Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ANALİTİKA | Kütləvi qırğın silahı və Qərb “humanizm”i

Kütləvi qırğın silahı və Qərb “humanizm”i

image Nüvə silahının partlayışı

Atom silahından ilk dəfə istifadə etmiş ABŞ müxtəlif dövrlərdə öz əməllərinə haqq qazandırmaq üçün «humanizm» prinsiplərindən gen-bol istifadə etmiş və bu gün də istifadə etməkdədir.

Atom enerjisinin kəşfi elm və texnikanın nailiyyəti kimi insanların maddi rifah halının yaxşılaşdırılması, onların firavan və xoşbəxt həyatının təşkili üçün geniş imkanlar açmışdır. Çox təəssüf ki, dünya hegomonluğu uğrunda rəqabətə girmiş böyük dövlətlər əsas diqqəti nüvə enerjisindən dinc məqsədlər üçün istifadədən daha çox kütləvi qırğın silahları istehsalına verdilər. Onlar kütləvi qırğın silahları istehsalı sahəsində yarışa girərək bu yolla rəqiblərinə təzyiqlər göstərməyə başladılar. Böyük dövlətlərin məhz bu antihumanist siyasəti bəşəriyyət üçün yeni faciənin başlanğıcını qoydu.

Atom silahından ilk dəfə istifadə etmiş ABŞ müxtəlif dövrlərdə öz əməllərinə haqq qazandırmaq üçün «humanizm» prinsiplərindən gen-bol istifadə etmiş və bu gün də istifadə etməkdədir.

ABŞ bu siyasətdən ilk dəfə Amerika aviasiyasının 1945- ci il  avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atdıqdan sonra istifadə etdi. Hadisədən dərhal sonra bu cinayəti ört-basdır etmək istəyən Amerika siyasətçiləri bunun Amerika «humanizmi»ndən yarandığını bildirdilər. Onların fikrincə, guya atom silahları işlədilməsəydi,  Yaponiyaya qarşı müharibə daha uzun sürər, yaponların 1 milyonluq «Kvantun» ordusu uzun müddət öz dövlətini müdafiə edər və daha çox insan tələf olardı. Əlbəttə ki, bu cür saxta fikirlərlə minlərlə dinc əhalinin qırılması ilə nəticələnmiş cinayətlərə haqq qazandırmaq mümkün deyil. Lakin buna baxmayaraq ABŞ  XX əsrin 40-cı illərinin ikinci yarısında yeganə nüvə dövləti kimi  öz siyasətini dünya dövlətlərinə diqtə etməyə başladı. ABŞ-ın bu siyasətinə cavab  olaraq SSRİ də öz nüvə arsenalını yaratmağa başladı. Bu iki superdövlət arasında rəqabət 50-ci illərin axırında Karib böhranına gətirib çıxardı ki, bu da az qala nüvə müharibəsilə nəticələnəcəkdi. Xoşbəxtlikdən son anda bu təhlükənin qarşısını almaq mümkün oldu. Bu dövrdə də ABŞ öz addımlarını «humanizm» ilə əlaqələndirdi.

Çox təəssüf ki,  sonrakı dövrlərdə kütləvi qırğın silahlarının bəşəriyyət üçün faciə olduğunu bilə-bilə böyük dövlətlər öz siyasi ambisiyalarını həyata keçirmək üçün silahlanma yarışını davam etdirməyə başladılar.

XX əsrin 70-ci illərində Qərblə SSRİ arasında gedən silahlanma yarışının qarşısını almaq üçün ABŞ-SSRİ danışıqları başlamış və strateji silahları məhdudlaşdırmağa dair iki saziş imzalanmışdır. Lakin buna baxmayaraq danışıqlarda ABŞ SSRİ-nin bir sıra təkliflərini qəbul etməməklə öz hegemon siyasətini diqtə etməyə başladı. Ziddiyyətlərin mahiyyəti ondan ibarət idi ki,  Varşava müqaviləsinə daxil olan dövlətlər içərisində SSRİ nüvə silahına malik yeganə dövlət idi. Lakin NATO-da üç dövlət - ABŞ, Böyük Britaniya və Fransa bu silaha malik idilər. SSRİ təklif edirdi ki, iki blokun malik olduğu nüvə silahları müqayisə olunub azaldılsın və tədricən ləğv edilsin. ABŞ isə bu təklifdən imtina edərək bildirmişdi ki, Fransa və Böyük Britaniya müstəqil dövlətlər olduqları üçün onların silahlarının ABŞ-SSRİ danışıqlarında nəzərə alınması düzgün deyil. ABŞ-ın bu cür manevrlərinin arxasında güc nümayişi dururdu. Qərblə  SSRİ arasında silahlanma yarışına Amerikanın «Ulduz müharibələri» planı son qoydu. SSRİ kosmosun hərbiləşdirilməsi yarışına gücü çatmadığına görə danışıqlar stolu arxasına oturmağa və geri çəkilməyə məcbur oldu.

ABŞ «Ulduz müharibələri» planını irəli sürərkən, yəni kosmosu hərbiləşdirərkən də bunu «humanizm»lə əlaqələndirmiş, bunun sırf müdafiə məqsədi daşıdığını bildirmişdir. Bundan başqa o zaman artıq «məhdud nüvə müharibəsi», yəni hər hansı bir regionda müharibə ocağını ləğv etmək üçün nisbətən az qüvvəyə malik nüvə bombalarından istifadə etməyin mümükünlüyü ideyası da yaranmağa başlamışdır. Həmin dövrdə bu ideanın əleyhinə olan mütərəqqi insanlar onun bəşəriyyət üçün böyük faciələrə səbəb olacağını faktlarla sübut etmişlər.

Keçən il Jak Şirakın «məhdud nüvə müharibəsi» ideyasını yenidən gündəmə gətirməsi sensasiya doğurmuş, sülhsevər insanların ciddi narahatlığına səbəb olmuşdur. Narahatlıq doğuran əsas məsələ ondadır ki, bu fikri hansısa sadə vətəndaş və ya hansısa uğursuz siyasətçi deyil, atom silahlarının düyməsini basmaq səlahiyyətinə malik olan Fransa prezidenti demişdir. Çox güman ki, Fransa prezidenti bu fikirləri söyləyərkən nə öz dövlətini, nə də müttəfiqlərini nəzərdə tutur. Regional münaqişələrin mövcud olduğu Qafqaz, Yaxın və Orta Şərqin müsəlman ölkələri, fikrimizcə, məhz «məhdud nüvə müharibəsi» ideoloqlarının əsas hədəfləri hesab olunur. SSRİ-nin rəhbərlik etdiyi Varşava müqaviləsi dağıldıqdan sonra dünyada ikiqütblülük ləğv olundu və müəyyən dövr üçün sanki dünyada tarazlıq pozuldu. Bundan sonra Qərb dünyası müvazinəti bərpa etmək üçün çox da fikirləşmədi və Qərb siyasətinə boyun əyməyən dövlətlərdən düşmən obrazı yaratmaqla bu boşluğu doldurmağa çalışdı. Fikrimizcə, «məhdud nüvə müharibəsi» ideoloqları da özlərinə əks qütb hesab etdiyi dövlətlərə təzyiq göstərmək üçün bu cür fikirləri irəli sürürlər. Yaddan çıxarmaq olmaz ki, «məhdud nüvə müharibəsi» daha iri miqyaslı müharibələrə gətirib çıxara bilər ki, bu da yer üzündən həyatın silinməsi ilə nəticələnər. «Məhdud nüvə müharibəsi»  ideyasını qərb ideoloqları nə qədər «hümanizm» pərdəsi ilə pərdəsələr də cidanı çuvalda gizlətmək mümkün deyil.

«Məhdud nüvə müharibəsi» ideyasının «İnsan artıqlığı haqqında» Maltus nəzəriyyəsi ilə müəyyən oxşarlığı var. Lakin bu ideyanın müəllifləri bilməlidirlər ki, nüvə silahı Qərb, Şərq tanımır. Bundan başqa hər bir dövlət başçısı bilməlidir ki, başqasının faciəsi üzərində öz xoşbəxtliyini qurmağa çalışmaq ən azı günahdır. Yaddan çıxarmaq lazım deyil ki, belə günahlara görə İlahi də insanları, ümumilikdə isə dövlətləri cəzalandırır. Tez-tez baş verən təbii fəlakətlər, tufanlar məhz bu cür əməllərin nəticəsidir.

Hər il müxtəlif ölkələrdə kütləvi qırğın silahlarının istehsalı və sınaqlarına qarşı kütləvi tədbirlər həyata keçirilir. Fikrimizcə, bu cür mübarizə «məhdud nüvə müharibəsi» kimi təhlükəli ideyaya qarşı da qətiyyətlə aparılmalı və BMT-dən bu cür təhlükəli fikirlər irəli sürən dövlət başçılarının fəaliyyətinə qiymət verilməsi tələb olunmalıdır. Məhz bu yolla bəşəriyyəti fəlakətdən qutarmaq, müharibələrin qarşısını almaq olar.

Məhərrəm Zülfüqarlı

İctimai Problemlərin Tədqiqi Asosiasiyasının sədri

Məlumatdan istifadə edərkən “salaminfo.az”a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az