Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ANALİTİKA | Azərbaycanda neobolşevizm təhlükəsi

Azərbaycanda neobolşevizm təhlükəsi

image

«Müstəqil Azərbaycan» şüarının saxta olmasını bir sıra sovet mənbəşünaslığının nümunələri sübut edir

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Qərbə inteqrasiya xətti tutmasına, vətəndaş cəmiyyəti quruculuğuna başlamasına baxmayaraq, bunların həyata keçirilməsinə ciddi maneələr vardır. Belə maneələrdən biri ictimai şüurun nisbi müstəqilliyi əsasında kommunist rejimindən qalma bolşevik dünyagörüşüdür. Bəlkə də Azərbaycanda yeni, demokratik sistemin yaranmasına mane olan ən başlıca maneənin şüurlarda ilişib qalan neobolşevizm olmasını desək, səhv etmərik. Ölkədə mövcud olan hazırkı siyasi, iqtisadi, sosial problemlər də bu təhlükəli ideologiyanın inkişafına münbit şərait yaradır.

Tarixə nəzər salsaq, 70 il sovet dövründə xalqlara saysız-hesabsız faciələr gətirmiş bolşevizmin əsasən aşağıdakı hallarda geniş  əl-qol açdığı məlum olur:

1. Ağıl və vicdan güzəştə gediləndə, vicdan hissi aradan qalxdıqda. Faşistlər kimi bolşeviklərin də fəaliyyəti  fərdin əsas  insani xüsusiyyətlərindən olan vicdan hissinin aradan qalxmasına, oğulu ataya, qardaşı qardaşa qarşı qoymağa istiqamətlənir;

2. Qoyulmuş məqsədə çatmaq üçün hər cür vasitələr məqbul sayıldıqda. Bolşeviklərin irəli sürdüyü «Nəyin bahasına olursa, olsun!» kimi təhlükəli şüarlar da buradan qaynaqlanır;

3. Fərdin hüququ, mənafeyi, azadlığı mücərrəd ideyaya, kommunizm cəmiyyəti quruculuğuna, şəxsiyyətə pərəstişə qurban verildikdə;

4. Siyasi-iqtisadi və sosial problemlərin həllinə çatmaq üçün təzyiq və  zorakılıq üsulları əsas tutulduqda;

5. Fərdin, sosial qrupun, xalqın öz taleyini müəyyən etmək hüququna düşməncəsinə yanaşıldıqda;

6. Ədalətsizliyə daha ədalətsizliklə, zora daha zorakılıqla, yalana daha çox yalanla cavab verildikdə.

7. Müəyyən partiya, sinif, milli və ya sosial qrupların mənafeyi naminə, ideya naminə ümumdemokratik və ümumbəşəri norma və prinsiplər kobudcasına tapdalandıqda;

8. Allahdan və qanunlardan qorxmayan məmurlar təbəqəsi mövcud olduqda;

9. Saxtakarlıq, rüşvətxorluq və korrupsiya geniş əl-qol açdıqda və s.

Bolşeviklər fərdin hüququndan deyil, mücərrəd kollektivin, «xalqın» hüququndan daim ağız dolusu danışmaqlarına baxmayaraq, konkret insanı daim yaddan çıxarır, onun əzilməsinə göz  yumurlar. Sovet hakimiyyəti illərində ümumxalq mülkiyyəti kimi elan olunmuş müəssisələrin konkret sahibi olmadığından, onları müvəqqəti idarə etmək səlahiyyəti olan şəxslər həmin mülkiyyəti özününkü hesab etmədiyinə görə  əmlakdan mümkün qədər özləri üçün daha çox qopartmağa çalışırdılar. Bu müəssisələrdə işləyən minlərlə insan isə daim ehtiyac içində yaşamağa məhkum edilirdi.

Bolşeviklər hakimiyyəti ələ almaq üçün başqa məsələlərlə yanaşı, “Millətlərin öz müqəddəratlarını təyin etmək” hüququndan da öz təbliğatlarında sui-istifadə edir, xalqları bu yolla şirnikləndirirdilər. Lakin hakimiyyətə gəldikdən sonra isə bu hüququ yalnız sözdə qəbul edərək, işdə millətlərin bu hüquqdan istifadəsinə imkan vermirdilər. Məsələn, N.Nərimanov ömrünün sonuna yaxın «Müstəqil Sovet Azərbaycanı» şüarının saxta olduğunu başa düşərək V.İ.Leninə məktubunda yazırdı: «Məgər «Müstəqil Azərbaycan» sizin dilinizdən çıxmamışdırmı? ... İndi vəziyyət belə bir şəkil alır: həmişə  Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır... Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir».

«Müstəqil Azərbaycan» şüarının saxta olmasını isə əvvəllər gizli saxlanan, yalnız son illər işıq üzü görmüş bir sıra sovet mənbəşünaslığının nümunələri də sübut edir. Məsələn, İ.Stalin Leninə 1922-ci ilin sentyabrında yazdığı məktubda  müstəqil respublika oyununa son qoymağın vaxtının çatdığını bildirmişdir. Sovet dövründə yaradılmış süni muxtar respublika, vilayət və mahallar isə bu gün regional münaqişələrin alovlanmasına, minlərlə dinc əhalinin faciələrə düçar olmasına gətirib çıxarmışdır.

Müasir dövrdə Azərbaycanda neobolşevizm təhlükəsi qalmaqdadır. Yuxarıda sadalanan  şərtlərin bir çoxunun hələ də ölkə daxilində mövcud olması bunu deməyə əsas verir. Azərbaycan Respublikasında mövcud olan sosial-iqtisadi problemlərdən istifadə edən neobolşeviklərin yenidən revanş götürərək, bir neçə sosial bazası olmayan təşkilat yaratması və hətta bu təşkilatlardan birinə ötən illərdə parlamentdə təmsil olunmaq üçün şəraitin yaradılması da bunu sübut edir. Rusiyada neobolşeviklərin təşkilati cəhətdən son illər güclənməsinin də bu təhlükənin qalmasında xüsusi rolu vardır.

 1998-ci il mayın 1-də sovet bayraqları ilə silahlanmış bolşeviklərin nümayişlər keçirərək tarixi prosesləri geriyə döndərmək istəyi, “Qırmızı körpü hərəkatı”nı bərpa edərək işğalçı XI  ordunu yenidən xilaskar kimi qələmə verməyə cəhd göstərmələri, 2001-ci ildə neobolşeviklərin Azərbaycan Respublikasının dövlət müstəqilliyinə qarşı çıxaraq onun Rusiyaya birləşməsi təklifini irəli sürməsi və s. tədbirlər bu cəhdlərin olduğunu sübut edir.

Fikrimizcə, Qərb ölkələrinin, xüsusilə ABŞ-ın öz dövlət maraqlarını önə çəkərək, Azərbaycanda demokratik islahatların keçirilməsinə dəstək verməməsi və demokratik prinsiplərə biganə münasibət bəsləməsi də neobolşevizm təhlükəsinin artmasına səbəb olmuşdur. Ölkənin zəngin sərvətlərindən Qərb şirkətləri bəhrələndiyi halda əhalinin əksəriyyətinin sosial-iqtisadi problemlərin məngənəsində sıxılması, minimum yaşayışını təmin edə bilməməsi onların demokratik dəyərlərdən  üz döndərərək keçmişin nostalji hissləri ilə bolşevizmə yuvarlanmasına gətirib çıxarır.

Azərbaycanda neobolşevizm təhlükəsinin artmasından Qərb ölkələri nəticə çıxarmalı, ölkədə demokratik islahatların həyata keçirilməsinə, sosial-iqtisadi problemlərin həllinə yaxından köməklik göstərməlidirlər. Sonra gec ola bilər.

Məhərrəm Zülfüqarlı

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri

 

Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az