Salaminfo.AZ: Supersimmetriya müşahidə olunacaqmı? Supersimmetriya müşahidə olunacaqmı? ================================================================================ salaminfo.az on 06/05/2011/ 13:38 Supersimmetriya keçən əsrin 60-70-ci illərində nəzəri olaraq daxil edilmiş simmetriyadır ki, bu nəzəriyyəyə görə hər bir elementar zərrəciyin superpartnyoru olmalıdır və nəzəriyyə doğrudursa, bu superpartnyorları 1 TeV enerjilərdə müşahidə etmək olar. Elementar zərrəciklər Standart Model adlanan nəzəriyyə ilə izah olunur. Supersimmetriya bu nəzəriyyəyə daxil olmsa da, Standart Modeli supersimmetriyanı nəzərə alacaq qədər genişləndirmək olar. Qeyd edək ki, Böyük Adron Kollayderi keçən il 7 TeV enerjiyə qədər zərrəcikləri sürətləndirib. Böyük Adron Kolayderində ən böyük detektor olan ATLAS vasitəsilə supersimmetriyanın axtarışları davam edir. Keçən ay ATLAS kollaborasiyası 7 TeV (kütlə mərkəzi sistemində) enerjilə protonların toqquşdurulmasının nəticəsində supersimmetriya axtarışları ilə bağlı hesabatını Physical Review Letters dərgisində dərc edib. Hesabata görə təcrübədə Standart Modeldən kənara çıxma müşahidə olunmayıb. Bu isə supersimmetrik modellərə yeni məhdudiyyətlər qoyur. Hər halda ümid var ki, kvarkların supersimmetrik partnyorlarının kütləsi bir neçə TeV enerjidən kiçikdir. Bu halda onları Böyük Adron Kollayderində müşahidə etmək olacaq. İlmar Qəhrəmanov Salaminfo.az