Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ANALİTİKA | Millətçilik ideologiyası

Millətçilik ideologiyası

image

Öz daxilində beynəlmiləl harmoniyaya nail olan ölkə xarici siyasətində də doğru istiqamət tuta biləcək

Sovetlər dövründə millətçilik anlayışı mənfi əqidə kimi təqdim olunurdu. Millətçilik dedikdə təfəkkürümüzdə dərhal şovinizmlə, nasizmlə analogiya yaranırdı. İllər keçdi, milli dirçəliş mərhələsinə qədəm qoyan xalqımıza millətçilik tamamilə müsbət bir tərzi-təfəkkür kimi aşılanmağa başladı. İstiqlaliyyət arzusu ilə yaşayan bir xalq millətçiliyi sovetlərdən yaxasını qurtarmaq üçün yeganə fürsət bilirdi. Zəmanə dəyişdi, onunla bir yerdə ideologiya da dəyişdi. XXI əsrdə Azərbaycanın üzləşdiyi ən mühüm problem də məhz dövlət ideologiyası ilə bağlıdır. Dövlətçilik, Azərbaycançılıq prinsipləri üstün tutulsa da, bəzən dövlət rəsmiləri etnik millətçilik mövqeyindən çıxış edirlər. Bu isə ölkənin həm xarici, həm də daxili siyasətində çaşqınlıq yaradır.


Millət: Qərb və Şərq yanaşmaları


Millət məfhumu faktiki olaraq kapitalist cəmiyyətinə aid olan bir anlayışdır. XVI əsrdən başlayaraq Qərbdə feodal parçalanma əsri mütləq monarxiyaların qurulması əsri  ilə əvəz olundu. Məsələn, bu gün Fransa adlandırdığımız bir ölkə tarixən müstəqil əyalətlərə parçalanmış bir məmləkət idi. Renessans dövründə feodal münasibətlərin yerinə artıq yeni ictimai-iqtisadi formasiya gəlirdi. Feodallar nəsli aradan gedir, onun yerini isə burjuaziya tuturdu. İqtisadi amillərin təsiri altında eyni etnik qrupun yaşadığı müstəqil əyalətlər birləşməyə başladı. Bu birləşmə mütləq hakimiyyətə malik kralların rəhbərliyi ilə gerçəkləşirdi. Vaxtilə ayrı yaşayan əyalətlər artıq bir məmləkətin, bir kralın tabeçiliyində idilər. Beləliklə ingilis dilində danışan xalqlar İngiltərə krallığı, fransızca danışanlar Fransa krallığı, ispanca danışanlar İspan krallığında vahid bir millət kimi yaşamağa başladı. Bu səbəbdən, Qərbdə bu günə kimi millət (“nation”) anlayışı dövlət anlayışı ilə eyni tutulur. Belə ki, Birləşmiş Millətlər Təşkilatı əslində bizim təsəvvürümüzdə olan millətlər birliyi deyil, dövlətlər birliyidir və əslində bizim dilimizə Birləşmiş Dövlətlər Təşkilatı kimi tərcümə olunmalıdır.


Şərqdə vəziyyət başqa cür idi. “Millət” sözü ərəb mənşəlidir və təbii ki, məişətdə İslam dininin qəbul olunmasından sonra istifadə olunur. Qədim dünya dövlətləri daha çox tayfa ittifaqlarını xatırladırdı. Şərqdə İslam dininin zühuru ilə Afrikadan Çinə kimi böyük bir ərazi vahid xilafətdə birləşdi və bu, yalnız dini faktor sayəsində mümkün oldu. Adətən Şərq ölkələri çoxmillətli olublar və burada yaşayan xalqlar dini mənsubiyyət üzərində birləşiblər (məsələn, Osmanlı və Səfəvi dövlətləri). Ona görə də Şərq təfəkküründə dövlətlə millət fərqli məfhumlardır.


Yuxarıdakıları nəzərə alaraq, qeyd etməliyik ki, etnik millətçilik anlayışı Qərb ölkələrində geniş vüsət tapmışdı. Şərqdə dini dövlətlər dini ideologiyaya əsaslanaraq müharibə aparırdılarsa, Qərbdə milli dövlətlər bir-biri ilə millətçilik prinsipləri əsasında rəqabətə girirdilər. İlk dəfə olaraq etnik millətçilik Şərqə XIX əsrdə yayılmağa başlayıb. Osmanlı imperiyası Qərb ölkələrinin “müstəmləkə ovuna” maneçilik törədən ən böyük ölkə idi. Onun parçalanması Qərb dövlətlərinə ərəb və Afrika ölkələrinin sərvətlərini əldə etməyə yol açırdı. Bu səbəbdən etnik millətçilik, daha dəqiq, türkçülük ideologiyası Osmanlı ziyalılarının təfəkkürünə yeridilməyə başlandı. Özündə türkləri, ərəbləri, kürdləri, bərbərləri, zənci xalqları birləşdirən İslam dövləti millətçilik əqidəsinin təsiri altında yavaş-yavaş parçalandı.


Vətənpərvərlik  ya irqçilik?


Ensiklopediyalarda millətçilik millətin ən ali dəyər və dövlət quruculuğunda ilkin amil olduğu barədə tezisə arxalanan ideologiya və siyasət kimi tərif olunur. Millətçiliyin bir çox istiqamətləri var. Bəziləri millətçiliyi digər millətlərə qarşı nifrət, bəziləri isə öz millətinə sədaqət kimi yozurlar.


Millətçiliyin formalarını müəyyənləşdirmək cəhdini edən ilk alimlərdən biri tarixçi F. Meyneke olub. XX  əsrin əvvəllərində o, siyasi və mədəni millətlər anlayışlarını irəli sürüb. Daha sonra onun fikrini digər alimlər inkişaf etdirib və hazırda iki əsas millətçilik növü – etnik və vətəndaş millətçilikləri mövcuddur.


Vətəndaş millətçiliyinə (başqa cür inqilabi-demokratik, siyasi, liberal və ya Qərb millətçiliyi) əsasən, bir fərdin milli məsubiyyəti onun ixtiyarına bağlıdır və milliyyətlə vətəndaşlıq bərabər məfhum kimi qəbul olunur. İnsanları birləşdirən onların dövlətin siyasi həyatında bərabər iştirakı, ümumi vətəndaş mədəniyyətinə mənsubiyyətdir. Bu əqidəyə əsasən millət – bir ərazidə yanaşı yaşamaq istəyən insanların cəmidir. Məhz vətəndaş millətçiliyi bayrağı altında XX əsrin ortalarında müstəmləkə ölkələr müstəqillik mübarizəsinə qalxdılar. Nehru, Qandi, Muqabe və Mandella kimi milli liderlər bu əqidənin daşıyıcıları idilər.

Vətəndaş millətçiliyi özü-özlüyündə növlərə bölünür. Məsələn, dövlət və liberal millətçilik. Dövlət millətçiliyinin tərəfdarları iddia edirlər ki, dövləti formalaşdıran ayrı-ayrı fərdlər öz şəxsi maraqlarını dövlətin qüdrətlənməsinə uyğunlaşdırmalıdırlar. Ən əsas dəyər – dövlətin birliyidir və buna maneə törədən bütün amillər aradan qaldırılmalıdır. Liberal millətçiliyə əsasən isə, vətənpərvərlikdən daha üstün amil ümumbəşər dəyərlərə sədaqətdir. İnsan öz yaxınlarına yaxşılıq etməlidir, ancaq başqalarına pislik etmək bahasına yox.

Etnik millətçiliyə (başqa adları: mədəni-etnik, məhdud, romantik, Şərq millətçiliyi) əsasən, millət etnosun inkişaf fazalarından biridir və millətin əsasını etnik mənsubiyyət təşkil edir. Bu gün də əsasən “millətçilik” deyiləndə “etnik millətçilik” başa düşülür. Millət qan qohumluğu, ortaq mədəni, dini, tarixi dəyərlər, ümumi dil və ənənələr əsasında yaranmış toplumdur. Bütün sadalanan dəyərlərin milli şüurda möhkəmlənməsi üçün gərək milləti təşkil edən fərdlər “birgə tarixi yaddaşa” malik olsunlar. Məsələn, bu gün şotlandlar ingilislərə qarşı 300 il bundan öncə baş verən tarixi hadisəyə görə kin bəslə- yirlər. Ona görə də, etnik millətçilərin fikrincə, hər etnos millət ola bilməz. Qeyd edək ki, faşizm, nasizm, separatizm, ksenofobiya kimi məfhumlar etnik millətçiliyin radikal formalarıdır.

Tarixi paradoks

Yuxarıda tarixə nəzər salanda gördük ki, etnik millətçilik Avropada formalaşan ideoloji bir konsepsiyadır. Ancaq müasir dövrdə bir çox mütəfəkkirlər etnik millətçiliyi Şərq ölkəkərinə xas bilirlər. Bu fikirlə müəyyən qədər razılaşmamağa məcburuq. Dünyadakı hazırkı durum göstərir ki, etnik millətçilik planetin bütün bölgələrində var. XIX əsrin ikinci yarısında millətçilik Avstriya-Macar, Rusiya və Osmanlı imperiyalarının bütövlüyünü sarsıtdı. Birinci Dünya müharibəsindən sonra bu imperiyalar dağıldılar. Onların ərazilərində yeni yaranmış ölkələr etnik münaqişələrə cəlb olundular və artıq İkinci Dünya müharibəsi ərəfəsində Avropanı millətçi hərəkatlar bürümüşdü. Onlardan bəziləri ifrata vararaq nasizm və faşizmə çevrilmişdi. Elə Birinci Dünya müharibəsindən sonra ABŞ prezidenti Vilsonun irəli sürdüyü Millətlər Liqası ideyası da əslində Avropanın kiçik milli dövlətlərə bölünməsini təsbit etmək məqsədi daşıyırdı. Bununla ABŞ Avropada “parçala və hökmranlıq et” prinsipini tətbiq etmək istəyirdi. Ancaq parçalanmış Avropa yeni müharibəyə qərq oldu. Millətçilik və revanşizmin fəsadı olan İkinci Dünya müharibəsi, nəhayət ki, qoca qitəni bütün tarixini yenidən analiz etməyə və gələcək üçün perspektivlərin hazırlanmasına məcbur etdi. Müharibədən dərhal sonra Avropada inteqrasiya tendensiyaları müşahidə olunmağa başladı. Əlli il ərzində Avropa qitəsi sülh içində yaşayır və faktiki olaraq yeni, vahid təşkilat-dövlət forması yaradıb. Bütün problemlərin birgə müzakirəsi, güclü ölkələrin zəif ölkələrə yardım etməsi, vahid idarəetmə strukturlarının yaradılması Avropa Birliyini müasir dövlətə çevirir. Ən əsası isə bu birliyə nail olmaq üçün avropalılar etnik millətçilikdən imtina etdilər və ümumavropa dəyərlərindən yapışdılar. Asiya və Afrikada vəziyyət başqa cürdür. Millətçi ruhiyyələr təsirindən zəifləyən Osmanlı dövlətinin süqutundan sonra onun ərazisi müstəmləkə qismində Qərb ölkələri arasında bölüşdürülmüşdü. Asiya və Afrikada Avropanın digər müstəmləkələrini də nəzərə alsaq, görərik ki, İkinci Dünya müharibəsi ərəfəsində bu ölkələrdə də millətçilik geniş vüsət tapmışdı. Müstəmləkəçilikdən can qurtarmaq istəyən xalqlar millətçiliyə üz tutdular və milli dövlətlər yaratdılar. Etnik millətçilik elə dərəcəyə çatmışdı ki, hətta ənənəvi müsəlman cəmiyyətlərində İslamı millətçiliklə əlaqələndirməyə çalışırdılar. Məsələn, türklər özlərini həqiqi İslamın qoruyucuları kimi, ərəbləri isə İslamı təhrif edən millət kimi qələmə verir və əksinə ərəblər də türkləri eyni şeydə ittiham edirdi. Təəssüf ki, bu gün də eyni vəziyyət (düzdür, daha zəif formada!) müşahidə olunur. Avropa parçalanmadan birliyə doğru getdiyi zaman, Şərq vəhdətdən parçalanmaya sarı addımladı. 

Azərbaycançılıq


Bu gün Azərbaycan çətin bir vəziyyətdədir. Ölkənin inkişafı heç bir konsepsiyaya arxalanmadığından bu inkişafın davamiyyəti şübhə altına düşür. Bunu anlayan ölkə rəhbərləri müxtəlif dövrlərdə müxtəlif ideoloji tezislər irəli sürüblər. ADC dövründə müasir dövlətçiliyimizin təməl daşları qoyulanda M.Ə.Rəsulzadə “türkçülük, modernizm və islamçılıq” prinsiplərini milli dövlətimizin ideoloji bazası kimi təsdiqlədi. Sovetlər zamanı millətçilik ümumiyyətlə faşizmlə eyniləşdirildi və kommunizm ideyalarına zidd məfhum kimi dəyərləndirilirdi. Xalq cəbhəsi hakimiyyəti zamanı geniş təbliğ olunan türkçülük (etnik millətçilik) Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycançılıq (dövlət millətçiliyi) ilə əvəz olundu.


100 il ərzində bir neçə ideoloji transformasiyalara məruz qalmış cəmiyyətimiz XXI əsrdə çaşqınlıqla üzləşib. Əsas səbəb isə Azərbaycançılığın nə olduğunun cəmiyyətə aşılanmamasıdır. Azərbaycanlı anlayışı yerli türk etnik çoxluluğu ilə bağlıdır, yoxsa vətəndaş mənsubiyyəti ilə. Cəmiyyət “azərbaycanlı” dedikdə nə başa düşür - Azərbaycan vətəndaşlarını (milli mənsubiyyətdən asılı olmayaraq), yoxsa dünyanın müxtəlif ölkələrində yaşayan Azəri türklərini? Şübhəsiz, bu gün çoxmillətli Azərbaycana lazım olan əqidə vətəndaş millətçiliyidir. Hər bir Azərbaycan vətəndaşı, etnik mənsubiyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq, özünü Azərbaycanlı bilməlidir. Öz daxilində beynəlmiləl harmoniyaya nail olan ölkə xarici siyasətində də doğru istiqamət tuta biləcək.

Samir

Məlumatdan istifadə edərkən “salaminfo.az”a istinad vacibdir
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az