Salaminfo.AZ: “İşğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan bölgədə sülh mümkün deyil” “İşğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan bölgədə sülh mümkün deyil” ================================================================================ salaminfo.az on 02/09/2010/ 10:58 Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sentyabrın 1-də ölkəsinin şərq vilayətlərinə səfər edib və Azərbaycan sərhədini keçərək qısa müddət Naxçıvan Muxtar Respublikasında olub. Ə. Davudoğlu Türkiyə-Ermənistan sərhədindəki Arpaçayda əllərini yuyub. Nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan ixtilafının həlli ilə Qafqazda sülh və sabitlik yaranacaq. O, bununla bağlı məsuliyyətin daha çox Ermənistanın üzərinə düşdüyünü söyləyib: “Azərbaycanın işğal altındakı torpaqları işğaldan qurtulduqdan sonra qarşılıqlı olaraq Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədlərinin açılması ilə bölgəyə rifah gələcək. İnşallah Arpaçay sülhün simvoluna çevrilər”. Ə. Davudoğlu Dilucu sərhəd-buraxılış məntəqəsindən Naxçıvana keçib və muxtar respublikanın rəsmi şəxsləri ilə görüşüb. Ə. Davudoğlu burada verdiyi bəyanatlarda Ermənistanla sərhədlərin yalnız erməni işğalına son qoyulmasından sonra açılacağını vurğulayıb. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova telefon edərək Ermənistan və Azərbaycan ordularının təmas xəttində itkilərə səbəb olmuş insidentlə maraqlanıb. Dilucu sərhəd məntəqəsinin önəminə diqqət çəkən nazir bu nöqtənin eyni anda Türkiyə, İran və Azərbaycan arasında keçid qapısı olacağını bildirib. O, üç ölkə xarici işlər nazirlərinin bir neçə ay ərzində bu bölgədə görüşəcəklərini deyib: “Daimi sülh əldə edilərsə, bu torpaqlardan bərəkət fışqıracaq. Bu potensialdan Ermənistan da yararlanacaq. Ancaq işğal edilən torpaqlar Azərbaycana qaytarılmadan sülh mümkün deyil”. APA