Salaminfo.AZ: Məşhur riyaziyyatçı Daniel Kvillin vəfat etdi Məşhur riyaziyyatçı Daniel Kvillin vəfat etdi ================================================================================ salaminfo.az on 06/05/2011/ 13:29 Aprelin 30-da məşhur amerikalı riyaziyyatçı Daniel Qrey Kvillin vəfat etdi. 70 yaşlı alim son illər Alçqeymer xəstəliyindən əziyyət çəkirdi. Harvard Universitetinin məzunu Den Kvillin 1964-ci ildə xüsusi törəməli diferensial tənliklər sahəsində gördüyü işinə görə fəlsəfə elmləri doktoru dərəcəsini alır. Sonralar bir sıra universitetlərdə çalışan Kvillin 1968-1969-ci illərdə Parisdə Qrotendiklə, 1969-70-ci illərdə Prinston İrəli Araşdırmalar İnstitutunda Maykl Atiyahla fəaliyyət göstərir. Elə bu illər ərzində homologiyalar nəzəriyyəsinə böyük töhvələr verir. Frank Adamsın bu sahədəki hipotezinə həm cəbirsəl həndəsə vasitəsilə, həm də qrupların təsviri nəzəriyyəsindən istifadə edərək iki yanaşma tapır. Daha sonra bu yanaşmalardan birini özü, digərini isə tələbəsi isbat edir. Kvillinin qrupların kohomologiyası və cəbirsəl K-nəzəriyyəsi sahəsində gördüyü işlər bir sıra açıq qalmış məsələlərin həllinə kömək edir. Sonuncuya görə Kvillin 1978-ci ildə riyaziyyat aləminin ən mötəbər mükafatlarından olan Filds medalına layiq görülür. İlmar Qəhrəmanov Salaminfo.az