Salaminfo.AZ: Ermənistan MN-i BQXK-nın sorğusuna cavab verib Ermənistan MN-i BQXK-nın sorğusuna cavab verib ================================================================================ salaminfo.az on 02/09/2010/ 13:04 Ermənistan Müdafiə Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Ordusunun hərbçisi Hüseynov Roman Novruz oğlu ilə bağlı sorğusuna cavab verib. Bu barədə BQXK-nin Azərbaycan ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun çavuşu, 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun əsir götürülməsi faktını təsdiqləyib. İ. Hüseynova, həmçinin BQXK-nin Ermənistan nümayəndəliyinin yaxın vaxtlarda əsirlə görüşmək üçün səy göstərdiyini də əlavə edib. Qeyd edək ki, erməni mətbuatı Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynovun avqustun 27-də saat 21.00 radələrində cəbhənin şimal istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfə keçdiyini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə mətbuata açıqlamasında böyük ehtimalla R. Hüseynovun yolu azması nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Nazirlik R. Hüseynovun hansı vəziyyətdə əsir götürülməsini araşdırır. APA