İraq – Yaxın Şərqin kiçik modeli
İraq müharibəsi aparıcı müsəlman ölkələrinin siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu
Öz etnik və konfessional rəngarəngliyi ilə İraq Yaxın Şərqin kiçik bir modelini xatırladır. Elə Yaxın Şərqin sünnü-şiə qarşıdurması, kürd separatçılığı və beynəlxalq terrorizm kimi əsas problemlərinin hamısı İraqda təşəkkül tapıblar. İraqın digər özəl xüsusiyyətlərindən biri də odur ki, burada başlayan müharibə İslam dünyasının aparıcı ölkələrinin siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu.
Yaxın Şərqin kiçik modeli
İraqın 2005-ci ildə qəbul olunmuş Konstitusiyasına əsasən, bu ölkə federativ parlament respublikasıdır və ölkənin əsas etnokonfessional qrupları şiə ərəblər, sünnü ərəblər və kürdlərdir. Bu ərəb ölkəsində kürdlərdən fərqli olaraq ərəblərin milli şüurunda dini amil milli faktoru üstələyir.Ona görə də uzun illik diktaturadan qurtulan İraq cəmiyyəti dini qarşıdurmalar meydanına çevirilmək təhlükəsi ilə üzləşdi. Bu isə bütövlükdə Yaxın Şərqin təhlükəsizliyinə təsir göstəməyə bilməzdi.
2003-cü ilin martında ABŞ və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan öz qoşunlarını İraqa yeridirlər və Səddam Hüseynin hakimiyyətinə son qoyurlar. Diktaturanın bir çox mənfi cəhətlərinə baxmayaraq, Səddamın dövründə İraq öz milli birliyini qoruyub saxlaya bilirdi. Ancaq diktatorun devrilməsi ilə ölkədə hərcmərclik, dini və milli zəmində münaqişələr başlayır, bu isə münaqişənin bütün regiona eskalasiya etməsinə səbəb ola bilərdi. Bir tərəfdən sünnü-şiə qarşıdurması bütün ərəb ölkələrində vətəndaş müharibəsini alovlandırardı, digər tərəfdən kürdlərin İraqın şimalında müstəqil Kürdüstan yaratmaları Türkiyə, İran və Suriyanın ərazi bütövlüyünə təhlükə yaradardı. Nəhayət, İraq müharibəsi fonunda regionun əksər ölkələrində terrorçu dəstələri fəallaşacaqdı. Bütün bunlar regional müharibənin qarşısını almaq üçün aparıcı müsəlman dövlətləri olan İran, Türkiyə və Səudiyyə Ərəbistanının siyasi və iqtisadi potensiallarını səfərbər etməsini tələb edirdi.
Müharibəyə münasibət
Nə qədər qəribə görsənsə də, ABŞ-ın İraqa müdaxiləsinə qeyri ərəb ölkələri etiraz etdiyi zaman Səudiyyə Ərəbistanı bu məslədə müşahidəçi qismində çıxış etdi. Buna isə iki səbəb var idi. Birincisi Küveyt müharibəsi zamanı Səddam Səudiyyəyə hücum etmişdi, məhz bu hadisədən sonra ABŞ hərbi bazaları Ərəbistan yarımadasında yerləşdirildi. İkincisi, Səudiyyə Ərəbistanı ABŞ-ın ən sədaqətli müttəfiqlərindəndir ki, hətta bəzi qərb politoloqları bu münasibətləri ABŞ-Britaniya münasibətlərindən daha möhkəm hesab edirlər. Corc Buşun İraq müharibəsi ərəfəsində regiondakı bütün qeyri-demokratik rejimləri devirəcəyi barədə söylədikləri Səud kral evinin ABŞ-a daha çox sədaqət nümayiş etməsini tələb edirdi.
Ərəb monarxiyalarından fərqli olaraq, qeyri-ərəb Türkiyə və İran müharibəyə müxalif idilər. Bunun isə səbəbləri hər iki ölkənin öz təhlükəsizliyinə görə narahatlıqları ilə bağlı idi. Türkiyə anlayırdı ki, diktaturanın deviriləcəyi təqdirdə kürd separatçılığı geniş vüsət tapacaqdı. İrana isə Əfqanıstanla yanaşı İraq kimi ikinci qeyri-sabit bir qonşu lazım deyildi. Hər halda müharibə başladı və nəticələr heç də ABŞ-ın istədiyi kimi olmadı. Onun yaxın müttəfiqləri - ərəblərlə türklərin arasında anti-Amerika ruhiyyəsi gücləndi, İran isə Bağdada təsir mexanizmləri əldə etdi. İraq müharibəsi nəticəsində Amerikanın müttəfiqləri sayılan ərəb monarxiyalarının nüfuzu düşdü, İraq və Əfqanıstanda yaranan bataqlıqdan çıxmaq üçün ABŞ və İran danışıqlar masası arxasına keçməyə məcbur oldular. İslami İranın regional proseslərə təsir mexanizmləri gücləndikcə, Türkiyənin “islamlaşması”na zərurət yarandı.
Geosiyasi maraqlar
İraqda müharibənin başlaması regionun aparıcı dövlətləri sayılan İran, Türkiyə və Səudiyyə Ərəbistanının ziddiyətli maraqlarını üzə çıxartdı. İlk növbədə bu hər üç ölkənin müsəlman aləmində liderlik iddiası ilə bağlıdır, ikinci növbədə isə həmin ölkələrin etno-konfessional fərqləri ilə. Əlbəttə, ABŞ-ın maraqlarını da nəzərə almamaq olmaz. İraq müharibəsi yeni dünya düzəminin qurulması, bir xalqların digər xalqlara hakim olması uğrunda beynəlxalq mübarizəyə çevirildi. Bu müharibə ilk olaraq bəşəriyyətin yeni dünya müharibəsi astanasında olduğu göstərdi.
Hazırda İraq müharibəsi qlobal enerji siyasətinə də öz təsirini göstərir, burada ABŞ-la OPEK arasında sözün əsl mənasında müharibə gedir. Məsələ orasındadır ki, İraq OPEK-in təsisçisi və dünyanın əsasə enerji təchizatçılarından biridir. İraqı işğal etməklə amerikalılar ölkənin neft mədənlərinə çıxış əldə ediblər, İraqın ABŞ təsiri altında OPEK-dən çıxacağı təqdirdə isə amerikalılar burada istədikləri qədər neft hasil edə bilərlər. Belə olduqda ABŞ OPEK-ə öz şərtlərini oxuya bilər. Bu isə OPEK-in digər üzvlərini, xüsusən Səudiyyə ilə İranı narahat edir.
İraq müharibəsinin doğurduğu daha böyük narahatlıq isə BMT-nin universal bir təşkilat olaraq diskreditasiya olunmasıdır. İkinci dünya müharibəsindən sonra qaliblər BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilərək dünyada gedən proseslərə bir başa müdaxilə imkanı əldə etmiş oldular. Bu məsələ soyuq müharibə zamanı kapitalist və sosialist düşərgəsi arasında balansı qorusa da, hazırkı mərhələdə ABŞ-ın birtəfərli hərəkətlərinə maneçilik törədir. 2003-cü ildə BMT Təhlükəsizlik Şurası İraqa hərbi müdaxiləyə qarşı çıxsa da ABŞ və Britaniya ümumdünya təşkilatın qərarına etina etmədilər. Bu qurumun beynəlxalq təhlükəsizlik məsələlərində səlahiyyətsizliyi bir daha sübuta yetirildi və ABŞ-ın müdafiə naziri Donald Ramsfeld yeni doktrina ilə çıxış etdi. Ramsfeld doktrinasına əsasən, BMT NATO ilə əvəz olunmalıdır, çünki NATO-nun BMT-dən fərqli olaraq münaqişələrə operativ reaksiya vermək, qısa bir zamanda hərbi əməliyyatlar keçirmək mexanizmləri var. Bu isə o deməkdir ki, Rusiya və Çin BMT-dəki bütün imtiyazlarını itirərək qərb dünyasının başçılığı ilə NATO-nun sıravi üzvlərinə çevirilməlidirlər. Əlbəttə ki, nə Moskva, nə Pekin buna gedən deyillər, ona görə də bu proses dünyanın geosiyasi regionlara bölünüb çoxqütblü düzəmin yaranması ilə nəticələnməlidir.
Belə olduqda Yaxın Şərq kimi dünyanın ən mühüm regionunda hegemonluq kimə məxsus olacağı maraq doğurur. Rusiya və Çinin imperiya ambisiyaları heç vaxt bu əraziləri ehtiva etməyib. Ona görə də, ilk baxışdan, ABŞ-ın Yaxın Şərqdə ağalığı danılmazdır. Ancaq islamlaşan Yaxın Şərqdə ABŞ öz qarşısında yeni maneə görür – İran. İranın regiondakı nüfuzu onunla sübut olunur ki, qərb ölkələri İraqdakı problemlərin çözülməsində İranla əməkdaşlıq etməyə məcburdular. Eyni zamanda da İrana alternativ olan islamçı hökumət irəli sürülməlidir, bunun üçün də, real şəraiti nəzərə alsaq, seçim Səudiyyə ilə Türkiyə arasında olunmalıdır.
İslamlaşan Yaxın Şərq
İraqın qonşularının müharibəyə münasibətləri və ölkənin siyasi quruluşuna dair baxışalrı Yaxın Şərq liderlərinin xarici siyasətlərində dini amildən necə istifadə etdiklərini nümayiş etdirdi. HƏMAS (Fələstin), Hizbullah (Livan) və hüsiçilərin (Yəmən) fəallaşması regionda yaşayan şiələrin dini oyanışından xəbər verir. Bu İranın xarici siaysətinin uğuru kimi dəyərləndirilsə də, əslində rəsmi Tehranın qarşısında ərəb millətçiliyi timsalında bir sədd yaranıb. Ərəb, xüsusən İraq şiələri Nəcəf müctehidlərinin mövqeyini dəstəkləməklə, İranı regiondakı siyasətinə yenidən baxmağa məcbur etdi. Ayətullah Seyyid Əli Sistaninin simasında Nəcəf alimləri İraqda teokratik deyil, dünyavi hökumətin qurulmasını dəstəklədilər. İran da bununla razılaşdı. İranın regionda əsas dayaqlarından olan “Hizbullah” da Livanda teokratik şiə respublikasının qurulmasına getmədi. Hizbullahın bütün hərbi və siyasi potensialı, şiələrin Livan əhalisinin nisbi əksəriyyətini təşkil etməsi ona imkan verirdi ki, ölkə rəhbərliyini ələ keçirsin. Buna baxmayaraq Seyyid Həsən Nəsrullah Livanın mövcud siyasi sisteminə qarşı çıxmadı və status quo-nun saxlanılması ilə bağlı qərbyönlü hökumətlə razılaşma əldə etdi. Belə demək olarsa, İraq müharibəsi fonunda indiyədək qərbdə geniş müzakirələr obyekti olan “İslam inqilabının ixracı” barədə miflər dağıldı, bir çox ölkələr İranın bu sahədə siyasətini yenidən dəyərləndirməli oldular.
Səddamın müharibədə uduzması Yaxın Şərqin əsas etnik qrupu olan ərəblərin milli şüuruna böyük zərbə vurdu. Onlar bunu “ərəb faciəsi”, Bağdadın işğal gününü isə “ərəblərin qul olduqları rüsvayçılıq günü” elan etdilər. Bu fonda Həmasın, Hizbullahın, Türkiyə və İranın ərəblər arasında nüfuzlarının artamsı ərəb ölkələrinin xarici siyasətlərində İslam faktorunun qabardılmasını qaçılmaz edir. Bu istiqamətdə ən nüfuzlu ərəb ölkəsi Səudiyyə Ərəbistanına əngəl törədən əsas amil ölkənin vəhhabi ideologiyası əsasında qurulmasıdır. Ərəblərin əksəriyyəti sünnü olduğundan vəhhabilik onlara yaddır. Məhz bu faktor rəsmi ər-Riyadı vəhhabi ruhanilərini sünnülərə qarşı sərt mövqelərindən çəkindirməyə məcbur etdi. Bunun əksinə isə, vəhhabilərin şiəliyə qarşı təbliğata təşfiq etməklə, Səudiyyə Ərəbistanı İrana qarşı ideoloji instrument əldə etmiş oldu. Əgər İran sünnü-şiə vəhdəti (ümmətçilik) ideyalarını önə çəkməklə İslam aləmində nüfuzunu artırmaq istəyirsə, Səudiyyə Ərəbistanı anti-şiə təbliğatı aparmaqla müsəlman dünyasında İrana qarşı mənfi rəy formalaşdırmağa cəhd göstərir.
Bu arada ABŞ və müttəfiq dövlətlər öz hərbçilərini İraqdan çıxarmaq istədiklərini bəyan edirlər. Tədricən İraqda təhlükəsizlik məsələlərinə görə yerli polis və ordu cavabdehlik daşıyacaq. Sabitliyin tam bərqərar olmadığı və daim yeni münaqişələrin yarandığı bir ölkədə onların bu vəzifənin öhdəliyindən necə gələcəkləri sual doğurur. Bu isə amerikalıların İraqdan çıxmayacaqları barədə düşünməyə əsas verir. Əks təqdirdə iraqlıların köməyinə İran hərbçiləri gələcəklər, bu isə tam realdır, xüsusən onu nəzərə alsaq ki, İraq qoşunlarında əsasən şiələr xidmət edirlər. Bu cür vəziyyətlə bir sıra qonşu ölkələr və onların dəstəklədikləri qiyamçı və terrorçu qruplaşmalar da razılaşan deyillər.
Osmanlı imperiyasının və İslam xilafətinin varisi Türkiyə ənənəvi sünnü ölkəsi olmasına baxmayaraq, ərəb dövləti deyil. Bu ölkənin ərəb olmaması, həmçinin buradakı sekulyarizmin regionda yaşayan sünnülərə təsir mexanizmini olduqca zəiflədib. İranın və onun dəstəklədiyi Suriya, Hizbullah və Həmasın nüfuzu artıqca Türkiyənin baş naziri R. T. Ərdoğan özünü İran prezidenti Əhmədinejada bənzədərək anti-İsrail çıxışlar etməyə başladı, ancaq Türkiyə xarici siyasətində heç bir əsaslı dəyişiklik hiss olunmur: Türkiyə İsraili dövlət kimi tanıyır, ABŞ-ın strateji müttəfiqi olduğunu bir daha bəyan edir. Bu isə əsas verir ki, AKP hökumətinin islamçı olduğuna şübhə edək. Bunu da qeyd etmək yerinə düşərdi ki, Əhmədinejad 2008-ci ilə qədər bütün yaxın Şərqdə hətta Türkiyənin özündə də bütün siyasi liderlərdən polulyar idi. Ərdoğan isə rəsmi Ankaranın Əhmədinejadın müqabilində irəli sürdüyü alternativ siyasətçidir. Türkiyə istədiyinə nail ola bildi: fələstinlilər Ərdoğanı öz “tarixi missiyasını” – Fələstin xalqını qurtarmağa çağırdı, Səudiyyə Ərəbistanı isə Ərdoğanı “ərəb Nobel mükafatı” - kral Feysəl mükafatı ilə təltif etdi. Hazırda Ərdoğan bir növ “Türkiyənin Əhmədinejadı”na çevirilib, Türkiyə isə Osmanlı dövlətçilik ənənəsini bərpa etməklə Yaxın Şərqdəki hegemonluğunu qaytarmaq istəyir. Bu isə Yaxın Şərqdə İslami oyanış fonunda Türkiyəni qərb və İslam aləmi arasında qaçılmaz seçim qarşısında qoyacaq.
Regional liderlər ABŞ-ın müttəfiqi olub-olmamasından asılı olmayaraq milli maraqlarını və regiondakı reallıqları nəzərə almaya bilməzlər. ABŞ nə qədər cəhd göstərsə də Səudiyyə Ərəbistanı İslam aləmində mövqeyini itirməsindən və daxili vəziyyətin gərginləşməsindən ehtiyatlanaraq İsraili tanımır. Türkiyə də kürd və erməni məsələlərində ABŞ-ın siyasətini bütövlüklə dəstəkləyə bilməz. İraqda və bütün regionda yaşanılan münaqişələr, qərb-şərq qarşıdurmasının kəskinləşməsi İran, Türkiyə və Səudiyyəyə birbaşa təsir etdiyindən bu ölkələri vahid mövqedən çıxış etməyə vadar edəcək. Ancaq Çörçil demişkən: “Biz mütləq düzgün yoldan istifadə edəcəyik, başqa yolları sınaqdan keçirdiknən sonra.”
«Salam» Analitik Mərkəzi
Məlumatdan istifadə edərkən “salaminfo.az”a istinad vacibdir
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi






