Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ANALİTİKA | Birləşmiş Millətlər Təşkilatı: Tənəzzül etməkdə olan qurum və yaxud yeni dünya düzəni nə tələb edir

Birləşmiş Millətlər Təşkilatı: Tənəzzül etməkdə olan qurum və yaxud yeni dünya düzəni nə tələb edir

image

Bu təşkilatın strukturunda müasir geosiyasi düzüm nəzərə alınmalıdır

İkinci Dünya müharibəsindən sonra yeni dünya quruluşunu tənzimləmək məqsədilə BMT təsis edildi. Yeni ümumdünya təşkilatı müasir beynəlxalq hüquq normaları yaratmalı və onların icrasına nəzarət etməli idi.  Beynəlxalq təhlükəsizliyin təminatçısı olacaq BMT dünya xalqlarının forumuna çevrilməli idi. Müharibələrdən bezən millətlər öz ümidini bu quruma bağladılar. Artıq BMT-nin yaradılmasından 62 il ötüb. Bəslənilən ümidlərin bu gün özünü nə qədər doğruldub-doğrultmaması və BMT-nin müasir dünyadakı rolu günümüzdə ən çox müzakirə olunan mövzulardandır. Elə biz də bu sayımızda BMT-də islahatlar məsələsinə müraciət etməyi qərara aldıq.

Millətlər Liqasından Birləşmiş Millətlərə

Bəşəriyyət daima öz keçmiş səhvləri üzərində öyrənərək inkişafa doğru addımlayıb. Nədənsə insanlar gələcək təhlükələrin qarşısını almaq üçün dialoq qurmaqdansa, fikirləşmədən səhvə yol verir və sonra özləri üçün nəticə çıxarırlar. Birinci Dünya müharibəsində iştirak edən dövlətlər qloballaşan dünyada beynəlxalq münasibətləri tənzimləyəcək təşkilata ehtiyac olduğunu gördülər. Beləliklə də 1919-cu ildə Paris sülh konfransı zamanı Millətlər Liqası təsis olundu. İllər ötdükcə dövlətlər problemlərin birgə həlli həvəsindən düşürdü. Yenə hərbi ittifaqlar quruldu, fövqəldövlətlərin təsir dairələrini genişləndirmək istəyi yarandı. Nəticədə Millətlər Liqasının varlığı və ya yoxluğu heç kəsə maraqlı olmadı. İkinci Dünya müharibəsi başlandı. O da sona çatdıqda beynəlxalq ictimaiyyət yenə ümumdünya təşkilatı yaratmaq arzusuna düşdü. Millətlər Liqasında buraxdıqları səhvlərə yol verməmək üçün daha işlək mexanizm hazırlandı. Faşist blokuna qarşı səylərini birləşdirən müttəfiqlər 1942-ci ildən başlayaraq dünyada sülhü və təhlükəsizliyi təmin edəcək təşkilatın yaradılması istiqamətində səylərini artırdılar. ABŞ prezidenti Ruzveltin təklifi ilə bu təşkilata Birləşmiş Millətlər adı verildi. 1945-ci il oktyabrın 24-ü San-Fransisko sülh konfransı çərçivəsində 50 ölkə BMT-nin Nizamnaməsinə imza ataraq qurumun yaradılmasını rəsmi olaraq təsdiqlədi. Müharibədən sonrakı dünyanın reallıqlarına uyğun olaraq BMT-də əsas rol ABŞ, SSRİ, Çin, Fransa və Britaniyaya ayrıldı. Hazırda BMT-yə 190-dan çox müstəqil ölkə üzvdür.

BMT-nin əsas qurumları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Beynəlxalq Məhkəmə və Katiblikdir. BMT strukturunda mərkəzi yerdə məşvərət və təmsilçilik orqanı olan Baş Assambleya durur. 192 üzv ölkənin hamısı Baş Assambleyada təmsil olunur. Beynəlxalq təhlükəsizliyin və sülhün təmin olunması isə Təhlükəsizlik Şurasının öhdəliyindədir. Bu qurum 5 daimi və 10 müvəqqəti üzvdən ibarətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya (SSRİ-nin varisi qismində), ABŞ, Çin, Fransa və Britaniyadır. Burada bütün qərarlar daimi üzvlərin yekdilliyi ilə qəbul olunur və bütün üzv ölkələr onlara tabe olmalıdır.

Müharibədən sonra

BMT-nin təsis edilməsində, təbii ki, sıravi ölkələrin heç bir zəhməti olmayıb. Müharibəni başlayan da, bitirən də və nəhayət sülhü təmin etmək üçün beynəlxalq təşkilatlar yaradan da elə fövqəldövlətlərin özləri idi. BMT-nin qalib gəlmiş fövqəldövlətlərin maraqları əsasında qurulması qaçılmaz idi. Hitler koalisiyasına daxil ölkələrdən BMT vasitəsi ilə intiqam alınması da qaçılmaz idi. Ancaq bütün bu “qaçılmazlıqlar” yalnız müharibədən sonrakı təzə qurulmuş beynəlxalq sistemdə keçərli idi. İllər ötdükcə şərait də dəyişirdi. Faşistlər üzərində qələbə eyforiyası Soyuq müharibə ilə əvəz olundu. Vaxtı ilə ümumi düşmənə qarşı mübarizə üçün bir-birini dəstəkləyən SSRİ və ABŞ düşmənçilik edirdi. BMT də bu qarşıdurmadan kənarda qalmadı. SSRİ və ABŞ iki hissəyə parçalanmış dünyada sosialist və kapitalist bloklarına rəhbərlik edirdi. Beynəlxalq münasibətlər bu iki blok arasında münasibətlərdən başqa bir şey deyildi. BMT də bu iki blokun mübarizə meydanına çevirildi. Demək olar ki, bu illərdə formalaşan müasir beynəlxalq hüquq iki blokun ideoloji və siyasi mübarizəsinin nəticəsidir. Hüquqi normalar digər fövqəldövlətə maneə törətmək və öz hərəkətlərinə bəraət qazandırmaq məqsədilə qəbul olunurdu.

Beləliklə, qarşımızda müharibədən sonrakı dövrdə yaranmış ilk uyğunsuzluğu görürük. Yuxarıda qeyd etdiyimiz kimi, BMT-nin təsis edilməsində məqsəd beynəlxalq təhlükəsizlik və sülhün qorunması idi. İlkin mərhələdə təhlükə mənbəyi kimi Almaniya və onun müttəfiqləri qəbul olunurdu. Odur ki, təhlükəsizliyi təmin etmək üçün BMT həmin ölkələrə qarşı məhdudiyyətlər tətbiq edirdi. Bu dövrün əsas xüsusiyyəti o idi ki, sülhün zamini, “dünya polisi”  qismində qalib ölkələr, münaqişəyə meyilli və cəzalanmaya məhkum olunmuş qismində isə məğlub dövlətlər çıxış edirdi.

İkinci mərhələdə təhlükə mənbəyi ilə təhlükəsizliyin təminatçısı faktiki eyniləşdi. Vaşinqton Moskvanı, Moskva isə Vaşinqtonu beynəlxalq stabilliyi pozmaq cəhdlərində ittiham edirdi. Eyni zamanda, hər iki mərkəz özünü sülhsevər tərəf, məzlum xalqların müdafiəçisi, dünyanın xilaskarı kimi təqdim edirdi. Yeni siyasi meydanda nə qalib var idi, nə məğlub.

Hər iki mərhələ arasında ciddi fərqlərə baxmayaraq, onlar arasında bir mühüm oxşarlıq mövcud idi ki, BMT-nin öz həyata davamlılığını hələ itirməməyə imkan verirdi. Bu, İkinci Dünya müharibəsinə qədər əsrlər boyu hökm sürən kolonial sistemin süqutu və postkolonial dünyanın formalaşması idi. Bu cəhətdən ABŞ-la SSRİ-nin mövqeləri üst-üstə düşdüyündən BMT-nin fəaliyyəti də səmərəli idi. BMT tarixində yeganə uğurlu məqamlar antikolonial siyasətin həyata keçirilməsi ilə bağlıdır. Ancaq Soyuq müharibənin, ABŞ-SSRİ qarşıdurmasının təzahür etdiyi müxtəlif münaqişələrdə BMT-nin fəaliyyətsizliyi gözə çarpırdı.

Müasir beynəlxalq  sistem

1991-2001-ci illəri keçid dövrü adlandırsaq, yanılmarıq. 1991-ci ildə SSRİ-nin süqutundan sonra bəşəriyyətin gələcək taleyi müəmmalı idi. Bu müəmmalılıq 2001-ci ildə 11 sentyabr hadisələri və «antiterror» əməliyyatlarının başlanmasına kimi davam edib. Həmin on il ərzində BMT də müəmmalılığa qərq olmuşdu. Zahirən təşkilatın fəallığı artsa da, Baş Assambleya və Təhlükəsizlik Şurasının bütün qətnamələri rəmzi xarakter daşıyıb. Xırda ölkələr belə BMT-nin qərarlarına laqeyd yanaşmağa cəsarət tapırdı. BMT tamamilə yararsız və faydasız quruma çevrildi. BMT Baş Assambleyasında təmsil olunan dövlətlər bu və ya digər qərarın ədalətə uyğun olmasına çalışsalar da, həmin qərarların effektliliyi onun ədalətliliyindən deyil, əlverişli olub-olmamasından asılı idi. Yuqoslaviya münaqişəsində tamamilə ABŞ-ı dəstəkləyən BMT müstəqil beynəlxalq təşkilat kimi prestijini itirməyə başladı. Bu isə öz növbəsində beynəlxalq ictimaiyyətin narahatlığına səbəb oldu. Ancaq bu durum çox çəkmədi. Rusiya, Çin və Avropa Birliyinin qüdrətlənməsi fonunda BMT-ni də istədiyi kimi istifadə etmək çətinləşdi. Artıq yenidən balansa riayət etmək lazım idi. Ancaq on illik “müəmmalılıq” dövründə sərbəstliyə və maneəsizliyə öyrəşən ölkələr yeni qaydaları mənimsəmək istəmədi. Nəticədə İraqa hərbi müdaxilə və Səddam rejiminin zorla devrilməsinə qarşı bəyanat verən BMT-nin çağırışlarına etinasızlıq göstərildi. Rəsmi Vaşinqtonun bu addımı digər ölkələr üçün beynəlxalq presedent yaratdı. Fikrimizcə, BMT-nin bu cür tənəzzül etməsinin yeganə səbəbi köhnə dəyərlər üzərində qurulmuş təşkilatda islahatların aparılmamasıdır. Faşist təhlükəsinin qarşısını almaq üçün yaranan qurum XXI əsrin qlobal problemlərini həll etmək iqtidarında ola bilməz.

Nələr dəyişməlidir?

Əvvəla, onu qeyd etməliyik ki, İkinci Dünya müharibəsindən sonra beynəlxalq durum xeyli dəyişilib. Güclərin düzümü, dövlətlərin ittifaqı, xarici siyasət prioritetləri, qlobal təhlükələr və ən əsası, siyasətin mahiyyəti və onun reallaşma mexanizmi dəyişib. Artıq başqa dəyərlər və başqa dünya mövcuddur.

Məğlub Almaniya ilə Yaponiyada revanşizmin baş alacağından ehtiyatlanan beynəlxalq ictimaiyyət bu ölkələri Təhlükəsizlik Şurasından təcrid etmişdilər. Digər tərəfdən, kolonial vəziyyətdə yaşayan Afrika xalqlarının ümumdünya məsələlərinin həllində iştirakı heç kəsin ağlına belə gəlməzdi. Olduqca geridə qalmış və heç bir qüvvəyə malik olmayan Latın Amerikası ilə müsəlman aləmi də BMT-nin mühüm strukturlarında təmsilçilik hüququ qazanmadılar.

ABŞ-SSRİ qarşıdurması zamanı, ümumiyyətlə, digər ölkələrin beynəlxalq arenada hansısa fikir irəli sürmələri mümkün deyildi. Bütün qlobal hadisələrin səbəbkarı da, müzakirə və həll edənləri də bu iki fövqəldövlət idi. Bununla yanaşı, Soyuq müharibə illərində ideoloji müharibə başqa prosesləri kölgədə qoyurdu. Elə həmin fövqəldövlətlərin başları bir-birinə qatışdığı zaman Almaniya (AFR) iqtisadi cəhətdən qüdrətlənir, Avropa inteqrasiyasında aparıcı qüvvə kimi özünü təsdiqləyirdi. Bu gün Almaniya əhalisinə görə AB-nin ən iri ölkəsidir və Avropa parlamentində ən çox yerə malikdir. Yaponiyada da “iqtisadi möcüzə” baş verdikdən sonra o, dünya iqtisadiyyatında ikinci yer tutdu. Sakit Okean və Cənub-Şərqi Asiya regionunda iqtisadi nüfuzunu artıran Yaponiya burada siyasi güc də əldə etdi. Ərəb və Cənubi Asiya ölkələri ABŞ və SSRİ qarşıdurmasının özünü ən çox büruzə vediyi yer idi. Qərbpərəst millətçi və SSRİ yönlü kommunistlərin arasında sonsuz və mənasız siyasi mübarizə bu ölkələrdə islamlaşma prosesinə təkan verdi. Beləliklə də, vahid müsəlman blokunun ilk nişanələri yaranmağa başladı. Latın Amerikası da oxşar durumda idi. İdeoloji poliqona çevrilmiş Cənubi və Mərkəzi Amerika özünəməxsus inkişaf yolunu tutaraq yeni dünyavi qüdrət kimi formalaşmağa başladı.

SSRİ-nin süqutundan sonra bütün qeyd olunanlar kölgə altından çıxdı. Gözlənilmədən yeni siyasi qüvvələr peyda oldu: Avropa Birliyi, Cənub-Şərqi Asiya və Okeaniya, Latın Amerikası, Afrika, müsəlman dünyası və Hindistan. Bu ölkələr istər-istəməz beynəlxalq proseslərə təsiri edir, ancaq BMT-də onların marağı statuslarına uyğun təmsil olunmur. Son illərdə Təhlükəsizlik Şurasının islahatları barədə səslənən fikirlər də məhz yeni dünya güclərinin tanınması ilə əlaqəlidir. Dövlətin real gücü ilə mövcud statusu uyğunlaşmayanda isə həmin dövlət öz real gücünü göstərməyə çalışır və bununla da beynəlxalq təhlükə mənbəyinə çevrilir.

Beynəlxalq sülhü təmin edəcək ümumdünya təşkilatı ideyası olduqca mühümdür. Belə bir beynəlxalq tənzimləyici strukturun olması zəruridir. Əlbəttə ki, BMT öz strukturuna və prinsiplərinə görə hələ ki tam yararsız sayıla bilməz. Sadəcə olaraq, bu təşkilatın strukturunda müasir geosiyasi düzüm nəzərə alınmalıdır. Belə ki, qloballaşan dünyada problemlərin həll yollarını tapmaq və dialoq qurmaq daha asandır. Bundan əlavə, beynəlxalq hüquq sistemində müvafiq dəyişikliklər aparılmalı və hüququn icra mexanizmi daha da sərtləşməlidir. Beynəlxalq ictimaiyyət artıq bu barədə düşünməyə başlayıb.

 

“Salam” Analitik  Mərkəzi

Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az