Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | CƏMİYYƏT | Ailələr dağılır. Günahkar kimdir?

Ailələr dağılır. Günahkar kimdir?

image

Azərbaycanda son bir ildə boşanmaların sayı 19% artıb

2011-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə nikahların sayı 12,7%, boşanmaların sayı isə 19,1% artıb. Əlbəttə, boşanma qərarı hər ailənin şəxsi məsləsidir, lakin son 20 ildə ölkəmizdə dağılan ailələrin sürətlə çoxalması, cəmiyyətin sağlamlığı barədə əndişələrə yol açır. Ailə - cəmiyyətin özəyidir, özək dağılırsa bütün cəmiyyət təhlükədədir. 

Məlum problemin son 20 il ərzində, yəni müstəqillik dönəmində geniş vüsət tapması təsadüfi deyil. İstiqlaliyyət əldə olunduqdan sonra qapılarımız dünyaya açıldı, lakin bu qapılardan girib-çıxanlara nəzarət olunmadı. Atalar demişkən, məscidin qapısı açıqdırsa, itin həyasına nə gəlib? Problemin kökündə maddi çətinliklərdən daha çox ailə məfhumuna yanaşma durur, bu da mədəniyyət sferasına aid olan bir məsələdir. Mədəniyyətin də vəziyyəti göz qabağında. 

Ailə - dövlətdir 

Ailə bir toxumdur ki, ondan cəmiyyət və dövlət bitir. Ailə həm də bir prosesdir, mənən bir-birinə bağlı insanların bir-birinə dəstək verərək yeni nəsil yetişdirməsidir. Hərçənd Azərbaycan dilində “ailə” dedikdə məhz bunlar nəzərdə tutulur, cəmiyyət artıq ailənin mahiyyəti və funksiyasının nədən ibarət olduğunu unudur.. Əgər ailəni yalnız qohumluq əlaqəsi olan, bir-birinin qarşısında məsuliyyət daşıyan və ümumi büdcəyə malik bir qrup kimi təsvir etsək, onda mafiya da ailə sayılmalıdır. Əgər birgə cinsi həyat sürən iki insanı da ailə kimi tərif etsək, gərəkdir ki, ailəni sırf ehtirası təmin edən, ehtirasın zəifləməsi ilə dağılmalı olan bir institut kimi qələmə verək. “Ailə bir dövlətdir, dövlət də - ailə” söyləmi bu iki məfhumun bir-birindən asılı və bir-birinə oxşar olduğunu gözəl tərzdə ifadə edir. Dövlət nizamsız mövcud ola bilmədiyi kimi, ailə də nizamsız ola bilməz. Dövlət daxili və xarici siyasət aparmaq üçün legitimliyə möhtac olduğu kimi, ailə də sağlam olması üçün legitimliyə möhtacdır. Ailəni də ailə edən ilk növbədə nikahdır. Yəni, cəmiyyət iki gəncin birgə həyat sürəcəyinə, bir-birinin qarşısında məsuliyyət daşıyacağına, onların münasibətlərinin müqəddəs olacağına nikah vasitəsilə legitimlik verir. Ailə üzvünün hər biri digərinin güzgüsüdür, hər bir ailə üzvü digərində özünü görür. Ailə sadəcə olaraq müstəqil insanların ittifaqı deyil, ailə onun üzvlərinin ümumi xüsusiyyətidir. İki gəncin yaratdığı ailənin xüsusiyyəti onların yetişdirdiyi uşaqların xüsusiyyətidir. Deməli, gələcəyin xüsusiyyəti indiki ailələrin xüsusiyyətindən asılıdır. Bu həm bioloji, həm də mənəvi baxımdan belədir. Valideyinlər övladlarına genlərlə yanaşı tərbiyə də verirlər. İnsan dünyaya müəyyən gen kombinasiyası ilə gəlsə də, mənəvi baxımdan ağ kağıza bənzəyir. Ona görə də, uşağı şəxsiyyət kimi formalaşdıran valideyinlərin irsi xüsusiyyətlərindən daha çox tərbiyədir. Bioloji cəhətdən uşağın dünyaya gəlməsi üçün kişi və qadın xromosomlarına ehtiyac olduğu kimi, onun şəxsiyyət kimi formalaşmasında ata və ana tərbiyəsinə ehtiyac var. Bir sözlə ailə cəmiyyətin keçmiş və gələcəklə əlaqəsini yaradan bir naqildir. Nikahın pozulması, yəni boşanma insanların şüurunda bu əlaqəni pozur. Deməli, ailələr dağılan bir cəmiyyətdə sağlam gələcəkdən danışmağa belə dəyməz. Bununla belə, cəmiyyətimizdə və dövlətimizdə ən az diqqət yetirilən məslələrdən biri boşanma hallarıdır. 


Gender bərabərliyi ya cinslərin eyniliyi?

Boşanmanın bir neçə səbəbi ola bilər. Onlardan başlıcası, yuxarıda qeyd olunduğu kimi, ailə məfhumuna yanaşma ilə bağlıdır. Gender bərabərliyi adı altında qadın və kişinin eyniliyini aşılayan ideyalar, ailənin sırf məhəbbət (oxu - cinsi ehtiras) üzərində qurulduğunu təbliğ edən serial, film və kitablar öz işini gördü. Bir halda ki, təbiət qadınla kişini fərqləndirib, onları eyniləşdirmək təbiətin və təbiiliyin, yəni normanın əksinə getmək deməkdir. Kişi kişidir, qadın isə qadın. Ailə ƏKS cinslərin ittifaqıdırsa, onun təməlində EYNİLİK dura bilməz. Necə deyərlər, iki qoçun başı bir qazanda qaynamaz. Kişi və qadının fizioloji fərqləri onların ailədəki funksiyalarının və davranışının fərqliliyinə dəlalət edir. Tülkü və leylək nağılını bəlkə eşitmisiz. Bir gün leylək tülküyə rast gəlir, sevincəyə düşüb onu evinə dəvət edir. Tülkü də leyləyin nəzakətinə vurulub dəvəti qəbul edir. Leylək qonağı üçün ən gözəl təam hazırlayıb ən gözəl qabına – kuzəyə qoyur. Leylək tülkünün tam başqa canlı olduğunu ağlına belə gətirmədən, ona dimdik üçün nəzərdə tutulan kuzədə yemək verdi. Tülkü ha çalışır ki, ağzını kuzəyə soxsun bacara bilmədi, nəticədə az qaldı. Tülkü qəzəbindən partlasa da, üz vermədi. Bir az gözlədi və leyləyi öz evinə dəvət etdi. Tülkünün planından bixəbər leylək, gəldi gördü ki, qarşısında dayaz boşqab durub. Leylək ha çalışdı ki, boşqabdan bir çey yesin, alınmadı. Sonda, leylək hirsindən dimdiyi ilə tülkünün alnından vurub getdi. Müasir cəmiyyətdə qadın-kişi münasibətləri də buna bənzəyir – biz birbirimizin fərqini anlamırıq deyə, tülkü ilə leylək kimi axırda əliboş qalıb dalaşırıq. 

Kişi ilə qadın arasında fərqləri görməyəndə, məhəbbət və öhdəliyin tərifi də təhrif olunur. Kişi qadının kişi kimi düşündüyünü düşünərək, təbii ki, ondan müvafiq davranış tələb edir. Qadın da kişi barədə eyni yanlışlığa yol verir. Ər və arvad müasir mədəniyyətin təsiri altında eyni funksiya daşıdıqlarını düşünsələr də, təbiət öz bildiyini eliyir. Kişi təbiət etibarı ilə aitfədən uzaq, quru məntiqlə idarə olunan insandırsa, qadın əksinə - atifəli, həssas, emosional insandır. Kişi psixoloji özəlliklərinə görə strateqdirsə, qadın – taktik. Kişi abstraksiyaya meyillidirsə, qadın konkretləşməyə. Mübət və mənfi yüklər bir birini cəzb etdiyi kimi, bu fərqlərin birləşməsindən ailə yaranır. Bu fərqlərdən də kişi ilə qadının ailədəki funksiyası doğur: kişi təbiət etibarı ilə ovçudur, qadın isə ocağı qoruyan. Kişi ailənin qanunvericisidir qadın isə həmin qanunların icraçısı. Kişi ailəni kənar təhlükədən qoruyursa, qadın daxili problemlərin həllinə cavabdehdir. Təbiətə əsaslanan bu ailə düzəni pozulduqda, ailənin varlığı daha mümkünsüz olur. 

İstehlakçı məhəbbəti

Lakin, ailə düzəni dedikdə, hansısa normativ hüquq aktları ilə tənzimlənən sistem nəzərdə tutulmur. Umumiyyətlə, qanunun insanlararası münasibətlərin xırdalığına kimi nəzarətdə saxlaması cəmiyyətin cansız mexanizminə çevirilməsi ilə nəticələnməlidir. İnsanlararası münasibətləri, ələxüsus ailə daxilində, canlandıran məhəbbətdir. Məhəbbət və ehtiras bir birindən fərqli anlayışlardır. Ehtiras bioloji bir prosesdirsə, məhəbbət – mənəvi. Ehtiras keçicidirsə, məhəbbət – daimi. Ehtiras nəfsdən doğursa, məhəbbət – mənəviyyatdan. Ehtiras öz istəyini təmin etməkdirsə, məhəbbət – başqasının.  Ona görə, insanın mənəvi durumu ilə onun quracağı ailənin möhkəmliyi əlaqəlidir. Əfsuslar olsun ki, müasir gənclər ehtirası məhəbbət sanıb onun üzərində ailə qururlar. Qarşı tərəfə nəyisə verməyi deyil, ondan nəyisə almağı düşünürlər. Özünə gələcək həyat yoldaşı seçənlər, sanki dükanda mal seçirlər. Özləri də gələcək həyat yoldaşlarına özlərini bir mal kimi təqdim edirlər. Yaraşığına, boyuna-buxununa, puluna, diplomuna, evinə, maşınına, cehizinə o qədər başları qarışır ki, insan olduqlarını unudurlar.  Alqı-satqı əməliyyatı nəticəsində qurulan ailədə mənəvi tələbatını ödəməyən, yəni məhəbbət görməyəndə bir birini ittiham edib ayırılırlar. Məhəbbət olmayan bir yerdə, ər və arvad bir birinə təmannalı münasibət bəsləyirlər, “nə verim?” yox, “verəcəyimin müqabilində nə alacam?” düşünürlər. Bu da istehlakçı iqtisadiyyatdan doğan istehlakçı mədəniyyət.

 

Anar

Salaminfo.az

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az