Parçala və hökm sür
Ermənilər Azərbaycandakı digər milli azlıqları da separatçılığa təşfiq edirlər
Ölkəmizin nə qədər tolerant olduğunu söyləsək də, Azərbaycanda etnik azlıqlar mövzusuna bir qədər ehtiyatla yanaşılır. Demək olar ki, KİV-də müxtəlif etnik qrupların üzləşdiyi problemlərdən daha çox, onların mədəni irsinə həsr olunmuş məlumatlar verilir. Bunun da təbii səbəbləri var – ölkədəki sosial problemlər bütün etnik qruplar üçün eynidir. Təhsil, səhiyyə, sosial təminat və s. məsələlərdə etnik azlıqlarla titul xalq eyni durumdadırlar. Lakin, ermənilərin təbliğat maşını məsələni təhrif edərək elə təəssürat yaradır ki, güya ölkənin milli azlıqları sosial problemlərdən əziyyət çəkdiyi zaman azərbaycanlılar yağ-bal içində yaşayırlar. Bu da öz növbəsində Azərbaycanda etnik zəmində diskriminasiya barədə danışmağa zəminə yaradır. Ölkə xaricində fəaliyyət göstərən bir sıra separatçı qüvvələr də erməni təbliğatının təsirinə düşərək süni problemlər yaratmağa, bununla da öz xalqlarını separatçı savaşa qaldırmağa çalışırlar. Düzdü Azərbaycanda yaşayan bütün etnik qruplara etnik millətçilik yaddır, lakin necə deyərlər “mərdi qova-qova namərd edərlər”. O ki qaldı siyasi ritorikaya, bəzi siyasətçilərimiz etnik millətçilik (türkçülük) kontekstindən çıxış etsələr də, hələ ki, ölkənin siyasi fəzasında vətəndaş millətçiliyi (azərbaycançılıq) ideyaları hökm sürür. Çaşqınlıq yaranmasın deyə, aydınlıq gətirək ki, azərbaycançılıq çərçivəsində “azərbaycanlı” sözü etnik mənsubiyyəti deyil, milliyətindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşı mənasını verir.
“Ümumi düşmənimiz - Azərbaycan”
Rəsmi statiskaya əsasən, hazırda Azərbaycan Respublikasının əhalisinin 90 faizi azərbaycanlılar, yəni Azərbaycan türkləridir. Qalan 10 faiz əhalini isə milli azlıqlar – ləzgilər, talışlar, tatlar, ruslar, gürcülər, ermənilər, krızlar, udilər, saxurlar, dağ və aşkenazi yəhudiləri, kürdlər, tatarlar və s. təşkil edir. Milli azlıqlar arasında ən iri etnik qrup ləzgilər (əhalinin 2,2 faizi) olduğundan, təbii ki, düşmənin bütün təbliğatı bu etnik qrupu separatçılığa təşfiq etməyə yönəlib. Özlərini ləzgi millətçiləri adlandıranlar ermənilərlə əlaqəsini inkar etmirlər də. Əsasən Rusiyada təşkil olunan ləzgi və talış millətçilərinin yığıncaqlarında mütləq erməni icmasının nümayəndələri də iştirak edir, ümumi düşmən – Azərbaycanın milli azlıqlara qarşı ayrıseçkilik siyasətindən danışılır. Ayrıseçkilikdən danışılsaydı dərd yarı, amma onlar Azərbaycanı xırda etnik dövlətlərə parçalmağı özlərinin əsas missiyası elan edirlər. Rusiyada qeydiyyata alınan Ləzgi Mədəni Muxtariyyat Federsaiyası adlı bir təşkilatın sədri Arif Kərimov ötən iln noyabrında belə yığıncaqların birində bildirmişdi ki, Azərbaycanın milli azlıqları sıxışdırma siyasəti bu ölkəni daxildən parçalayacaq. Azərbaycan-Rusiya sərhədlərində yerləşən Xrax-uba və Uryan-uba kəndlərinin delimitasiya nəticəsində Azərbaycan ərazisi kimi təsdiqlənməsini mənfi hal kimi dəyərləndirən cənab Kərimov, hər iki kəndin əhalisinin üsyana çağırdı. Onunla bərabər çıxış edən Talış Diasporunun sədri İsmayıl Şabanov isə Azərbaycan hakimiyyətinə müraciət edərək dedi ki, talışların Ermənistanda konfrans keçirilməsi normal qəbul olunmalıdır. Lakin cənab Şabanov ərazisində bir nəfər də talışın yaşamadığı və uzun illər sürən etnik təmizləmə nəticəsində peyda olan monoetnik Ermənistanın məsələyə nə aidiyyatı olduğunu açıqlamır. Buna baxmayaraq, o, “Azərbaycanın yerli xalqlarının” gələcəkdə Avropada da anoloji konfrans təşkil edəcəklərini vəd edir. “Azərbaycanın yerli əhalisi” dedikdə kimlərin nəzərdə tutulduğunu anlamaq çətin deyil. Həmişə olduğu kimi, öz davranışına məntiqli əsas gətirə bilməyən etnik millətçilər tarixi mülahizələrə varır, min il öncə kimin hardan köçdüyünü, hansı şahın hansı əraziləri zəbt etdiyini yada salırlar. Burada da erməni məntiqi özünü göstərir. Dünyada nadir halda monoetnik dövlətə rast gəlmək olar. Dünya dövlətlərinin mütləq əksəriyyəti polietnikdir. Həmin ölkələrdə titul xalqlarla yanaşı milli azlıqlar da yaşayır. Bəzi ölkələrdə bir neçə titul xalq, yəni əsas etnik qruplar var. Lakin, bununla belə hər etnik azlıq hansısa sosial problemlə üzləşdikdə, yeddi min il əvvəl baş verən hadisələri yada salıb separatçılığa üz tutmur.
Bu gün bir çox ölkələrdə milli azlıqlara mərkəzi hakimiyyətdən müstəqillik təklif olunursa, təklif rədd edilir. Çünki, müstəqillik sadəcə olaraq parlament seçkisi keçirib yeni hökumət qurmaq deyil, bu hər şeyi sıfırdan başlamaq deməkdir. Əgər dövlətdə milli azlıqlara qarşı ayrıseçkilik siyasəti aparılmırsa, hər xalqın mədəniyyəti qorunursa, etnik qruplar arasında normal münasibətlər mövcuddursa, yeni idarəçilik mexanizmi qurmaq nəyə lazımdır? Hətta XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində yaşayan müsəlman siyasətçiləri (onların içində M. Rəsulzadə və Ə. Topçubaşov da olub) mədəni muxtariyyət tələb edirdilər, istiqlaliyyət yox. Çünki, bir xalq üçün mühüm olan şərəfini, ləyaqətini, tarixini, mədəniyyətini, dinini və dilini, bir sözlə kimliyini qorumaqdır. Bunu müstəqil dövlətsiz də eləmək mümkündür, əks təqdirdə dünyada etnik qrupların sayına görə dörd mindən artıq dövlət olardı. Onu da nəzərə alsaq ki, tarixən yanaşı yaşayan xalqlar arasında ara-sıra qarşıdurmalar olub, etnik millətçiliyin nə ilə nəticələnəcəyini təsəvvür etmək olar. Sülh içində necə yaşamağı düşünməkdənsə, dolmanın hansı millətə məxsus olduğunu tapmaq istəyən millətçilər neçə-neçə günahsız insanın qanını tökəcək. Millətlər birgə yaşamağı bacarmalıdırlar, ələxüsus qloballaşma əsrində. Kommunikasiya vasitələrinin inkişafı, siyasətin, iqtisadiyyatın, mədəniyyətin qlobal xarakter alması mövcud dövlətlərin müstəqilliyini nisbiləşdirir, bütün millətlər isə öz milli kimliyini itirmək təhlükəsi ilə üzləşir. Bəşəri təkamülünün təbii sonluğu olan qlobal vəhdət, insanları nəinki milli, hətta dini fərqlərə varmayıb problemləri birgə çözməyə vadar edir. İnsanlar heç vaxt olmadığı kimi bir birindən asılıdır.
“Azərbaycan fars və türk imperializminin varisidir”
Azərbaycandakı separatçı qüvvələrin tez-tez gileyləndiyi məsələlərdən biri yerlipərəstlikdir. Lakin unutmayaq ki, bu gün Azərbaycanda yerlipərəstlik varsa, bundan milli azlıqlar qədər azərbaycanlılar da əziyyət çəkirlər. Tənqid olunan digər məsələ milli azlıqların öz dillərini bilməməsi və ya pis bilməsidir. Bu da etnik azlıqlarla yanaşı titul xalqın da problemidir. Neçə azərbaycanlı var ki, türk və rus dillərini öz dillərindən yaxşı bilir. Əgər Azərbaycan dövləti milli azlıqların öz doğma dillərində təhsilinə mane olsaydı, başqa məsələ. Bu zaman etnik diskriminasiyadan danışmaq olardı. Lakin, bu gün Azərbaycanda milli azlıqlar kompakt yaşadıqları ərazilərdə öz dillərində təhsil alır, hətta ali təhsil ocaqlarında Qafqaz xalqlarının dili və ədəbiyyatı üzrə peşəkar kadrlar hazırlanır. Bu sahədə ən irəli gedənlər isə ləzgilərdir. Qusar rayonundakı 30-dan çox məktəbdə ləzgi dili tədris olunmaqla yanaşı, Dağıstan Dövlət Universitetinin Bakı filialı ləzgi dili və ədəbiyyatı müəllimləri hazırlaşdırır.
Deyilənlərə rəğmən, emənilər öz işlərində israrlıdırlar. Azərbaycanda etnik zəmində yeni qarşıdurmalara zəmin yaratmaq üçün emənilər tarixi saxtalaşdırmağa çalışırlar. Separatçılara məxsus saytlarda da tarixi məqalələrə üstünlük verilməsinin əsas səbəbi də budur. Millətinin Azərbaycan müstəmləkəçiliyindən əziyyət çəkdiyini görən, dərddən qəhərlənib boğulan “milli təəssübkeşlər” hesab edirlər ki, onlar tarixən fars və türk imperializmindən (ruslar barədə nədənsə danışılmır?!) əziyyət çəkiblər, indi isə fars və türklərin varisi olan azərbaycanlılar onlara qənim kəsiliblər. Müxtəlif xalq qəhrəmanları yada salınır, onların yolunun davam etdirilməsinin zəruriliyi vurğulanır. Məsələn, ləzgi separatçılarına məxsus saytların birində deyilir ki, zəmanəsinin görkəmli din xadimi Hacı Davud Nadir şaha qarşı üsyan edərək, gələcəkdə Fəthəli-xan Qubalının “Ləzgistanı” (separatçıların iddia etdiyi ərazilərin ümumi adı) birləşdirməsinə mənəvi zəmin yaratmışdı. Himayədarları kimi, separatçılar da tarixi təhrif etməyi ustalıqla bacarıblar. Onu nəzərə alsaq ki, azərbaycanlı millətçilər (türkçülər) də tarixi saxtakarlığa əl atmağı xoşlayırlar, bütün millətçilərin uydurduğu tarixlər unisonda səslənirlər. Birincisi, feodal quruluşda millətçilikdən danışmaq yanlışdır. Hələ orta məktəb dərsliklərindən bilirik ki, etnik qrup yalnız kapitalizm dönəminə qədəm qoyduqda millət sayılır. Ona görə də, feodal quruluşda hansısa milli dövlətdən danışmaq gülüncdür. O zamanlar yeganə qanun bu idi: dövlət şahdır, şah da dövlət. İmperiya quruculuğu etnik qrupların deyil, hansısa sülalənin ambisiyalarına bağlı idi və həmin sülalə mənsub olduğu etnik qrupu digərilərində fərqləndirmirdi, yəni eyni cür istila edirdi. Nadir şah Əfşar türk olduğu halda, onun siyasətindən farslar, ləzgilər, kürdlər kimi, türklər də əziyyət çəkirdi. Əksinə, adil hökmdarın ədalətindən də bütün xalqlar faydalanırdı. Fəthəli xan Qubalı siyasi dərəbəyliyə son qoyub işğalçılara qarşı əhalini səfərbər edirdisə, etnik mənsubiyyətindən və məzhəbindən asılı olmayaraq hamı xana dəstək verirdi. İstibdab və ədalət qarşısında hamı bərabər idi. Ona görə, XIX əsrə kimi müsəlman dünyasında istibdada qarşı üsyanlara etnik millətçilik donu geyindirmək səhvdir.
“Ermənilər İslam düşməni deyil, azerlər isə kafirdir”
Diqqətə layiq digər məsələ də, separatçılara məxsus internet resurslarda “ermənilər İslam düşmənləri deyil”, “ermənilər Qarabağda savaşan ləzgiləri və talışları xilıas edirdilər” fikirlərə tez-tez rast gəlmək olar. Ölkədə yaşanan məktəblərdə hicab, xaricdə dini təhsil, dini ədəbiyyatın nəşri və satışı, dindarların incidilməsi ermənilər tərəfindən məharətlə istifadə olundu. Separatçı qüvvələr “kafir azerlərin” (azərbaycanlıların) İslama düşmən kəsilməsini bütün gücü ilə təbliğ edirlər. Lakin Azərbaycanda dinlə bağlı siyasətdə problemlər yaşanırsa, bundan əziyyət çəkən məzhəbindən və millətindən asılı olmayaraq bütün müsəlmanlardır.
Bu ağlasığmaz iddialarında təbii əsası var. Məlumdur ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandır və burada yaşayan xalqalrın milli şüurunda etnik deyil, dini kimlik üstünlük təşkil edir. Yəni ilk olaraq əksəriyyət özünü müsəlman, sonra isə türk, ləzgi, talış, kürd və s. sayır. Ölkəmizin də milli birliyinin özəyi həmişə İslam olub. Bu yalnız Azərbaycana deyil, bütün müsəlman ölkələrinə aiddir. Ona görə də, dünyada dini əsasda yaradılan yeganə beynəlxalq qurum İslam Əməkdaşlığı Təşkilatıdır. Müsəlman ölkələri, hansı hərbi-siyası bloka, etnik qrupa, məzhəbə, irqə mənsub olduqlarından asılı olmayaraq, bir biri ilə əməkdaşlıq etməyi özünə borc bilir. Dünyada elə bir təşkilat yoxdur ki, Səudiyyə Ərəbistanı və İran kimi əks siyasi mövqedə duran ölkələri bir birinə yaxınlaşdıra bilsin. Buna yalnız İslam qadirdir. Ona görə də, müsəlman ölkələrindəki separatçılar adətən marksizm və ateizm ideyalarına üz tuturdular ki, öz xalqlarını müsəlmançılıqdan uzaqlaşdırsınlar. Ən bariz nümunə Türkiyədəki PKK və onun İrandakı qolu PEJAK təşkilatıdır. Separatçıların bütün səylərinə rəğmən, kürdlər kütləvi şəkildə İslamdan dönüb ateist olmadılar. Sovet imperiyası totlaitar dövlət mexanizmini işə salıb buna nail olmadısa, bir güruh terrorçudan danışmağa belə dəyməz. Dini dinsizliklə əvəz edilməsinin mümkünsüzlüyünü anlayanlar milli köklərə qayıdış ideyaları altında kürdlərə qədim dinlərinə - zərdüştlüyə qayıtmaq təkilf etdilər. Lakin bu planda baş tutmadı – bir dəstə insandan başqa heç kəs dinini dəyişmədi. Bütün bunları gözünün önünə qoyan erməni “strateqləri” Azərbaycanda yaşayan müsəlman etnik azlıqları müsəlman titul xalqına qarşı qoymaq, bununla da onların timsalında özlərinə müttəfiq qazanmaq üçün “ermnilər İslam düşməni deyil, türklərin düşmənidir” tezisini ortaya atdılar. Sanki Ermənistanda sonra isə Qarabağda dağıdılan məscidlər ləzgilərin və talışların pərəstiş etdiyi vahid Allahın evləri deyildi.
Samir Pənahov
Salaminfo.az
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi






