Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ANALİTİKA | Yaxın Şərq - qlobal siyasətin dönüş nöqtəsi

Yaxın Şərq - qlobal siyasətin dönüş nöqtəsi

image

2009-cu ildə Yaxın Şərqdəki proseslərin icmalı

Ötən il yanvarın 20-dən dünyanın aparıcı dövləti ABŞ-ın prezidenti vəzifəsini Barak Hüseyn Obama icra etməyə başladı. Barak Obamanın gəlişi dünya siyasətində böyük yeniliklərin olacağına ümid yaradırdı. Birincis,i Obama tarixdə ilk qaradərili və müsəlman köklü ABŞ prezidenti idi. İkincisi, liberal-demokrat Obama mühafizəkar-respublikaçı Buşdan fərqli olaraq pasifist bəyanatları ilə yadda qlmışdı. Bir çoxu nəhayət ki, İraq, Əfqanıstan və Yaxın Şərq münaqişəsinin sona çatacağına ümid edirdi.

Yeni prezident, köhnə siyasət

Beynəlxalq münasibətlərdə səthi də olsa dönüş olacağına inanmağa, əlbəttə ki, səbəb var idi. Çünki, ABŞ siyasi tarixində demokratlarla resbublikaçılar hökumətlərinin dəyişməsi xarici və daxili siyasətdə də dəyişiklərlə müşahidə olunur. Mühafizəkar ideyalara əsaslanan respublikaçılar ideoloji məsələlərə önəm verir, Amerika messionizmini daha qabarıq şəkildə xarici siyasətində nümayiş etdirirlər. Bu baxımdan respublikaçılar demokratiya uğrunda müharibələri öz müqəddəs vəzifəsi, qeyri-demokratik rejimlərlə isə əməkdaşlığı Amerika ideyasına xəyanət kimi dəyərləndirirlər.  Onlardan fərqli olaraq liberal-demokratlar ideoloji məslələrdə yumşaqlıq göstərir, əsas diqqəti iqtisadi rifaha yönəldirlər. Ancaq Barak Obamanın tutduğu yol öz sələfi Corc Buşun siyasi xəttindən yalnız sözdə fərqlənirdi. Bəziləri ən azından bu sözlərin deyilməsini mühüm hesab edirlər. Görünür, Obamaya Nobel Sülh Mükafatı verənlər də niyyətin dilə gətirilməsini konkret hərəkətlərin müqəddiməsi kimi dəyərləndiriblər. 

Obamanın ən yadda qalan siyasi jestlərindən biri Qahirədə müsəlman aləminə müraciəti oldu. İslama qarşı səlib yürüşünü açıqcasına elan etmiş sələfindən fərqli olaraq, o, bildirdi ki, İslam terror dini deyil və Qərb müsəlman aləmi ilə əməkdaşlığa hazırdır. Öz çıxışında heç bir problemin konkret həllini təklif etməyən Obama, ümumi bəyanatlarla kifayətləndi. Qərblə İslam dünyası arasında qarşıdurmanın ən birinci rəmzi Yaxın Şərq məsələsidir, daha dəqiq desək, Fələstin-İsrail müharibəsi. Məsələyə dair fikrini açıqlayan Obamanın sözlərindən bəlli oldu ki, ABŞ Yaxın Şərqdə ikili siyasətini davam etdirmək niyyətindədir, yəni nə İsraili nə də ərəbləri açıq dəstəkləyən deyil. Elə BMT-də Qoldstoun hesabatının dəstəklənməsi də buna sübutdur. Qoldstounun hesabatında İsraillə yanaşı Həmas da hərbi cinayətlərdə ittiham olunub, ancaq nədənsə mətbuatda bu bəyanat sırf anti-İsrail sənəd kimi təqdim olundu. Əlbəttə BMT kimi təşkilatın qəflətən müstəqil rəy söyləməsi gülüncdür, ABŞ-ın istəyi olmasa idi bu hesabat əsasında heç vaxt qəttnamə verilməzdi. Ən azından bu qəttnamə Təhlükəsizlik Şurası tərəfindən Beynəlxalq məhkəməyə verilsə bütün İsrail rəhbərliyi həbs olunmalıdır. Bu sənəd bir tərəfdən ərəbləri sakitləşdirmək, digər tərəfdən yəhudilərlə manipulyasiya etmək üçün qəbul olunub.

Qəzza müharibəsi və İslam dünyası

Bəlkə də ilin yekunlarından danışarkən elə İsrail-Fələstin münaqişəsindən başlamaq lazım idi. 2009-cu il beynəlxalq münasibətlərdə müharibə ilə - İsrailin Qəzza zolağına hücumu və 3 həftəlik hərbi əməliyyatları ilə başladı. Bu müharibə Fələstin xalqı üçün nə qədər acınacaqlı olsa da, neçə cəhətdən müsbət nəticələr verdi. Beləki, məğlubolmaz İsrail ordusu barədə miflər Həmasın SAXAL üzərində faktiki qələbəsi ilə dağıdıldı. Həmçinin müharibəni yalnız silah və iqtisadiyyat gücünə udmağın mümkün olduğunu söyləyənlər, öz fikirlərinə yenidən baxmalı oldular – 2007-ci ildən mühasirədə yaşayan qəzzalılar dünyanın ən güclü hərbi texnikasına malik olan İsraili geri çəkilməyə məcbur etdilər.

Bu müharibənin digər müsbət cəhəti müsəlman ölkələrinin potensialının üzə çıxması oldu. Ərəb dövlətləri Qəzza məsələsini yalnız müharibənin ikinci həftəsində müzakirə etmək üçün bir araya gəldilər. İslam aləminə liderlik iddiasında olan Səudiyyə Qəzza ilə bağlı heç bir qətiyyət nümayiş etdirmədi, əksinə ölkədə Qəzzaya dəstək məqsədilə nümayişlərin keçirilməsinə qadağa qoyuldu, daha sonra bəlli oldu ki, müharibə zamanı İsraili yanacaqla elə Səudiyyə Ərəbistanı təmin edirdi. Əksinə, heç bir liderlik ambisiyası olmayan Qətər və Suriyə birmənalı olaraq Həması dəstəklədilər, ərəb ölkələrini isə xain adlandırdılar.

Bütün bunlara rəğmən, müsəlman aləmi birləşməyə bacardığını göstərdi. Tarixdə ilk dəfə İslam vəhdəti beynəlxalq siyasətin gündəminə gəldi: ərəblər gözləri götürmədikləri İranı Qəzza probleminin həlli ilə bağlı konfransa dəvət etdilər. Digər cəhətdən Qərbin müttəfiqi və İsraillə sıx əməkdaşlıq edən Türkiyə ötən il hamını təəccübləndirdi. 28 yanvar-1 fevral tarixlərində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Rəcəb Təyyib Ərdoğan İsrail prezidenti Şimon Peresin Qəzza ilə bağlı çıxışına qəzəblənib onu cəlladlıqda ittiham etdi, daha sonra isə zalı tərk etdi. Bu isə Türkiyənin İslam aləmində siyasi çəkisini artırdı.

“İslamlaşan” Türkiyə

Türkiyə Fələstinlə bağlı şok bəyanatlar verir, İsraillə münasibətlərini korlayırdı. İran nüvə məsələsində isə Türkiyə Qərbin əleyhinə gedərək İranı dəstəklədi. Bütün bunlara əlavə olaraq Türkiyə Suriya ilə İsrail, İranla Qərb arasında vasitəçilik etməyə hazır olduğunu bəyan etdi. Ancaq Türkiyənin islamyönlü siyasət aparması bir o qədər də inandırıcı deyil. Çünki, tarixən Türkiyədə ABŞ əleyhinə çıxan islamçı hökumətlər ABŞ-ın maliyyələşdirdiyi ordu tərəfindən devirilirdi. Bu il isə heç bir hərbi çeviriliş baş vermədi, əksinə hökumət Ergenekon məsləsini ortaya atmaqla ordunu nüfuzdan salmağa cəhd göstərdi. Xüsusən, Ermənistan-Türkiyə münasibətlərinin Vaşınqtonun təzyiqi ilə normallaşması, Türkiyənin bu məsələdə hətta Rusiyadan dəstək alması, Avropaya inteqrasiyanın gündəmdə saxlanılması, Türkiyə-İsrail münasibətlərində köklü dəyişiklərin baş tutmaması, Türkiyə silahlı qüvvələrinin NATO hərbi əməliyyatlarında iştirakı Ərdoğanı bir növ Obamaya bənzədirdi – dəyişən yalnız bəyanatlar idi, qalan hər şey olduğu kimi qaldı. Bütün bunlar ona işarə edir ki, ABŞ öz müttəfiqi Türkiyəni islamlaşan Yaxın Şərq regionunun “islamlaşmış” lideri görmək istəyir.
 
İran seçkiləri və nüvə proqramı

Dünyada vəziyyət nisbətən sakitləşdiyi bir dövrdə hamının diqqəti İrandakı seçkilərə yönəldi. İran da bunu anlayaraq nümayişkarcasına seçki kampaniyasının azadlığını maksimum şəkildə təmin etdi və bununla bir çoxlarını təəccübləndirə bildi. İrandakı siyasi proseslər onu göstərir ki, İslam rejimi çərçivəsində ikipartiyalı sistemin formalaşmasına cəhd göstərilir. Elə dövlət rəhbərliyi də bu kursu dəstəkləyir. Necəki Qərb ölkələrində demokratik rejim çərçivəsində iki mühüm partiyalar bir birini əvəz edərək yeni siyasi proqramlarla çıxış edir, İranda da vilayəti-fəqih sistemi (fəqihin hakimiyyəti) çərçivəsində fərqli siyasi və iqtisadi proqramla çıxış edən iki partiyanın formalaşmasına doğru addım atılır. Bunun üçün də müəyyən qədər potensial var: uzun illərdir ki, İran siyasi elitası mühafizəkar və islahatçılara bölünüb. Seçkilərdə də iki əsas rəqib – Əhmədinejad və Musəvi bu iki cərəyanı təmsil edirdilər. Əhmədinejadın qələbə çalması ilə islahatçıları təmsil edən siyasətçilər etiraz aksiyalarına başladılar və seçkilərin saxtalaşdırıldığını söylədilər. Bu isə birbaşa İslam rejiminə qarşı üstüörtülü ittiham idi. Gərginliyi yatırtmaq üçün vəliyyi-fəqih – ölkənin ali dini lideri Ayətullah Xamənəyi məsləyə qarışmalı oldu. Bundan sonra Musəvi, Kərrubi və Xatəminin başçılığı ilə müxalifət vilayəti-fəqih sisteminə qarşı çıxdılar. Bu arada İslam Respublikasının ikinci şəxsi və islahatçıların ideoloqu kimi tanınan Ayətullah Rəfsəncani ilə Ayətullah Xamənəyi arasında münasibətlərin pisləşməsi barədə müxalifət tərəfindən müxtəlif məlumatlar verilirdi. Ancaq Ayətullah Rəfsəncani çıxış edərək bildirdi ki, müxalifət onun adından sui-istifadə edir və vilayəti-fəqih sistemi İran üçün alternativsizdir. İran müxalifətinin ən qalmaqallı çıxışı dekabrın 27-si Aşura günü baş tutdu. Məsələnin təfərrüatı ilə yazmağa ehtiyac yoxdur, ancaq mühüm olan bir məsələ var ki, ABŞ prezidenti İran müxalifətini dəstəklədiyini açıq etiraf etdi. Vaşinqtondan gələn maraqlı bəyanatlardan birində isə bildirirlirdi ki, İrana qarşı sanksiyalar tətbiq edilsə müxalifət zəifləyə bilər, ona görə bu məsələni hələlik gündəmdən çıxartmaq lazımdır. Bununla da İranın daxilindəki iğtişaşlarda ABŞ əli olduğu təsdiqini tapdı.

Ümumiyyətlə ABŞ-İran münasibətləri bu il diqqət mərkəzində olub. Artıq bir ənənəyə çevirilmiş nüvə məsələləri üzrə danışıqlar bu il səngimək bilmirdi. Bu prosesin nəhayət nöqtəsi “5+1” və ya “böyük altılıq” danışıqları oldu. Dünyanın aparıcı ölkələri – BMT Təhlükəizlik Şurasının 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, Fransa və Britaniya) ilə Almaniya İranın nüvə proqramını müzakirə etməyi qərara aldılar. Qərb ölkələrinin təklifi ilə MAQATE İrana yeni paket təqdim verdi. Beləki, İran uranın zənginləşdirilməsini dayandırmalı idi; sülh məqsədli texnologiyaların inkişafı üçün öz az səviyyədə zənginləşdirilmiş uranını MAQATE-yə təhvil verməli, daha sonra lazımi səviyyədə zənginləşdirilmiş uranı Fransadan təhvil almalı idi. Buna cavab olaraq İran bildirdi ki, öz uranını heç kəsə təhvil verməmək şərti ilə lazım olan uranı Qərbdən satın almağa və MAQATE nəzarəti altında istifadə etməyə hazırdır. Qərb ölkələri isə bu təklifi qəbul etmədilər və problem açıq olaraq qaldı.

Rusiya-ABŞ dostlaşması

Dünya siyasətində qlobal dəyişiklərin artıq başladığını göstərən ilin mühüm hadisəsi BMT Baş Assambleyası sessiyasının açılışı oldu. İkinci Dünya müharibəsindən sonra Moskva ilə Vaşınqton ilk dəfə açıqcasına vahid mövqe nümayiş etdirdilər. İndiyədək iki ölkə arasında əsas mübahisə obyekti olan istər Şərqi Avropada RƏM sisteminin yerləşdirilməsi, istərsə də Ukrayna və Gürcüstandakı durumla bağlı məsələlərdə iki ölkə arasında artıq razılığın əldə olunduğu görsənirdi. Bundan əlavə, Avropa Şurasının Rusiya-Gürcüstan müharibəsində az qala rəsmi Tiflisi ittiham etməsi, Ermənistanın Türkiyə ilə sərhədlərini açması və bununla da Qərbə inteqrasiya etməsi, Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi, Rusiyanın İrana S-300 sisteminin satmaması, Rusiyanın İran əleyhinə sanksiyaların mümkün dəstəyi barədə bəyanatları, NABUCCO layihəsinin gündəmdən düşməsi bir çox yeniliklərdən xəbər verirdi. Artıq dünya birqütblü sistemdən çoxqütblü düzənə doğru gedir. Dünya siyasəti regionlararası münasibətlərə çevirilməkdədir. Bu baxımdan ABŞ Rusiyanın Şərqi Avropa, Qafqaz və Orta-Asiyada hegemonluğuna etiraz etmir. Birincisi, bu məsələ qaçılmazdır; ikincisi, Rusiya ideoloji baxımdan liberal-demokratik dəyərlərə əsaslanan Qərb dünyasının bir üzvünə çevirilib; üçüncüsü isə, Qafqaz və Orta Asiyada Rusiyanı İranla üz-üzə qoymaq ABŞ-ın İran və Rusiya ilə birbaşa konfrontasiyasından daha effektlidir. Rusiyanın mövqeyi də başadüşüləsidir: regionda tam oturuşmamış qlobal hökmranlığa nail olmaq mümkün deyil, bu məsələ Rusiyanın xarici siyasət konsepsiyasında artıq öz əksini tapıb.

Bütün diqqət Yəmənə yönəlir

2009-cu ildə ən yadda qalan digər hadisə Yəməndəki müharibə oldu. Uzun illərdir ki, Səna hökuməti Yəmənin şimalında yaşayan zeydiləri 1969-cu ildə ləğv edilmiş zeydi imamətinin (zeydi imamlarının rəhbərlik etdiyi teokratik monarxiya sistemi) bərpa etmək cəhdində ittiham edir. Eyni zamanda zeydilər hökuməti ayrıseçkilik siyasətində günahlandırırlar. Bu səbəbdən zeydi qiyamçıları ilə mərkəzi hökumət arasında silahlı qarşıdurmalar on beş ilə yaxındır ki davam edir. Nisbətən səngiyən müharibə avqustda yenidən alovlandı. Daha sonra öz sərhədlərini zeydilərin hücumindan qorumaq adı ilə Səudiyyə Ərəbistanı da Yəmən hökuməti tərəfində müharibəyə qatıldı. Zeydilərin yaşadığı ərazilər mühasirəyə alındı, bölgədə humanitar böhran yarandı. Daha sonra məlumat yayıldı ki, əl-Qaidə Yəmənin cənubunda oturuşub və ABŞ terroçularla mübarizə məqsədilə Yəməndə hərbi əməliyyatlara başlamaq niyyətindədir. Məsələ də tez-tez İranın adı çəkilirdi. Buna səbəb isə, zeydiliyin şiə təriqətlərindən və Amerikayönlü hökumətə müxalif olmaları idi. İranın bütün ittihamamlara səbrli münasibəti vəziyyətin daha təhlükəli olmasından xəbər verirdi.

Bəlli oldu ki, Yəməndəki müharibə avqust ayında ABŞ prezidentliyinə sabiq namizəd Con Makkeynin Sənaya səfərindən sonra başladı. Həmçinin Quantanamo və Səudiyyə həbsxanalaıında saxlanılan əl-qaidəçilər azad edilərək Yəmənə göndərilirdilər. ABŞ mətbuatında gedən məlumatlara əsasən, Vaşinqton Yəməndə İraq və Əfqanıstanla yanaşı üçüncü cəbhə açmaq istəyir. Bu cür iddiaların səslənməsinə də kifayət qədər əsas var. Birincisi, Yəmən eynən İraq və Əfqanıstan kimi milli birliyə malik olmayan, traybalizmin baş aldığı bir ölkədir və burada daxili vəziyyəti qatmaq və bundan yararlanmaq daha asandır. İkincisi, Əfqanıstan müharibəsinin əvvəlində olduğu kimi, ABŞ beynəlxalq ictimaiyyəti Yəməndə Əl-Qaidənin yerləşdiyinə inandırmağa və terrola mübarizə adı altında Yəmənə hərbi müdaxiləni legitimləşdirməyə çalışır.

“Salam” Analitik  Mərkəzi

Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az