır. Getdiyi yolu davam edərək mənəviyyatsızlıq uçurumuna yuvarlanmaqda davam edəcəksə, bu, insanlıq üçün ağır faciələrlə nəticələnəcək. Qətiyyən şişirtməyə yol vermədən demək olar ki, insanlığın mövcudluğu bu məsələni necə həll edəcəyindən asılıdır. Düşünürəm ki, hazırkı mərhələdə insanlığa nicat verə biləcək yeganə bir vasitə, rasional təfəkkürə əsasalanan dini-fəlsəfi inancdan başqa bir şey ola bilməz. Unutmaq lazım deyil ki, bəşəriyyət tarixinin başlanğıcı xalqlar arasında mənəvi əlaqələrin qurulması ilə bağlıdır. Alman filosof Karl Yaspersin sözləri ilə desək, «Bəşəriyyət üçün ümumi və ortaq dəyər kimi yalnız fəlsəfi inam qəbul oluna bilər». K.Yaspersə görə, fəlsəfi inancın yarandığı dövr e.ə.  800-200-cü illərə təsadüf edib. Bu dövrlərdə Hindistanda Budda, Çində Konfusi, İran və Azərbaycanda Zərdüşt, Yunanıstanda Sokrat, Platon, Aristotel insan yaradılışının məqsədi barədə müxtəlif suallara cavablar axtarıblar. Bu böyük mütəfəkkirlərin sivilizasiyaların inkişafına etdikləri xidmət bütün sərkərdələrin xidmətindən daha artıq olub. Onların yaratdığı mənəvi aləm milyonlarla insanı birləşdirə bildi.

Bu gün bəşər həmişəkindən daha çox elə bir mənəvi aləmdə yaşamağa ehtiyaclıdır. İnsanı idarə edəcək qanunlar onun fitrətinə əsaslanmalı, onun insanlıq məqamına söykənməlidir. Yalnız bu qanunlar universal xarakter daşıyıb bütün insanların marağını ifadə edə bilər. Siyasət, iqtisadiyyat, mədəniyyət və incəsənət hər hansı bir ideologiyanın, ayrı-ayrı maraqların yox, insanın xidmətində olmalıdır. Əxlaq və mənəviyyat elmi-texniki tərəqqinin önündə getməlidir. Belə olarsa, insanın istəklərini cilovlayaraq, onu elmlə silahlanmış  təhlükəli, yırtıcı bir varlığa çevrilməkdən qoruyar.

Bu gün insanın bir çox haqları barədə geniş söhbətlər aparılır, amma unutmaq lazım deyil ki, insanın bir hüququ daha var: insan kimi yaşamaq haqqı. Tanrının Adəm övladına bəxş etdiy  bu hüququ heç kəs onun əlindən almamalıdır.

Hacı Şahin Həsənli

Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az