Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ANALİTİKA | Nüvə texnologiyaları: qlobal təhlükə, yoxsa tərəqqi mənbəyi?

Nüvə texnologiyaları: qlobal təhlükə, yoxsa tərəqqi mənbəyi?

image

Atom enerjisi icad olunduqdan sonra bəşəriyyət görünməmiş və təsəvvürolunmaz nailiyyətlər əldə edib

İkinci Dünya müharibəsinin son illərində Robert Oppengeymin rəhbərliyi ilə ABŞ-ın məxfi “Manhetten layihəsi” uğurla başa çatdı - 1944-cü ildə ilk nüvə silahı icad olundu. 1945-ci ildə isə amerikalılar nüvə bombalarını Hirosima və Naqasakiyə atdıqda yeni icadın fəsadı dünyanı lərzəyə gətirdi. Ancaq az adam bilir ki, nüvə texnologiyaları sahəsində araşdırmalar hansısa hərbi qüdrətin artmasına deyil, bəşəriyyətin texnoloji tərəqqisinə yönəlmişdir. Nüvə texnologiyalarına qarşı mənfi təsəvvürlər bu sahədə inhisarçılığı qorumaq istəyən ölkələrin informasiya savaşının nəticəsidir. 

Atom enerjisi icad olunduqdan sonra bəşəriyyət görünməmiş və təsəvvürolunmaz nailiyyətlər əldə edib. Nədənsə günümüzdə atom enerjisindən istifadənin yalnız mənfi cəhətləri təbliğ olunur. Bu mövzuya müraciət edərkən hər birimizin ağlına ilk öncə Hirosima və Naqasaki faciələri gəlir. Halbuki, adıçəkilən fəlakətlərə səbəb elmi araşdırmalar yox, fövqəldövlətlərin qüdrət hərisliyi olmuşdur. Digər tərəfdən Soyuq müharibə illərində də qızğın silahlanmanın əsas komponenti nüvə silahı idi. Hər an nüvə müharibəsi qorxusu ilə yaşayan bəşəriyyət isə ətrafında baş verən və durmadan artmaqda olan elmi inkişafın məhz nüvə texnologiyaları əsasında olduğundan bixəbər idi. 

Ucuz  və təmiz enerji

Dünyada istifadə olunan elektrik enerjisinin yalnız 16%-i atom elektrik stansiyalarında (AES) istehsal olunur. Atom enerjisinin ümumi istehsalının 60%-dən çoxu inkişaf etmiş ölkələrin payına düşür. Bu isə o deməkdir ki,  dünya əhalisinin əksəriyyətinin yaşadığı inkişaf edən və kasıb ölkələr ənənəvi yanacaqdan, yəni istilik enerjisindən faydalanır.

Ənənəvi yanacağın əsasını neft, qaz və daş kömür kimi tükənməkdə olan təbii sərvətlər təşkil edir. Həmin faydalı qazıntıların hasilatı və emalı ekologiyaya böyük təhlükə yaradır. Təbii sərvətlərin tükənməsi ilə yanaşı faydalı qazıntıların yandırılmasının başqa acı nəticələri də var. Bura ozon təbəqəsinin deşilməsi, atmosferin çirklənməsi, parnik effekti, turşu yağıntıları, qlobal istiləşmə, onkoloji xəstəliklərin yayılmasını  daxil etmək olar. İstilik enerjisindən atom enerjisinə keçid qeyd olunan problemlərin qarşısını ala bilər. Məsələn, Fransada atom energetikası 1974-cü ildən inkişaf etməyə başlayıb. Bu gün artıq ölkənin elektrik enerjisinin 80%-i AES-lərdə istehsal olunur. Nəticədə havaya buraxılan ziyanlı tullantıların sayı azalıb, ölkənin ekoloji vəziyyəti xeyli yaxşılaşıb. Fransa faktiki olaraq neftdən elektrik enerjisi mənbəyi kimi istifadə etmir.

Nüvə energetikası iqtisadi baxımdan da olduqca faydalıdır. Məlumdur ki, bu növ enerjinin istismarı günə bir milyon ton neftə qənaət etməyə imkan verir. Bir parça uran filizindən minlərlə meqavat təmiz enerji almaq olar. Bundan əlavə, nüvə yanacağı işləndikdən sonra xüsusi şəkildə emal olunur və yenidən istifadəyə yararlı hala düşür. Nüvə yanacağının yararsızlaşmasına qədər davam edən bu dövrənin müddəti 50-100 ildir. Artıq Qərbi Avropada elektrik enerjisi məqsədilə neftin istifadəsi 9 faizə qədər enib.

Çernobıl faciəsindən sonra yaranmış əndişələr fonunda Qərbin energetika sahəsində nüvə texnologiyalarını genişləndirməsi böyük maraq doğurur. Ətraf mühitin qorunmasına və iqtisadi faydalara həssas yanaşan Qərbin bu istiqamətdə fəaliyyəti əslində nüvə energetikasının təhlükəsizliyi və perspektivliyi barədə xəbər verir. Çernobıl hadisəsinin təkrarlanmaması üçün nüvə reaktorlarını güclü təhlükəsizlik sitemi ilə təmin etmək lazımdır. Bu baha başa gəlsə də, mümkündür. Son zamanlar istilik və atom enerjisinə alternativ enerji mənbələrindən çox danışılır. Alternativ enerji ilk növbədə günəş, külək və sudan elektrikin alınmasını nəzərdə tutur. Ancaq bu növ enerji mənbələrinin coğrafi şəraitdən asılılığı, az miqdarda elektrik vermə qabiliyyətinə malik olması və böyük sərmayələr tələb etməsi əlverişsiz olduğundan, mədən yanacağına yeganə uğurlu alternativ atom enerjisidir.

“Nüvə təbabəti”

Bu gün bütün dünya Qərbdə tibb elminin inkişafına qibtə ilə yanaşır. Bu tərəqqinin əsasının bir çox hallarda nüvə texnologiyaları ilə əlaqəli olduğunu qeyd etsək, bəlkə də təəccüblü görünər. Lakin fakt budur ki, müasir dövrdə bir çox xəstəliklərin, xüsusən xərçəngin müalicəsində radioterapiyadan, yəni radioaktiv şüalanmadan geniş istifadə olunur. Radioşüalanma əsasında işləyən aparatlar ilə beyin, onikibarmaq və düz bağırsaq, prostat vəzisi və ağ ciyər xərcəngini müayinədən keçirmək olar. Bundan əlavə, müxtəlif yoluxmalar, anemiya, qalxanvarı vəzinin və s. xəstəliklərin  diaqnozunda da radioterapiyaya müraciət olunur. Zərərsiz və tez sağalmaq imkanı yaradan radioterapiya zənginləşdirilmiş uran, plutonium və digər nüvə yanacağı kimi istifadə edilən maddələrin ixrac etdiyi şüalanmadan ibarətdir. Bunlar isə bilavasitə nüvə texnologiyaları sahəsindəki araşdırmalar zamanı kəşf olunmuş nailiyyətlərdəndir.

Nüvə tətqiqatlarının təbabətə bəxş etdiyi digər nailiyyət isə maqnit-rezonans təsviri vasitəsilə daxili travma və şişlərin müayinəsi, həmçinin lazer və radioaktiv texnologiyaların köməyi ilə aparılan qansız əməliyyatlardır.

Nüvə texnologiyalarının tətbiqi heyvandarlıq və bitkiçilikdə də öz effektliyini göstərib. Radioaktiv maddələrlə mal-qaranın müalicəsi kənd təsərrüfatının inkişafına güclü təkan verir. Mal-qaranın və bitkilərin genetik modifikasiyası və böyüdülməsi, yeyinti məhsullarının yoluxmalardan təmizlənməsi və sağlamlaşdırılması, ən nəhayət məhsuldarlığın nəzərə çarpacaq dərəcədə artırılmasında da nüvə tədqiqatlarının böyük rolu var.

 “Nüvə klubu”

ABŞ və SSRİ nüvə silahına yiyələndikdən sonra digər ölkələr də bu istiqamətdə səylərini artırdılar. Belə ki 60-cı illərin sonunda artıq Fransa, Britaniya və Çin nüvə silahını istehsal etmiş və sınaqdan keçirmişdi. Qızğın silahlanmanın fəsadını anlayan beynəlxalq ictimaiyyət vaxtında atom bombasının yayılmasının qarşısını almalı idi. Əks halda istənilən ölkə istənilən münaqişə zamanı qorxulu silahı işə sala bilərdi. 1970-ci ildə BMT-nin təşəbbüsü ilə Nüvə Silahının Yayılmaması barədə Müqavilə (NSYM) hazırlandı. Müqaviləyə əsasən, ABŞ, SSRİ, Çin, Britaniya və Fransa nüvə silahına malik olan dövlətlər kimi təsdiqlənirdi. Qalan ölkələr isə nüvə silahını əldə etmək üçün tətqiqatlar aparmamalı, bunun əvəzində isə onlar sülh atom texnologiyaları ilə təchiz olunmalı idi. Burada sülh məqsədilə nüvə texnologiyalarının inkişaf etdirilməsinə heç bir qadağa qoyulmurdu. Müqaviləyə BMT-nin 190 üzvü imza atdı, qoşulmayanlar yalnız İsrail, Hindistan, Pakistan və Şimali Koreya idi.  NSYM-in müddəalarının icrasına nəzarət etmək üçün MAQATE təsis edildi.

Sonrakı illərdə müqaviləyə qoşulmayan dörd ölkə də nüvə silahını əldə etdi. Hazırda  “Nüvə klubu”na rəsmi olaraq ABŞ (1945-ci ildən), Rusiya (SSRİ-nin varisi kimi, 1949-cu ildən), Böyük Britaniya (1952-ci ildən), Fransa (1960-cı ildən), Çin (1964-cü ildən), Hindistan (1974-cü ildən) və Pakistan (1998-ci ildən) daxildirlər. 2006-cı ildə Şimali Koreya da nüvə silahını uğurla sınaqdan keçirdiyini bəyan edib. Şübhəli məqam İsrailin nüvə arsenalına malik olub-olmamasıdır. O, nüvə silahına malik olduğunu nə inkar, nə də təsdiq edir. Ekspertlərin fikrincə, İsrail atom silahını ABŞ və Böyük Britaniyadan aldığından, heç bir səs-küy salacaq sınaqlara ehtiyac olmayıb. SSRİ dağıldıqdan sonra Ukrayna, Belorus və Qazaxıstan ərazilərində qalan nüvə silahlarını Rusiyaya təhvil vermiş və nüvəsiz ərazi elan olunmuşdur. Yaponiya ilə Braziliya da nüvə texnologiyalarına iddialı idilər. Yalnız onlar bu fikirdən daşınaraq, nüvə layihələrindən imtina ediblər. Nüvə silahını müstəqil şəkildə istehsal edib və könüllü şəkildə onu məhv edən yeganə ölkə isə Cənubi Afrika Respublikasıdır. Hazırda İran İslam Respublikası atom silahına yiyələnmək cəhdində ittiham olunsa da, rəsmi Tehran nüvə tətqiqatlarının yalnız sülh xarakterli olduğunu bildirir.

Narahatlıqların səbəbi

1970-ci ildən sonra bir neçə ölkə nüvə texnologiyaları sahəsini inkişaf etdirməyə başladı. Məsələn, Hindistan 1974-cü ildə nüvə silahının sınaqlarına başlayıb. Uran və reaktorları xaricdən idxal etdiyinə görə onun nüvə proqramı dünya nüvə bazarından asılıdır. Baxmayaraq ki, Hindistan NSYM-i imzalamayıb, ABŞ Konqresi Dehliyə nüvə enerjisinin istehsalı üçün reaktorlar və uran satmağa icazə verib. Halbuki, NSYM prinsiplərinə riayət olunsa idi, Hindistanla bu cür əməkdaşlığa yol verilməməli idi. Rəsmi Vaşınqton öz mövqeyini əsaslandıraraq bildirmişdi ki, onsuz da Hindistan faktiki olaraq  nüvə texnologiyalarına malikdir. Əslində ABŞ bu addımı ilə texnologiyanın Hindistandan digər ölkələrə ötürülməsinin qarşısını alıb. Digər tərəfdən nüvə enerjisi üçün yanacağı Hindistana özü sataraq, ABŞ bu ölkənin nüvə texnologiyalarını müəyyən qədər öz nəzarəti altında saxlayır.

Bununla yanaşı, nədənsə İranın dəfələrlə sülhməramlı elan etdiyi nüvə tətqiqatları böyük ajiotaja səbəb olub. Bütün danışıqlara, təftişlərə və beynəlxalq müqavilələrə rəğmən İranın nüvə dosyesi üzrə müzakirələr sona yetmir. MAQATE, BMT Təhlükəsizlik Şurası və Avropa Birliyinin səyləri heç bir nəticə verməyib. Daha dəqiq desək, qeyd olunan təşkilatlar dəfələrlə rəsmi Tehranı sanksiyalarla hədələsə də, onların atdığı bütün addımlar simvolik xarakter daşıyıb. ABŞ-ın İrana hərbi təcavüzü barədə şayiələr isə artıq neçə ildir ki özünü doğrultmayıb. Belə təəssürat yaranır ki, Qərb İranın sülh məqsədilə nüvə texnologiyaları əldə etməsinə inanır, ancaq buna yol vermək istəmir. 2005-ci ilin ortalarında Nyu Yorkda NSYM-ə yenidən baxılması ilə əlaqədar yeddinci konfrans keçirilmişdi. ABŞ nüvə texnologiyalarına malik olmayan ölkələrə qarşı məhdudiyyətlərin güclənməsinə çalışırdı. Belə ki, nüvə yanacağını istehsal və emal edən bir neçə ölkənin bu sahədə inhisarçılığını qorumaq fikri irəli sürülürdü. Belə olan halda digər ölkələr AES tikmək istədiyi təqdirdə, nüvə yanacağını yalnız məhdud saylı ölkələrdən ala bilərdi. Yaxın on illərdə ənənəvi istilik energetikasının müasir atom energetikası ilə əvəz ediləcəyi perespektivini, sənaye və tibdə nüvə texnologiyalarının geniş istifadə olunduğunu nəzərə alsaq, belə bir inhisarçı “nüvə klubu”nun hansı iqtisadi və siyasi qüdrət sahibi olacağını təsəvvür etmək olar.  İran isə nüvə texnologiyalarına yiyələndiyi halda regionun digər ölkələri ilə (xüsusən Türkiyə və ərəb ölkələrilə) öz nailiyyətlərini bölüşməyə hazır olduğunu bildirib. Belə olduqda nüvə texnologiyaları inhisarlığına son qoyula bilər. Səudiyyə Ərəbistanının və digər region ölkələrinin İranı dəstəkləmələri barədə bəyanatları artıq ən iri neft ixracatçıları olan ərəb dövlətlərinin də bu məsələ üzərində ciddi düşündüklərini göstərir.

“Salam” Analitik Mərkəzi

Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az